Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

10 May 18:02Manşet / Gündəm / Siyasət

Heydər Əliyev və İslam dini

 

Azərbaycanın son onilliklər ərzində bir çox sahələrdə qazandığı uğurlar heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda hər bir sahədə olduğu kimi, dini sahədə də problemlər aradan qaldırıldı, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoydu.Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində Azərbaycanda din sahəsində də müəyyən pərakəndəlik yaşanırdı. 70 il ərzində öz dinindən, adət-ənənələrindən ayrı düşmüş Azərbaycan xalqında, cəmiyyətində, belə demək mümkünsə, bir boşluq yaranmışdı. Ölkənin çətin illərində, Ermənistan-Azərbaycan arasında münaqişələrin davam etdiyi, iqtisadiyyatın tənəzzülə uğradığı bir dövrdə bu vəziyyətdən sui-istifadə etmək istəyən qüvvələr ölkədə qeyri-ənənəvi dinləri yaymağa çalışdılar. Müxtəlif xarici missioner təşkilatlarının üzvləri əsas azadlıqlar və insan haqları adı altında milli təhlükəsizliyimizə təhdid olan dini sektaları təbliğ etməyə başladılar.
Belə mürəkkəb və ziddiyyətli şəraitdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin yüksək dövlətçilik təcrübəsi nəticəsində bu sahədə dönüş yarandı. Həmin dövrdə Prezident məscidlərə gedir, müəyyən dini mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin bu sahədə strateji xəttini izah edirdi.Görkəmli dövlət xadimi göstərdi ki, İslam həqiqətən də sülh dini, mehribanlıq dinidir.
Sovet dövründə ölkədə məscid statuslu tikililərin sayı cəmi 17 idisə, təsadüfi deyil ki, Azərbaycanın müstəqillik qazanmasından, xüsusilə, Ulu Öndərin respublikaya rəhbərlik etməsindən sonra vicdan azadlığı tam bərqərar olundu, əhalinin dindar təbəqəsinin rahat şəkildə ibadət etməsinə şərait yaradıldı. Qeyd edək ki, bu gün ölkədə məscidlərin sayı artıq 2166-dan çoxdur.
Heydər Əliyev 1993-cü ilin sentyabrında Təzəpir məscidində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə çıxışında bildirmişdi: “Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq”. Təbii ki, Ulu Öndər bu vədinə tam əməl etdi. Bundan başqa, Ümummilli Lider Azərbaycanda bir sıra məscidlərin, tarixi mədəniyyət abidələrinin bərpasında yaxından iştirak etdi. Bakının ən böyük məscidi olan Təzəpir məscidinin, qədim tarixi olan Bibi Heybət məscidinin, Mir Möhsün ağanın ziyarətgahının bərpası bilavasitə onun himayəsi altında həyata keçirildi.Eyni zamanda 20 iyun 1994-cü il Ulu Öndər Heydər Əliyevin Təzəpir məscidində Aşura mərasimində çıxışı zamanı bu qiymətli kəlamları yaddan çıxarmaq olmaz. Çünki, bu kəlamlar Azərbaycan xalqının milli və mənəvi kimliyinin nə qədər dərin və nə qədər qədim olduğunun sübutudur. Ulu Öndər Aşura günü bunları söyləmişdir: “Əziz bacılar və qardaşlar, əziz müsəlmanlar!
Müsəlman aləmində faciəli, müqəddəs bir günün əziz xatirəsi qeyd olunur. Bu gün həzrəti Məhəmməd peyğəmbərin nəvəsi həzrəti imam Hüseynin qətlə yetirildiyi gündür. Biz ulu babalarımızın Vətən, torpaq, haqq, ədalət yolunda şəhid olduğu günü yad edirik. Bu münasibətlə mən bütün Azərbaycan müsəlmanlarına dərin hüznlə başsağlığı verirəm”.
Bu kəlamlara diqqət yetirsək görərik ki, həqiqətəndə Ulu Öndərin gözündə Azərbaycan xalqı xüsusi ilə dindar kəsim öz tarixi ən ənələrinə nə qədər sadiq və nə qədər bağlıdır.
Ümumiyyətlə, Ulu Öndər İslam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab edirdi, hər zaman İslam dininin mütərəqqi din olduğunu, insanların mənəvi dünyasının paklanmasında rolunu xüsusi vurğulayırdı: “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu, eyni zamanda, İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır”.
Bakının ən böyük məscidi olan Təzəpir məscidinin, qədim tarixə malik Bibi Heybət məscidinin, Mir Möhsün ağa ziyarətgahının bərpası bilavasitə onun himayəsi altında həyata keçirilmişdir.
Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, bugünkü mənada beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Çıxışlarının birində Ümummilli lider bildirmişdir: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Ölkəmizdəki bu tolerantlıq bir çox beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur. Mən istər ABŞ Dövlət Deparlamentinin dəvəti ilə “Xarici qonaqlar proqramı” çərçivəsində Vaşinqton və Nyu-Yorkda olarkən, istərsə də Böyük Britaniya Lordlar Palatasınm dəvəti ilə İngiltərədə olarkən müsahiblərim Azərbaycanda tolerantlığın səviyyəsindən məmnunluqlarını bildirmişdilər. Böyük Britaniyanın Lordlar palatasında keçirilən seminarın mövzusu (Dünyəvi dövlətdə dinlərin birgə yaşayışı: Azərbaycanın pozitiv təcrübəsi) bir daha sübut edir ki, ölkəmiz müstəqil inkişaf dövründə dini tolerantlıq və dözümlülük nümunəsi imicini qazanmışdır. Ümumi stabilliyin bir hissəsi olan dini sahədəki stabillik ölkə rəhbərinin dini durumla bağlı siyasətinin əməli nəticəsidir. Bunu ölkəmizə səfər edən rəsmi nümayəndələr də qeyd edirlər. Belə ki, Azərbaycanda qonaq olan Rum patriarxı I Varfolomey də ölkəmizdə tolerantlığın canlı şahidi olduğunu demişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, son vaxtlarda Bakıda iki yəhudi sinaqoqu və Jen Mironosets Kafedral kilsəsi bərpa edilərək dindarların istifadəsinə verilmişdir. Avropanın göbəyində yerləşən bəzi ölkələr dini dözümsüzlükdən əziyyət çəkdikləri halda biz Azərbaycanda yəhudilər, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və sıx əməkdaşlığın daha da möhkəmləndiyini görürük. Bu tolerantlıq, dinlərarası dialoq və əməkdaşlıq Heydər Əliyevin düzgün və ədalətli siyasəti sayəsində bərqərar olmuşdur.
Müxtəlif etnoslar, konfessiyalar və mədəniyyətlərin təmsil olunduğu Azərbaycanda tolerantığın möhkəmləndirilməsində milli həmrəylik naminə, ənənəvi və qeyri-ənənəvi dinlər arasında münasibətlərin qanun çərçivəsində sivil yolla tənzimlənməsi dini ekstremizmə qarşı mübarizədə bütövlükdə təhsilin, o cümlədən, dini maariflənmənin rolunu nəzərə alan Heydər Əliyev 1996-cı il fevral ayının 2-də keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin I forumundakı çıxışında demişdir: “Ayrı-ayrı qruplar gənclərə fanatizm əhval-ruhiyyəsi aşılamaq istəyirlər və bunlar da bizim gənclərin tərbiyəsinə zərər vurur...”.
ATƏT-in 2002-ci ildə Bakıda keçirilən konfransında isə qeyd etmişdir ki, “yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaq lazımdır...”
“İndiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir” – deyən ümummilli lider bildirirdi ki, “dinlərdən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək hallarının qarşısını almaq üçün “cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir”. Bu strateji istiqamət bu gün Azərbaycanda həyata keçirilir və həssas barometrə daimi nəzarəti və daimi qayğını bütün din adamları hiss edir.
Bu mühüm sahədə görülən bütün işlər qanunvericilik aktlarına əsaslanır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə yaradılmışdır.
Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün davam etdirilməsinin nəticəsidir.
Roma papası İoann II Pavel 2003-cü ilin mayında Bakıda olarkən demişdi: “Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”. Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür.
Ümummilli Liderin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev də dini sahəyə, dindarlara daim diqqət və qayğı göstərir, həmçinin İslam dövlətləri ilə yaxın dost münasibətləri qurub.
Bu gün Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulur, bərpa olunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, xanım Fatimeyi Zəhra məscidi, Nərimanov rayonu Cümə məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Dövlət başçısı müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir. Özü və ailə üzvləri müqəddəs Kəbəni ziyarət ediblər. Bütün bu işlər bir dövlət başçısının öz ölkəsinin dini çoxluğuna, özünün də mənsub olduğu dini icmaya qayğısının təzahürüdür.
Prezident İlham Əliyev son illərdə Azərbaycanda İslamın qorunması və inkişafı, eləcə də İslam həmrəyliyinin gücləndirilməsi və dünyadakı islamofob dairələrə qarşı mübarizə sahəsində 50-dən artıq İslam dövlətləri başçısı sırasında həmişə xüsusi fəallığı ilə seçilib, Azərbaycan dövlətinə qarşı siyasət yürüdən bəzi xarici dairələrdən, rəsmi və qeyri-rəsmi ünsürlərdən fərqli olaraq, əsl İslam təəssübkeşliyi nümayiş etdirib.
Bakıda mədəniyyətlərarası, dinlərarası dialoq üzrə bir sıra iri beynəlxalq tədbirlər keçirilib və keçirilməkdə davam edir. Paytaxtımızın 57 müsəlman ölkəsini birləşdirəcək IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək şəhər seçilməsi də təsadüfi deyil.
Beləliklə, Ulu Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində böyük işlər gördü. Bütün bu misilsiz işlərin nəticəsidir ki, bu gün Azərbaycan İslam dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir, müvafiq irimiqyaslı tədbirlər keçirir. Bu gün dünyaya multikulturalizm nümunəsi olan Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq da Heydər Əliyevin müdrik siyasətinin, dini sahədə də balanslaşdırılmış siyasət yürütməsinin nəticəsidir.
Heydər Əliyev və İslam dini
Hacı Surxay Məmmədli
Qafqaz Müsəlmanları İdarəsinin qazilər şurasının üzvü