Dispetçer: Qroznı səmasında “Xalça” rejimi AZAL-ın təyyarəsinə atəş açılandan sonra tətbiq edilib
Politoloq Ramazan Bağırov "jurnalist"-ə dərs verdi. Quru sərhədlərin bağlı qalması bir təhlükədir
Yaşıl dünyaya doğru atılan konkret addımlar ən vacib miras olacaq
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Bu mötəbər tədbirdə iştirakı zamanı ölkə başçısı “Euronews” telekanalına müsahibə verib.
Avropa məkanında çox böyük maraqla qarşılanan bu müsahibədə ölkə başçısı bir neçə mühüm əhəmiyətli məqama, xüsusi olaraq COP29-a hazırlıqla başlı işlərə aydınlıq gətirib. Qeyd edilib ki, ölkəmiz bu toplantıda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyir. Azərbaycanın Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi vardır. Ölkəmiz dörd il ərzində BMT-dan sonra üzv sayına görə ikinci olan bu təşkilata sədrlik edib və bu müddət ərzində böyük tərəqqiyə nail olub. Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə də fəal işləyir və əlaqələri genişləndirir. Artıq İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalanaraq qəbul edilib.
Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün bu prosesdə birlikdə və yaxından iştirak edilməli, həmrəylik, ortaq məsuliyyət gücləndirilməli və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlıq azaldılmalıdır. Bu istiqamətdə fərqli ideyalar və fikirlər mövcuddur, onların müzakirəsi vacibdir. Prezident İlham Əliyev bildirib ki, “hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Müsahibədə qeyd edilib ki, ötən il BƏƏ-də keçirilən COP28-də qazıntı yanacağı ideyası üstünlük təşkil edirdi. Bununla bağlı cənab Prezident bildirib ki, “Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq”.
Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki: “Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir”.
Vurğulanıb ki, hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Bu gün bir sıra hallarda nefti olmayan ölkələr nefti olan ölkələri ittiham edirlər və bu yolverilməzdir. Hamı qarşılıqlı səylər və həmrəylik göstərməli, bir-birini günahlandırmağı dayandırmalıdır. Eyni zamanda, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi “Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik”.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü