Menu
Xəbər Lenti
Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

11 Ekm 06:34Manşet / Cəmiyyət

Araz yenə gülüstanla sərhəd olur... - Bu dəfə sənəd yox, sənətlə!

 

4 il əvvəl bu günlərdə Qarabağda minlərlə gənc adsız yüksəkliklərə dırmaşırdı, kişi kimi, ac-susuz, ürəklərinə gedən yol mədələrindən yox, Şuşadan keçirdi…

Şəhər olaraq isə hər şey Cəbrayıldan başladı. İlk Cəbrayıl işğaldan azad oldu. Sonra digər şəhərlərimiz ayə kimi enməyə başladı. Cəbrayıl yenə müjdəçi oldu.

Qarabağ bizim qüdsi yönümüzdür, Cəbrayılla bizə yenidən qayıdan Qarabağın ayələrini, əlamətlərini də hər kəs eyni gözlə oxuya bilməzdi, bilmədi də.

Bir zamanlar səmadan bu dünyanın cənnətə çevrilməsi üçün ayələr enirdi, indi dünyanın cəhənnəmə çevrilməsi üçün bombalar enir.

Azərbaycan hər gün bombalarla dağıdılan bir dünyanın parçasıdır, biz Qarabağı dirçəltməklə həm də hər gün xarabazara çevirdiyiniz planetin bir hissəsini gözəlləşdiririk. Azərbaycan dünya ekologiyasına təkcə COP29-la yox, həm də illərlə işğalda saxlanan torpaqları təmizləməklə xidmət edir.

Biz işğala son qoymaqla təkcə torpaqlarımızı geri qaytarmamışıq, həm də dünyaya 17 min kvadrat kilometr torpaq qazandırmışıq. 30 ildir xaraba halında saxlanan, altında mina əkilən, üstündə narkotik becərilən 17 min kvadrat kilometr torpağı yenidən dünyamızın bir hissəsinə çeviririk. Dünyanın harasından olur olsun, insanlar indi Qarabağa ürəklə gələ bilər, burada barmaqlarının ucunda yox, ayaqlarını cürətlə yerə basa-basa gəzə bilər. Bəli. Bura bizim planetimizin bir hissəsidir. Biz dünyanın 30 ildir unutduğu, biganəlikdən cəngəlliyə çevrilən torpaqları yenidən kəşf etdik, dünyaya qazandırdıq. 

Hər gün bomba yaradıb səmalara qaldıran, dünyanın bombalardan sonrakı halını sevənlər, nə qədər gec deyil, gəlin, Ağdamda, Cəbrayılda, Zəngilanda, Qubadlıda qalmaqda olan xarabalıqları seyr edin, ürəyiniz açılsın.

Balaca qardaşınızın əl işinin fotolarını çəkin, çərçivəyə salın, evinizin ən gözəl yerindən asın. Hər səhər duranda sizdən nümunə götürənlərin əl işlərinə baxın. Sonra gec olacaq, qısa müddətdə sizin görmək istədiyiniz mənzərələr Qarabağda yox ediləcək, 110 ildən sonra Araz kənarı ikinci dəfə gülüstan görəcək, bu dəfə bölücü sənəd şəklində yox, qurucu sənət şəklində...

Bizim də evlərimizdə bu sənət nümunələri olacaq. Çəkib divardan asmayacağıq, pəncərəmizim pərdəsini çəkib baxacağıq. Tanrının bir zamankı xəttini təzələdiyimiz Qarabağa... Bizdə tarix tanrının yazısını təzələməklə yazılır. Sizdə isə nəfəsi “fast-food” qoxan 5-3 konqresmenə yazıb verdiyiniz məkr dolu cızmaqara tarix hesab olunur.

Qəribədir, illərlə mötəbər sənədlərə, qətnamələrə məhəl qoymayanlar bu gün özləri özlərinə məktub yazır, eynək taxıb oxuyur, həyəcanlanırlar. Sadəcə unudurlar ki, o xətt bizə tanışdır.

O xətt Vyetnam, Əfqanıstan, İraq, Liviyanın üzərinə çarpaz çəkilən xəttlərdir. O xətt 2000-ci ildə Qarabağda mina axtarmaqdansa, İraqda nüvə axtaran güclərə təkan verən, nüvəsi bəhanələrlə dolu sənədlərin yazıldığı həmin xəttdir.

O xətt Şərqin ən qədim şəhərlərini viran qoyan, sivilizasiyanın Şərqdən Qərbə getdiyini aydın göstərən sənədləri yandıran, məzarları sökdürənlərin seçdiyi xəttir.

O xətt şərqin düzlərinin üstündən, Qərbin düzlərinin altından keçən xəttdir.

O xətt illərdir həqiqətlə perpendikulyar, məkrlə, hiyləylə paralel gedən xəttir.

O xətti rəhbər tutan dillər, bu xətti yazan əllər dəyişə bilər. Ancaq Barış Akarsunun təbirincə desək, “təpədəki bəyaz saray və soytarı kralllar” dəyişmir. Adlar dəyişir, eyni yumurta əkizi olan partiyalar yerini dəyişir, ancaq siyasət yerində qalır.  Əllər rəngini dəyişə bilər, ancaq qələmlər, mürəkkəblər eynidir.

Dünya üçün hər il daha mürəkkəb bir bəla düşünməyi özlərinə peşə seçən nadanların qələmi...

Tanrının ən gözəl əsərlərindən olan Qafqaza nadan qələmi toxundurmamaq, bu müqəddəs sərgini qorumaq həm də bizim işimizdir.

Sərdar Amin

Xüsusi olaraq, “Qafqazinfo” üçün