Ağsu rayonunun Ərəbuşağı-Ağalarbəyli kəndlərinin girişində vətənpərvər İlham Ağayev Zəfər Tağı inşa etdirib.
FES Trampın siyasətləri səbəbindən inflyasiyanın mümkün sürətlənməsindən narahatdır
Qurban Qurbanov: "Mən də razı qaldım, rəqib də"
"Belə soyuq havada mübarizə apardıqları üçün hər iki komandanın futbolçularına təşəkkür etmək istərdim. Xüsusən, oyunun sonlarında sürət artdı, hər kəs dinamik futbol oynadı. Bu oyunda hansısa komanda uduzsaydı, çox üzülərdi. Belə havada oynanılan futboldan mən də razı qaldım, yəqin ki, rəqib də. Belə havada bizimlə olduqları üçün azarkeşlərimizə təşəkkürümü bildirirəm".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis nəticəni xal itkisi saymayıb: "Bu oyunda 1 xal qazandıq. Xallarımızın üstünə xal gəlirsə, bunu qazanılmış xal sayıram. Nəinki biz, ümumiyyətlə, hər ikimiz bir xal qazandıq. Matçın əvvəlləri darıxdırıcı kimi görünə bilərdi, amma sonradan oyun get-gedə aktivləşdi, dinamika artdı. Fikrimcə, ümumən maraqlı oyun oldu".
Qurbanovun sözlərinə görə, buraxdıqları qolda daha diqqətli olmaq lazım idi: "Qol buraxdığımız epizodda narazılığım oldu ki, niyə topu vaxtında çıxarmadınız. Bəzi epizodlarda məsuliyyətli oynamağın gərəkliyinə dair etiraz bildirdim. Amma daha çox Cesse Sekidikanın ustalığını qeyd etmək lazımdır. Belə oyunlarda daha diqqətli olmaq lazımdır. Əslində isə bu, irad yox, motivasiya idi".
"Qarabağ"ın baş məşqçisi "Turan"dakı həmkarı Kurban Berdıyevdən sonra "Sabah"ın sükanı arxasında olan Vasili Berezutski ilə dueldə də qalib gələ bilməməsinin səbəbini belə izah edib: "Çempionatımız üçün yeni, amma böyük təcrübə keçmiş baş məşqçilərdirlər, gəliblər, daha istəklidirlər. Nə iləsə əsaslandırılası bir şey yoxdur. Normal haldır, bəlkə sabah qalib gələcəyik, yaxud məğlub olacağıq. Hər bir baş məşqçi analizlər aparır. Görünür, biz də rəqiblərimizi daha çox analiz etməliyik. İnanırıq ki, yavaş-yavaş hər şey qaydasına düşəcək. Futbolda "Qurban həmişə qalib gəlməlidir", "Qarabağ" həmişə qalib gəlməlidir" deyə bir şey yoxdur. Hər il hansısa nəticə olur, həmişə uğurlu mövsüm keçirmək olmaz. Qarşıdakı oyunlarda necə olacağı bilinmir, amma biz özümüzü mövsümi hazırlığa kökləyirik".
Təcrübəli mütəxəssis komandasında müqaviləsi bitən futbolçularla bağlı qərar vermək üçün mövsümün sonunadək vaxtlarının olduğunu xatırladıb: "Futbol elə bir oyundur ki, mövsüm boyunca fikirlərdə və düşüncələrdə dəyişikliklər olur. Hansısa futbolçunu göndərməyi düşünürsən, amma sonradan deyirsən ki, saxlamaq lazımdır. Hətta müqaviləsi davam edən oyunçu ilə bağlı hansısa addıma da əl atmalı olursan. Hazırda mövsümə köklənmişik. Mövsüm bitdikdən sonra müvafiq məlumatlar veriləcək".