“Sonuncu əməliyyatdan sonra qazi artıq sərbəst danışır və qida qəbul edir” - Təmraz Tağıyev
Sədr müavini: "Məhsul festivallarında qiymətləri dövlət tərəfindən tənzimləmək çətindir"
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, hüquq müdafiəçisi Elşad Həmidovun əziz xatirəsinə: Hüquq müdafiəçisindən Vətən fədaisinə uzanan bir ömür
25 iyul tarixində Azərbaycanda hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elşad Həmidovun vəfatının ildönümü qeyd olunur. Bu gün onun Vətənə, dövlətçiliyə, hüquqa və insan haqlarına bağlı, örnək həyat yoluna hörmət və ehtiram günüdür. Elşad Həmidov təkcə insan hüquqlarının qoruyucusu yox, həm də dövlət mənafeyini daim ön planda saxlayan bir vətəndaş, bir vətənpərvər kimi yaddaşlara həkk olunub.
Elşad Həmidov uzun illər ərzində Azərbaycan cəmiyyətində hüquq müdafiəçisi kimi tanınıb. Onun rəhbərlik etdiyi İşgəncələrə Qarşı Azərbaycan Komitəsi ölkədə insan hüquqlarının müdafiəsi sahəsində mühüm fəaliyyət göstərmiş, ictimaiyyətdə və beynəlxalq platformalarda nüfuz qazanmışdı. O, gecə-gündüz çalışırdı. Onun fəaliyyəti təkcə vətəndaşların hüquqlarının qorunması ilə bitmirdi – o, eyni zamanda qanunçuluğun, hüquqi dövlət prinsipinin inkişafına mühüm töhfələr verirdi.
Lakin Elşad Həmidovu digərlərindən fərqləndirən əsas cəhətlərdən biri onun yalnız insan hüquqlarına deyil, eyni zamanda Azərbaycan dövlətinə və dövlətçiliyinə olan sonsuz sevgisi idi. O, hər zaman bildirirdi ki, insan hüquqlarını müdafiə etmək, dövlətin əsaslarının möhkəmlənməsi və vətəndaş cəmiyyətinin inkişafı ilə paralel getməlidir. Dövlətin maraqlarına zidd deyil, əksinə onun güclənməsinə xidmət edən bir hüquq müdafiə modeli Elşad Həmidovun baxışlarının təməlini təşkil edirdi.
Xüsusilə 2 aprel 2016-cı ildə baş verən Lələtəpə zəfəri zamanı Elşad Həmidovun nümayiş etdirdiyi vətənpərvərlik onun xarakterindəki saf niyyətlərin göstəricisidir. Həmin döyüşlər zamanı o, təhlükələrə baxmayaraq, öz qrupu ilə birlikdə azad olunan ərazilərə ilk səfər edən şəxslərdən biri olub. Bu addımı ilə o, təkcə hüquq müdafiəçisi deyil, həm də bir əsgər kimi, Vətənə bağlılığını nümayiş etdirmişdi. O, xalqla bir yerdə, əsgərlə bir sırada idi. Bu, onun Vətən sevgisinin, dövlətinə sadiqliyinin ən canlı sübutlarından biridir. Elşad Həmidovun ruhu şaddır, çünki bu gün Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, şəhidlərin və şanlı Azərbaycan ordusunun hesabına öz əzəli torpaqlarına qovuşub.
Elşad Həmidov siyasi baxışlarında da hər zaman aydın və prinsipial mövqe sərgiləyirdi. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun dəstəkləyicisi idi. Müstəqil Azərbaycanın güclənməsini, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini, sülhün və sabitliyin qorunmasını hər zaman prioritet kimi görürdü. Məhz buna görə də, Prezident İlham Əliyevin daxili və xarici siyasətinə daim açıq və prinsipial dəstək verirdi. O, bu siyasətin nəticəsində Azərbaycanın qüdrətlənəcəyinə, xalqın rifah halının yaxşılaşacağına inanırdı.
Elşad Həmidovun vəfatı Azərbaycan ictimaiyyəti üçün böyük itkidir. Onun yoxluğu hüquq müdafiəsi sahəsində böyük bir boşluq yaradıb. Amma onun irsi, apardığı mübarizə, qoyub getdiyi ideyalar və əqidəsi yaşamaqdadır. Onunla birlikdə çalışanlar, onu tanıyanlar bu əziz insanın xatirəsini heç zaman unutmayacaq.
Bu gün biz onu yalnız xatırlamırıq, həm də onun Vətən və insan sevgisini, ədalət uğrunda apardığı mübarizəni təqdir edir, ruhuna dua edirik.
Elşad Həmidova Allahdan rəhmət diləyirik. Qəbri nurla dolsun. Ruhun şad olsun, əziz vətəndaş!
Fərid Faiqoğlu
“Xezertv.info”nun rəhbəri, “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İB-nin mətbuat katibi, AJB-nin üzvü, “Qızıl qələm” mükafatçısı