Menu
Xəbər Lenti
XALQIN ADAMI
Bugün, 10:56

XALQIN ADAMI

Bir dəqiqəlik sükut...
20-01-2026, 09:21

Bir dəqiqəlik sükut...

23 Ock 10:56Manşet / Gündəm / Cəmiyyət

XALQIN ADAMI

 

“Dəyişən dünyanın dəyişməz insanları”
Akademik, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərovun layihəsi
I yazı

Məhdud dairədə də, cəmiyyətdə də ovqat və dinamika yaradan insanlar zamanın nəbzini tənzimləyir. Onlarsız zaman anlamını itirər, nümunə və meyarlar isə nəhayətsizlik vakuumunda it-bata düşər. Dünyada və Azərbaycanda da nizam ona görə pozulmur ki, zamanın nəbzini tənzimləyən insanlar var. Elə insanlar az olsa da, hər halda birini də biz tanıyırıq. Deyirlər ki, dünya dörd sütundan ibarətdir, bu sütunlar isə yaxşıların çiyinlərində dayanaqlıdır.
Azərbaycan Təmiz Texnologiyalar Şirkəti və Zəngəzur Dəhlizi şirkətinin qurucusu Səfər Cəfərəli oğlu Əlirzayevdən danışarkən təcümeyi-halında diqqəti çəkən ilk məqam insan üçün gərəkən elmi-savadın, bacarığın, zəhmətin verdiyi üstünlüklərdən yararlanaraq cəmiyyətdə mövqeyini müəyyənləşdirə bilməyin şahidi olursan!
Bu dünyada insana yaşamaq haqqı verən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Çiyninə ömür boyu daşımalı olacağı bir yük qoyur. İnsan ağlına, təfəkkürünə, gücünə, zəhmət əmsalına görə həyatı boyu bu yükü bir məqsəd, amal yolunda çəkməli olur. Tanrının taleyinə bəxş etdiyi hər hansı bir yükü (missiyanı) qisməti kimi qəbul edən insanda ömrünə bəxş olunmuş yaşam haqqına “xoş gəldin” deyib, üzünə açılan dünyanın qapısından keçərək həyatını yaşamağa başlayır. Yıxıla-büdrəyə addımlarını bərkidib arzularına doğru yol açır... Güclü xarakterə, bütöv əqidəyə malik olan xeyirxah, nəcib və humanist insan bu dünyaya gəlişini ictimai mənasını dərk edincə ona verilən tutiya ömrün qədrini bilir, onu daha mənalı və geniş anlamda yaşamağa qərar verir. O zaman insan kiçik ailə cəmiyyətindən başlamış, ölkə həyatında faydalı işlər görmək missiyasını daşımalı olduğunun da fərqinə varır. Bu fürsətdən ictimai mövqeyinə, zəkasına və gücünə görə çalışmağı, faydalı işlər görməyi özünə borc bilir. Şübhəsiz, bunlar vətən və xalq qarşısında vətəndaşlıq məsuliyyətini dərk edən, insansevərlik duyğularını coşub-daşdığı qəlb sahiblərində özünü daha böyük anlamda biruzə verir.
Uzun illər apardığımız müşahidələrimizə görə, bu yükü, məqsəd və amalı intəhasız bir sevgi, istəklə daşıyan, vətəninə, xalqına, torpağına can-başla xidmət edən şəxsiyyətlərdən biridir Səfər Əlirzayev. Onun bu günədək gördüyü təqdirəlayiq işlər, xeyriyyəçilik missiyaları, peşəkar kimi nümunəvi fəaliyyətini böyük ruh yüksəkliyi ilə dilə gətiririk. Səfər müəllim genişəhatəli fəaliyyətini qəlbinin səsi, ürəyinin saflığı, təfəkkürünün işığı, istiqanlılığı, nəcibliyi, xeyirxahlığı ilə həyata keçirir. Bunlar onun həyat yolunu aydınladan ümdə keyfiyyətləri sırasındadır.
Ulu Öndər Heydər Əliyev yaşadığı müddətdə bu qəbildən olan insanları özündən bilirdi. Bu qəbildən, əxlaq modelinə sahib olanları əsl Azərbaycanlı kimi sevib əzizləyirdi. Bütün mərəhələlərdə görülən işləri böyük həssaslıqla, ən kiçik detallarına incəliklərinə qədər izləməsi proseslərin içərisində olması da onun – Səfər Əlirzayevin özəlliklərə qadir olduğunun aydın göstəricisidir.
Zəruri giriş:
Səfər Cəfərəli oğlu Əlirzayev 23 mart 1973-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan oImuşdur. Orta təhsilini Babək rayonundakı Nehrəm kənd məktəbində tamamladıqdan sonra Təfəkkür Universitetində ali təhsil almış və 2006-cı ildə Beynəlxalq hüqüq ixtisası üzrə bakalavr səviyyəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1992-ci ildən başlamış, təsis etdiyi müxtəlif şirkətlər Azərbaycanda iş həyatının müxtəlif sahələrində fəaliyyət göstərmişdir. 2002-ci ildən isə “Azərbaycanın Təmiz Texnologiyaları” MMC-nin təsisçisi olmuşdur. Hazırda da bu şirkətə rəhbərlik edir.
Siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Partiyanın təşkil etdiyi tədbirlərin böyük əksəriyyətində şəxsən iştirak etməklə, ona verilən tapşırıqları vaxtında və yüksək keyfiyyətlə icra etmiş, bu fəaliyyətinə görə müxtəlif vaxtlarda YAP-ın yerli təşkilarları onun əməyinə yüksək qiymətlər vermişdir. 15 oktyabr 2003-cü il və 15 oktyabr 2008-ci illərdə keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində fəal işrirak etmiş və partiya tərəfindən təşəkkürlər almışdır. Bütün fəaliyyəti boyu dövlətə, dövlətçiliyə və Heydər Əliyev siyasi kursuna dönməz sadiqliyi və prinsipial mövqeyi ilə seçilmişdir.
S.Əlirzayevin xüsusi qeyd olunmalı fəaliyyətlərindən biri şəhid ailələrinə və qazilərimizə göstərdiyi qayğı ilə bağlıdır. Naxcıvan Muxtar Respublikasındakı bütün şəhid ailələri onu hər zaman yanlarında olan himayədar kimi tanıyırlar. Şəhid ailələrinə münasibətdə yaşadığı Bakı şəhərində də aktivliyi ilə seçilir.
S.Əlirzayev biznes sektorunda iş adamı kimi fəaliyyətə başladığı vaxtdan etibarən müntəzəm olaraq ölkəmizdə rəsmi qeyd olunan bir çox tədbir və dini bayramda fəallıq göstərmiş, xeyirxahlıq missiyasını davam etdirərək ehtiyacı olan ailələrə müxtəlif yardımlar göstərmiş, 44 günlük Vətən Müharibəsi qazilərinin problemlərini diqqət mərkəzində saxlamış, bir müharibə əlilinə Qələbə bayramı münasibəti ilə minik avtomobil bağışlamışdır. 2020-ci ildə Müdafiə Nazirliyinin yardım Fonduna 100.000 manat, qardaş Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yaradılmış hesaba 500.000 TL vəsait köçürmuşdür.
S.Əlirzayevin özü və ailəsi doğulduğu kənddə və onları tanıyanlar arasında yüksək nüfuza malikdirlər. Onlara bu nüfuzu qazandıran hər zaman çətinlikdə və ehtiyacı olan tanıdıqları insanların yanında olmaları və əllərindən gələn köməyi göstərmələridir. Bir qayda olaraq doğma Nehrəm kəndinin sakinləri üçün hər il Ramazan bayramları ərəfəsində ehsan süfrələri təşkil etmiş, ehtiyacı olan ailələrə bayram sovqatları paylamışdır.
Evlidir, yeddi uşağı var. Dəyərlərimizə sadiq, qayıkeş və gözəl ailə başçısıdır.
Onun genişəhatəli fəaliyyəti tarixdə yaşamış fədakar babalarımızın ibrətamiz həyatının, missiyasının yeni anlamda davam etdirilməsidir. Düşünürük ki, Səfər müəllimin irihəcmli fəaliyyətindən necə bir ürəklə bəhs etsək də, vətən və xalq üçün gördüyü işləri-layihələri, proqramları, xeyriyyəçilik fəaliyyətini (təhsil üçün, şəhid və qazi ailələri üçün) bir məqalədə nə saymaqla, nə də yazmaqla çatdırmaq mümkün deyil. Biz sadəcə, xalqın xidmətində dayanaraq ona böyük məsuliyyət və sevgi ilə, onu rifah halının yaxşılaşmasına dəstək olan, köməyə, dada çatan bir şəxsin, böyük üərk sahibinin canfəşanlıqla çalışmalarından, uğurlarından riqqətə gələrək haqqında söz deməyə ruhlanırıq. Onun rəhbəri olduğu şirkət həm Azərbaycanın ekoloji sferasına böyük həssaslıqla yanaşma fəaliyyəti ilə məşğuldur. Etibar deyilən böyük bir nəsnə təkcə bir yüngül söz olaraq qəbullanmır. Etibar deyəndə Allahın dərkində böyük bir anlamdan bəhs olunur. Cəmiyyəyin etibarını qazanmaq, xalqın etibarını qazanmaq. Ən ümdəsi Allahın ləyaqətli bəndəsi olaraq bütün etibarın fonunda axirətini qazanmaq. Səfər Əlirzayev nə vaxt xalqın sevimlisinə çevrildi? Nə vaxt xalqın doğmasına çevrildi? Xalq, kütlə hər an öz seçdiklərindən umur. Umur və tələb edir. Dedik axı, etibar etdiklərindən umur. Səfər Əlirzayev dövlətinə, xalqına göstərdiyi xidmətləri ilə seçilənlərdəndir. Xalqı onu köynəyinin içindən keçirərək doğması etdi.
Xalqın adamı, bu ödül hər kəsin qismətinə yazılmır. Bu ödül humanizmin ən həssas, insanı duyğulandıran, özünəinam yaradan ali nümunəsini ortaya qoymaqdır. Səfər müəllim insanlığa xas olan bir çox mənəvi keyfiyyətlərlə zəngin olan yeni ənənələrin təmsilçisidir. Onun xeyirxahlığı vətənin hər nöqtəsinə yayılmışdır. Ürəyinin işığından hər kəsə pay düşür. İstər şəhid ailəsi olsun, istər qazi ailəsi olsun, istər sıradan bir ailə başçısını itirən ailə olsun, istər fiziki cəhətdən məhdudiyyəti olan olsun, istər valideynlərini itirmiş köməksiz uşaq olsun, istər təhsil almaq istəyib ala bilməyən, böyük arzularla yaşayan yeniyetmə olsun... Hər kim olur olsun, vətən övladı, xalqın övladı üçün Səfər Əlirzayev mənəvi atadır. Xeyriyyəçiliyin, insanın insana təkcə maddi yox, həm də mənəvi bağlılığının, birliyinin parlaq nümunələrini göstərdi və göstərməkdədir. O, dünyaya məhəbbətlə qucaq açıb, bütün insanları bir evin sakini, dərddaşı, ruhdaşı kimi qəbul etdiyini həm çıxışlarında, həm də əməllərində böyük sevgi ilə səsləndirir. Bax, bu da onun Azərbaycan adlı böyük vətəndə tanınmasına, sevilməsinə, adının etiramla çəkilməsinə böyük sübutdur. Etibarın açmasını deyəsən yetərincə verə bildik. Səfər Əlirzayevin genişhəcmli ictimai və sosial fəaliyyəti bütün aydınlığı ilə göstərir ki, o, təkcə öz ailəsinə, doğmalarına deyil, həm də xalqına məxsusdur. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəldib. Xalqa bunca ürəkdən xidmət etməsi milli ruha, Azərbaycançılıq ənənələrinə bağlılığının başlıca amilidir. Belə insanlar çəkdiyi əziyyətlərin bəhrəsini görəndə qəlbləri rahatlıq tapmış kimi rahatlıq görür. Düşünürük ki, Səfər Əlirzayev tarixdə qalacaq bir bədii obrazdır. Və bu obraz olduqca güclü xarakterə malikdir. Burda maraqlı cəhətlərdən biri də odur ki, o düşüncə-xəyallardan deyil, həyatın özünün doğurduğu, zamanın yetişdirdiyi obrazdır. Onun xeyirxahlıq nümunəsi olan portretində parlaq cizgilər yetərincədir. Tarixdə iz qoyan ağıllı, müdrik, xeyirxah insanlarımızın obrazını istər xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatında yaradanda çox zaman onun sevdirməkdən ötrü uydurma təsvirlərdən, əlavə boyalardan istifadə edilir. Lakin, burda bir haşiyə çıxılır, görünən kəndə nə bələdçi. Səfər müəllim öz fədakar Azərbaycanlı xarakteri, xeyirxah insan obrazı ilə çoxdan vətən tarixinə öz adını yazdırmışdır. Səfər Əlirzayevin obrazı həyatdan gələn bir obrazdır. Vətənpərvər, maarifpərvər, milli düşüncəyə, Azərbaycançılıq məfkürəsinə malik olan qəlbində vətən-xalq sevgisi çağlayan və bu yolda ömür əridən vətən övladıdır. Bütün səylərini ortaya qoyan, gördüyü işləri zərgər incəliyi ilə aparan və bunların müqabilində xalqın gözündə layiqli vətəndaş, xeyirxah hami, dost, həssas, qayğıkeş ata kimi, qardaş kimi sevilən bir Azərbaycan kişisidir. Onu tanıyanlar, Səfər müəllimi evinin hamisi, qardaşı, dostu, atası... kimi səciyyələndirir. Bu onun Tanrıdan gələn tale yazısı, ömür mükafatıdır. Hər bir Allah bəndəsinə nəsib olmayan, Allahın seçdiyi, qiymətləndirdiyi, inandığı Allah bəndəsi. Səfər müəllim çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Lakin Allahın ən ali mükafatı cənnətini, rəhmətini bu dünyada qazanmaqdır. Hər bir müsəlmanın arzusunda olduğu “Allahın gözəl bəndəsi” ifadəsi isə hər kəsə qismət olmur. Bu ifadə Səfər Əlirzayevin ana südü qədər halal haqqıdır. Nə qədər şəhid ailəsi, nə qədər qazi ailəsi, nə qədər aztəminatlı ailələrin nümayəndələri... bu xeyirxah insana öz təşəkkür borclarını ishar etməkdədirlər...
Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Səfər müəllim ora nəzər yetirməsin, qayğısını əsirgəməsin, göstərməsin. Xalqın sosial, mədəni həyatının inkişafında onun xidmətləri misilsizdir. Gələcəyin sahibi olan balalarımızı yetişdirmək, ailəyə, vətənə bağlılıq duyğularını aşılamaq, gəncliyə yol açmaq, təhsilləndirmək, onları vətənpərvər ruhda tərbiyə etmək – budur Səfər müəllimin istəyi. Azad Azərbaycanın adına yaraşan vətəndaş əxlaq modeli. Onun nurlu çöhrəsindən sezilən mehribanlığı, alicənablığı, həssaslığı, nəcibliyi, yəqin ki, onunla ünsiyyətdə olan, rəhbərliyi altında çalışan insanların böyük xoşbəxtliyidir. Ümumiyyətlə bəşər övladına zinət verən sadaladığımız xüsusiyyətlər böyük ailə sandığımız cəmiyyətdə bu xüsusiyyətlər ailədə birliyin cəmiyyətdə, bağlılığın və ali mədəniyyətin başlıca meyarıdır...
Qədim yunan filisofları o insanı kişilikdə yüksək sayırdılar ki, savadlı, mərd, cəsarətli və ... səxavətli olsun! İndi səxavətlilik fenomenal və unikal hadisə sayılır, üstəlik də buna istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə qısqanclıqla yanaşılır. İndi zamana elədir ki, pirlər, ocaqlar gücsüzdür. Bu gün nazirsən, sabah kapitalist, birisigün nə bilim nə. Səfər Əlirzayevin xidmətləri sadalamaqla bitməz... Qiymətləndirsələr də sağ olsunlar, qiymətləndirməsələr də. Allahları bilsin, biz öz payımıza düşəni deyirik. Dəqiq bilirik ki, Səfər müəllimin vətən üçün etdiyi xeyirxah əməllərini görüb süfrə başında “Allah Səfər Əlirzayevin balalarını saxlasın” deyərək alqış edənlər sonsuzdur! Dəqiq bilirik ki, Səfər Əlirzayev nə qədər çətin mənəvi durumda olursa olsun hər bir kəsə o xeyirxah ürəyindən pay verməyə imkan tapır. Narahat insandır Səfər müəllim. El üçün ağlayandır. Öz xalqına hörməy bəsləyən insan onu ürəyinin başında saxlamalıdır. Səfər Əlirzayev bu nümunəni göstərib. Siyasətin bizneslə çalışdığı məkanda vətəndaş, həqiqi ziyalı, el təəssübkeşi öz şəxsiyyətindən aşağı enmir. Necə varsa elə o yüksəklikdə qalmağı bacarır.
Səfər Əlirzayev kimdir sualına bu cavabı da vermək olar: “Self made man” - “Çelovek sdelavşiy sam sebya” – özü-özünü insan etmiş gözəl ziyalı, görkəmli, həqiqi vətənpərvər insandır.
Yüz il hakim olsan, öz zəhmətimə,
Mən səndən mükafat uman deyiləm!
İmzan ləkə olar, ləyaqətimə,
Dağam mən, dağdakı duman deyiləm!
Səfər müəllimi xarakterizə etmək üçün bu şeirin bu bəndi yetərlidir. İnsan var dağdı, insan var dağın dumanıdır. Dağın başını duman ala bilər, amma... Açması müdrik insana məlumdur. Qurani Kərimlə nizamlanan həyat onsuz da İlahinin dərgahında yüksək tutulan xeyirxah insanın Yerini irfani insan kimi daha da zinətləndirir. Hələlik Naxçıvanlılar, (Nehrəmlilər) eləcə də bütün Azərbaycanlılar ərklə diləyə biləcəkləri ünvanın varlığı ilə ümidlənirlər. Hələlik şəhid ailələri, qazi ailələri, qazilər onun himayəsini gözləyir. Bir əziz qardaş, əmi, dayı, mənəvi ata olaraq. Hələlik Azərbaycanın təhsil almaq, təhsilə yiyələnmək istəyən imkansız övladları, ali məktəblərdə təhsil alan tələbələri təhsil haqlarının ödənilməsindən arxayın olduqlarını sərgiləyirlər. Hələlik xəstəxanalarda, köməyə ehtiyac duran hər məkanda Səfər Əlirzayevin onlar üçün narahatlığından xoşbəxt olub, sağalırlar, yaşayırlar. Allahın mərhəmət və şəfqət üçün yaratdığı bu Allah bəndəsinin varlığına şükürlər edirlər!
Və Səfər Əlirzayev çox dərdlərin dərdinə yardımçıdır! Zamanın nəbzi belə insanların varlığına görə normal vurur – Xalqın Adamı olmayanda yetim görünür məmləkət.
Xeyriyyəçiliyin insanın insana təkcə maddi yox, həm də mənəvi bağlılığının, birliyinin parlaq nümunələrini göstərməkdədir Səfər müəllim.
Səfər Əlirzayevi digərlərindən odur ki, onun xalqına, vətəninə qarşı sevgisi uzunömürlü sevgilərdəndir. Bu sevgi isə Allahdan gələn bir lütfdür. Sevgi dolu, qayğı dolu, mərhəmət dolu, məhəbbət dolu, səxavət dolu bir qəlbi, bir qəlb sahibini Azərbaycan üçün bəxş edib.
İşıqlı əməllər sahibi, Səfər müəllim yolunuz açıq, ömrünüz uzun olsun. Xalqınıza bəxş etdiyiniz sevgi onqat olaraq özünüzə qayıtmaqdadır. Xalqın sevgisi isə çox bərəkətlidir...

Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl Qələm” mükafatçısı

Fərid Faiqoğlu
AJB-nin üzvü