Menu
Xəbər Lenti
Süni intellekt oğruları
3-08-2026, 10:24

Süni intellekt oğruları

İkram Kərimov vəfat etdi
2-08-2026, 10:01

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 09:57

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 09:53

İrana hücumu ləğv etdi

06 Ağu 10:57Manşet / Gündəm

Azərbaycanlı sürücülər günlərdir Gürcüstan gömrüyündə qalıb

 

Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildirirlər.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, sürücülər əsasən “Sarp” və “Qırmızı Körpü” sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddətdir gözlədiklərini deyirlər.

Sürücü Teymur Sultanovun sözlərinə görə, Batumiyə qədər hərəkət zamanı heç bir problemlə üzləşməyib. Lakin “Sarp” sərhəd-keçid məntəqəsində avtomobili saxlanılıb, pasportu, sürücülük vəsiqəsi və digər sənədləri götürülüb:

“Artıq 15 gündür gömrük ərazisindəyəm. Bizə sadəcə “gözləyin” deyirlər. Səbəbini soruşanda cavab vermirlər. Sənədlərdə, yükdə və ya çəkidə hansı problemin olduğunu heç kim izah etmir”.

Oxşar problemlə üzləşən digər sürücü Eldəniz Məmmədliyev isə artıq bir aydan çoxdur Gürcüstanda qaldığını deyir. Onun sözlərinə görə, Kutaisidə istehsal olunan və dəmir sənayesində istifadə edilən kimyəvi maddəni Azərbaycana apararkən əvvəlcə gömrükdə üç gün saxlanılıb, daha sonra isə başqa məntəqəyə aparılıb.

“Maşını tamamilə sökdülər, bütün sənədlərimi, pasportumu, telefonumu aldılar. Sonra heç bir izahat vermədən dedilər ki, “gedə bilərsən”. Soruşdum hara gedim, cavab verdilər ki, “bilmirik”, - deyə sürücü bildirib.

E.Məmmədliyev qeyd edib ki, pasportu yalnız 20 gündən sonra qaytarılıb, bu müddətdə isə avtomobili sökülmüş vəziyyətdə qalıb və özü küçədə gecələməyə məcbur olub.

Sürücülər Bəhadur Əliyevİman Əliyev də Batumidə gömrük rəsmiləşdirilməsi prosesinin uzanması səbəbindən günlərlə gözlədiklərini bildirirlər. Onların sözlərinə görə, saxlanılmalarının səbəbi ilə bağlı onlara da hər hansı rəsmi izahat verilməyib.

Sürücülərin sözlərinə görə, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində də bir neçə Azərbaycan qeydiyyat-nişanlı yük avtomobili saxlanılıb. Onların bildirdiyinə görə, gömrük əməkdaşları sonradan Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin xüsusi icazə sənədini tələb ediblər. Sürücülər həmin sənədin təqdim olunduğunu, lakin daha sonra sənədin gürcü dilinə tərcüməsinin istənildiyini bildirirlər.

Yük sahibi Sahib Əliyev isə deyib ki, sözügedən icazə sənədi 2023-cü ildə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilib və indiyədək eyni sənədlərlə yüzlərlə yük avtomobili Gürcüstan ərazisindən maneəsiz keçib. O əlavə edib ki, eyni məhsul bu ilin mart və aprel aylarında, həmçinin ötən ilin oktyabr və dekabr aylarında da heç bir problem olmadan tranzit daşınıb.

Sürücüləri narahat edən digər məsələ isə gömrük əməkdaşlarının münasibəti barədədir. Onların sözlərinə görə, günlərlə gözləmələrinə baxmayaraq, saxlanılmalarının səbəbi barədə rəsmi məlumat verilmir, sual ünvanladıqları zaman isə bəzi əməkdaşlar kobud davranır, “Get, gözlə” cavabı ilə kifayətlənirlər.

Sürücülər hesab edirlər ki, onlara hansı səbəbdən saxlanıldıqları və problemin aradan qaldırılması üçün hansı sənədlərin və ya prosedurların tələb olunduğu aydın şəkildə izah edilməlidir.

Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyindən “Report”un yerli bürosuna bildirilib ki, hadisə nəzarətə götürülüb. Səfirlikdən qeyd olunub ki, yaranmış vəziyyətlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) diplomatik sorğu ünvanlanıb və məsələ aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılır.

Qeyd edək ki, bu, Gürcüstan ərazisindən tranzit keçən Azərbaycan yük avtomobillərinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı ilk hal deyil. Lakin sürücülərin sözlərinə görə, bu dəfə gözləmə müddətinin uzanması, rəsmi izahatın verilməməsi və qeyri-müəyyənlik əvvəlki hallarla müqayisədə daha ciddi narahatlıq yaradır.