Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Zəfər Günü ilə bağlı NAYORA tərəfindən silsilə tədbirlər keçirilib
Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü ilə bağlı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı silsilə tədbirlər həyata keçirilib.
Tədbirlərin həyata keçirilməsində əsas məqsəd tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq, Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin reallıqlarını, böyük qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amilini, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəyini gənclər təşkilatları vasitəsilə daha çox gəncə çatdırmaqdan ibarət olub.
Qeyd edək ki, iki mərhələdən ibarət olan tədbirlərin ilk mərhələsində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin AR Milli Məclsinin deputatları Naqif Həmzəyev və Ramil Həsən ilə görüşləri baş tutub. Əsasən, post müharibə dövründə gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq əlaqələrin və təmsilçiliyin əhəmiyyəti, həmçinin həqiqətlərin ictimaiyyətin diqqətinə çatdırılmasında gənclərin rolu kimi mühüm mövzular ətrafında müzakirələr keçirilib, görüş iştirakçılarının ünvanladıqları təkliflər dinlənilib və suallar cavablandırılıb.
İkinci mərhələ tədbirlər isə gənclər təşkilatlarının rəhbərləri Ülviyyə Axundova, Fəxrəddin Həsənzadə, Rüfət Əsədzadə, Pərviz Mirələmli, Yusif Vəliyev, Ramin Həbibzadə, Azər Əliyev, Emiliya Bayramova və Şahin Rəhmanlının spikerliyi ilə müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində panel müzakirələr formasında keçirilib. Ümumi görüşlərdə 500-ə yaxın gənc, 40-dan çox gənclər təşkilatının nümayəndəsi iştirak edib.
Canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlər interaktiv müzakirələrlə davam edib.