Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
25 Mrt 11:20---
Xarkovda qalan azərbaycanlı: “Şəhər o qədər bombalandı ki...” - MÜSAHİBƏ
Artıq bir aydır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Bu müddət ərzində minlərlə vətəndaşımız Ukraynadan təxliyə olunub.
Müharibə başlayandan orada qalan vətəndaşlarımızdan biri də İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli olub.
S.Adıgözəlli sualları cavablandırıb.
- Samir müəllim, Rusiya-Ukrayna müharibəsi başlayanda siz orada idiniz. Nə üçün getmişdiniz?
- Biz Xocalı soyqırımının 30-cu ildönümünün qeyd edilməsi ilə bağlı Ukraynaya səfər etdik. Fevralın 12-dən Ukraynanın müxtəlif şəhərlərində olduq və bir neçə konfrans keçirdik. Məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaq idi. Xarkov şəhərində də tədbirimiz oldu. Fevralın 23-də Xarkov Şəhər Filarmoniyasında Xocalıya aid filmin nümayişi planlaşdırıldı.
Amma ermənilər filmin nümayiş olunmaması üçün şikayət etmişdilər. Tədbirə iki saat qalmış filarmoniyanın işığını söndürdülər, insanları avtobuslarla Hüquq Akademiyasının akt zalına apardıq və film nümayiş olundu. Məqsədimiz Xocalı faciəsini oradan Avropaya daha yaxşı çatdırmaq idi.
- Müharibə başlamadan oradan çıxmaq şansınız vardı?
- Rusiya-Ukrayna gərginliyinin bu prosesi hərbi əməliyyatlara gətirəcəyi məlum idi. Səfər risk idi, amma biz artıq bu qərarı vermişdik və Ukraynada tədbirlər etdik. Fevralın 23-də gecə bizimlə səfərə gələnlər qayıtdılar, mən və bir nəfər qaldıq.
Daha sonra xəbər yayıldı ki, Xarkov hava limanı bağlanıb. Fevralın 24-ü səhər saatlarında müharibə başladı. Gecə ilə qatar da yola çıxırdı. Biz qərb istiqamətinə gedə bilərdik. Düşündüm ki, burada insanlarımız, tələbələrimiz var və canımı qurtarıb getmək istəmədim.
Səhər saatlarında Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğumuza getdik. Telefonlar susmurdu...
- Sizdə olan məlumata görə, orada nə qədər azərbaycanlı yaşayırdı? Çıxmaq istəməyən vətəndaşlarımız varmı?
- Xarkovda çox az azərbaycanlı qalıb. Rəsmi məlumata görə, Xarkov vilayətində 37 min azərbaycanlı yaşayıb. Amma oradakı fəxri konsulluğumuzun apardığı araşdırmaya görə, bu say 50 mindən çoxdur. Orada həlak olan vətəndaşlarımız da var. Bizim nümayəndə tərəfindən işlər görülməsəydi, bu gün bizim itkilərimiz daha çox olacaqdı. Çıxmaq istəməyən soydaşlarımız da vardı.
- Xarkovda təhlükəli vəziyyətdə qaldığınız zamandan danışardınız, zəhmət olmasa.
- Orada biz Xocalı faciəsi kimi bir dəhşətlə qarşılaşdıq. Çox çətin vəziyyətdə qalmışdıq. Şəhər o qədər bombalandı ki, orada qalan vətəndaşlara maşınlarla yemək gətirilə bilmirdi. Bizim konsulluqda qalmağımız da təhlükəli idi. Gecələr növbə ilə yatırdıq. Çünki arxada dəmir bir qapı var idi, onu quldurlar rahatlıqla aça bilərdilər.
Oradan çıxmaq üçün taksi çağırdıq. Adi günlərdə Azərbaycan manatı ilə beş manata gedilən yola 140 manat verib vağzala gəldik. Birtəhər vağzala çatdıq və qalın divarların arasında sıxışıb qaldıq. Hər kəs orada qatara minib qaçmaq istəyirdi, biz də çalışdıq ki, oradakı tələbələri yola salaq. Relslərin üzərindən keçib sonuncu vaqona mindik.
Qatarla səfər pulsuz idi. Çox çətinliklə Lvov şəhərinə gəldik, sərhədə qədər 20 kilometr yolu isə piyada getdik.
- Siz Polşa sərhədində vətəndaşlarımızın uzun müddət çətin vəziyyətdə qaldığı barədə paylaşım etmişdiniz. Sərhəddə sizi necə qarşıladılar?
- Polşa sərhədində 16 saatdan çox soyuqda ac-susuz qaldıq. Ayrı-ayrı millətlərin içərisində 500-ə yaxın adam bizimlə getdi. Zorla bizi avtobuslara mindirdilər, bizi dinləmək istəmirdilər. Cibimizdə olan pulla belə bizi su almağa qoymurdular. Almaniya sərhədinə apardılar və bizi əsir kimi saxladılar. Daha sonra bizi əvvəlki yerə qaytardılar və oradan müxtəlif yollarla Azərbaycana təxliyə olunduq.
- Siz orada olan zaman Xarkovdan nə qədər vətəndaşımız təxliyə olunmuşdu?
- Martın 1-nə kimi Lvovdan təşkil edilən qatarlar ilə Xarkovdan çıxan insanlarımızın sayı 3000-i keçmişdi, amma öz maşını ilə gedənlər də çox idi. Bir ailə var, Xarkovdan 100 kilometr kənarda qalıb və oradan çıxa bilmir. Çalışırıq ki, onlar oradan çıxarılsınlar. Martın 1-dən 7-nə kimi soydaşlarımız daha kütləvi halda Xarkovu tərk etdilər.
- Sizcə, Ukrayna bu müharibədə qalib gələcəkmi?
- Bizim istədiyimiz haqqın qalib gəlməsidir. Ukrayna gözəl ölkə idi. Heyif, darmadağın olub. Təəssüf ki, gedən proseslər xoş proqnozlar vəd etmir. Münaqişənin hələ bir-iki il çəkəcəyi də deyilir. Bu müddətdə dünya iqtisadiyyatı ciddi çətinliklə qarşılaşacaq. Məsələ diplomatik müstəviyə keçməsə, Rusiya və qərbin illərdir barışmaz mövqeyi dünyanı çətinliyə salacaq.