“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Yeniyetmənin bullinq görüntülərini çəkən və yayanları hansı cəza gözləyir?
Ötən gün sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışını əks etdirən görüntülər yayılıb.
Hadisənin məktəbdən kənarda olduğu bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.
Bəs görüntüləri çəkən və qıza qarşı qeyri-etik davranış sərgiləyən şəxsləri hansı cəza gözləyir?
Vəkil Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülərdən aydın olur ki, onlar yetkinlik yaşına çatmamış şəxslərdir:
“Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Əgər görüntülərdə qeydə alınan şəxslərin on altı yaşı tamam olubsa, Cinayət Məcəlləsinin 221-ci maddəsi üzrə, yəni xuliqanlığa, ictimai qaydanı kobud surətdə pozduqlarına, cəmiyyətə açıq-aşkar hörmətsizlik göstərdiklərinə, şəxslərə qarşı zor tətbiq etdiklərinə görə məsuliyyətə cəlb oluna bilərlər.
Eyni zamanda, xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə, yəni təhqir, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayəti üzrə məsuliyyətə cəlb oluna bilərlər”.
O vurğulayıb ki, zərərçəkmiş yetkinlik yaşına çatmayan şəxsin valideynləri şərəf və ləyaqətin alçaldılmasına görə ümumi qaydada məhkəməyə müraciət edə bilərlər:
“Son zamanlar bu kimi hadisələrlə dəfələrlə rastlaşırıq. Beləliklə, təcrübə göstərir ki, təhsil müəssisələrində şagirdlərin intizam məsuliyyəti üzrə təsiredici addımlar atılmır. Habelə, məktəblərdə şagirdlərlə onların hüquq və vəzifələri, məsuliyyəti barədə məlumatlandırıcı tədbirlər həyata keçirilmir.
Eyni zamanda, məktəb heyəti ilə birlikdə valideynlər də üzərinə düşən məsuliyyəti və vəzifələrini anlayaraq şagirdlərin tərbiyəsində yaxından iştirak etməlidirlər. Hesab edirəm ki, belə neqativ halların aradan qaldırılması üçün məktəblərdə profilaktik tədbirlər görülməli, şagirdlər və valideynlərlə profilaktik söhbətlər aparılmalıdır. Onların hüquq və vəzifələrini, məsuliyyətini əhatə edən təlim və tədbirlər həyata keçirilməlidir”.
İlhamə Əbülfət