Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
Dilqəm QULİYEV: Qocalıq ömrün sonu olmayıb onun çələngidir
Dünyaya gəlmək daha çətindir - yoxdan var olmaqdır. Bunun üçün Böyük Allaha minnətdar olmalısan. Ölmək, vardan yox olmaqdır - bu daha asandır. Hər an buna hazır olmalısan və yenə də Böyük Allaha dua etməlisən ki, axirətin olsun.
Min-min illərdir ki, böyük ağıl sahibləri qocalıqdan şikəyət etmiş, ömrün baharı, həyatın xöşbəxtliyi fəsli olan gəncliyin yerini qocalıq torunun tutmasına təəssüf etmişlər. «Kəlilə və Dimnə»də deyilir ki, zəmanə ömürdən zamanı alır, qocalar məhv olur, gənclər qocalır. Fələyin adəti belədir, cavanlıq təravətini qocalıq ətalətinə çevrdiyi kimi, dövlətin izzətini də fəqirlik zillətinə çevirir. Həyatda yaşayan gənclər bir vaxt ayılıb görürlər ki, beldə qüvvət, gözdə nur qalmamışdır. Həyatın qanunu belə dövran edir: cavanlıq, qocalıq, ehtiyac, dövlət. Bu necə dövrandır, nədir bu adət? Bu suallara cavablar «Kəlilə və Dimnə»də belə verilir. Ruzigar gəlinlik paltarını geyinərək insanları özünə cəlb edir, zahirinə bəzək-düzək verərək ağılsız və sadəlövh adamları yoldan çıxarır; saxta daşqaş taxaraq həris və acgöz insanları tamaha salır və nəticədə hamı onun qurduğu tora düşür, onun arzu və istəklərinin əsiri olur, lakin bilmir ki, onun bünorvrəsi – xəyanətlə, özülü məkr və hiylə ilə qurulmuşdur; iradəsi zəif, özü hərdəmxəyal, sözü etibarsızdır. Buna görə də ağıllı adamlar bu fani dünyanın cah-cəlalına uymurlar. Onlar dinc, sakit ömür sürüb ləyaqətlə qocalırlar.
«Qabusnamə»də cavanların qocalara hörmət etmələri zəruri sayılır. Qocalara sataşıb gülmək cavanların adəti olsa da, belə hərəkət etmək pislənilir. Qocalara kömək etmək vacibdir. Onlara nalayiq sözlər demək olmaz, qocaların cavabı ağır olar. Bununla əlaqəlar olaraq «Qabusnamə»də maraqlı bir hekayət verilir. Hekayətdə deyilir ki, yüz yaşlı, beli bükülmüş, qəddi kaman tək əyilmiş bir qoca əsaya söykənə-söykənə gəlirmiş. Bir cavan onu ələ salmaq üçün deyir: - Ey şeyx bu kamanı neçəyə alıbsan, de mən də alım. Qoca deyir:
Əgər ömrün olsa, səbr etsən, onu sənə havayı bağışlayarlar.
İnsanların ömrü günəş kimidir: cavanların günəşi şərqdə, qocalarınkı isə qərbdə olur. Qərbdə olan günəş isə batmaq üzrədir. Qocalıq elə bir xəstəlikdir ki, heç kəs onu yoluxmağa gəlməz, elə bir dərddir ki, ölümdən başqa heç bir həkim onu sağalda bilməz.
Qocalıqda eşqə düşmək, səfərə çıxmaq yaxşı iş deyildir. Çünki qocalıqda cavanlıq eşqinə düşmək məğlubiyyət zamanı qələbə şeypuru çalana oxşar.
«Gülüstan»da qocalıqdan şikayət edilir və qocaların cavan qızla evlənməsi, saçlarına rəng vurması lağa qoyulur, deyilir ki, cavan gəlinin yanında tirin uzanması, şirin oturmasından yaxşıdır. Qocaların saçlarını qaralaması çətin olmaz, lakin kaman qaməti düzəltmək qeyri - mümkündür.
Bir gənc məscidə girib soruşur: Sizlərdən fars dilini bilən varmı? Hamı Sədini göstərir.
- Nə sözün var? –deyə Sədi soruşur.
Gənc deyir:
Yüz əlli yaşlı bir qoca can üstədir. O fars dilində nə isə danışır. Onun yanına getsəniz savab olar.Bəlkə vəsiyyət edir. Sədi qocanın yanına çatan zaman o, bu şeiri oxuyurdu:
Bir zaman dedim ki, kama çataram,
Bilmədim ki, bu arzu boş bir həvəsdir.
Təəssüf ki, ömrün bol süfrəsindən,
Bir tikə götürdük, dedilər bəsdir.
Sədi beytin mənasını şamlılara ərəbcə deyir. Onlar qocanın ömrünün uzunluğuna, eləcə də həyatın vəfasızlığına etdiyi təəssüfə təəcüblənirlər.
Sədi qocadan soruşur:
- Özünü necə hiss edirsən?
Cavab verdi:
- Nə deyim?
Sədi deyir:
-Ölüm fikirini başından çıxart, özünü qorxutma, çünki Yunan filosofları demişlər:
-Bədən nə qədər sağlam olsa, onun həmişə belə qalacağına ümid bağlamaq olmaz, xəstəlik nə qədər ağır olsa, onun həmişə ölümlə nəticələnəcəyinə hökm vermək olmaz. Müalicə etdirmək istəyirsənsə həkim çağıraq. Qoca üzünü çevirib güldü və dedi:
Bir təbib görsə ki, yamandır xəstə,
Əlini tez qoyar, əlinin üstə.
Xacənin xəyalı nəqşi-eyvandır,
Ev isə binadan belə virandır.
Qocanın işləri olarkən əngəl,
Sürtürdü arvadı hey ona səndəl,
Əhval ki, dolaşdı, pozuldu məzac.
Nə əfsun sağaldar, nə də ki, əlac.
Bununla Sədi həyatın vəfasızlığına, qocalığın insanı ən gözəl, şirin nemətlərdən məhrum etməsinə təəssüflənir və insanı mənalı işlər görməməyə, həyatı boş keçirməməyə çağırır.
Qocalıqdan «Nizamülmülük» də N.Tusi də şikəyət edir və insanları mənalı həyat keçirməyə, özlərini təkrar etdiyi övladlarına qayğı göstərməyə çağırır. N.Tusi deyirdi ki, özünün yox olmasını, həyatının bitməsini bilən adamdan daha nadan adam tapmaq mümkün deyildir. O belə hesab edir ki, qocalıq ömrün sonu olmayıb, onun çələngidir.
06.08.2010-cu il