“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Ölkəmizdə əcnəbi gənclərin iştirakı ilə "Beynəlxalq Novruz Festivalı-Azərbaycan" layihəsi keçirilib
19-25 mart, 2024-cü il tarixlərində Bakı və Şəki şəhərlərində Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin təşkilatçılığı ilə "Beynəlxalq Novruz Festivalı-Azərbaycan" layihəsi həyata keçirilib.
Layihə çərçivəsində müxtəlif ölkələrdən olan 15 xarici və 20 yerli iştirakçı Bakı və Şəki şəhərlərində yerləşən mədəni tariximizin incilərindən olan Atəşgah, Qobustan, Şəki Xan sarayı, Kiş Alban məbədi və Karvansaray kimi bir çox abidələri ziyarət ediblər. İştirakçılar mədəniyyətimizlə bağlı məlumatlandırıcı təqdimatlarla tanış olub, baharın müjdəçisi olan Novruzun bayram abu-havasını yaşamaq şansı əldə ediblər. Layihədə İspaniya, İtaliya, Macarıstan, Rusiya, Hollandiya, Türkiyə, İran, Belarus, İsveç, Səudiyyə Ərəbistan, Bolqarıstan və İraq olmaqla ümumilikdə 12 xarici ölkədən olan iştirakçılar Novruz adət-ənənələri ilə yaxından tanış olub, Azərbaycan mədəniyyətinin özünəməxsus xüsusiyyətlərini kəşf ediblər.
Layihənin açılış mərasimində çıxış edən Avropa Tələbələr Forumunun Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə bu layihənin 2014-cü ildən bəri hər il uğurla icra etdirildiyini və əcnəbi gənclər arasında xüsusi marağa səbəb olduğunu vurğulayıb. Həmçinin "Beynəlxalq Novruz Festivalı-Azərbaycan" layihəsi müxtəlif sektorlarda fəaliyyət göstərən iştirakçılar arasında uzunmüddətli əlaqələr və əməkdaşlıqlar qurmaq, gələcəkyönümlü tərəfdaşlıqlar formalaşdırmaq üçün yaxşı fürsət olduğunu, iştirakçıların layihə müddətində Azərbaycanla bağlı əldə etdikləri bilik və təcrübələri öz icmaları ilə paylaşmaları ölkəmizin daha da tanıdılmasına, mədəniyyətimizə olan marağın artmasına şərait yaradacağını qeyd edib.
Qeyd edək ki, lahiyənin məqsədi Azərbaycan mədəni irsi, etnoqrafiyası, köklü milli adət-ənənələri - xüsusilə Novruz bayramı haqqında xarici ictimaiyyətin məlumatlılığını artırmaq, dəyərlərimizin təbliğinə və inkişaf etdirilməsinə, həmçinin bu dəyərlərin Avropada, beynəlxalq aləmdə tanıdılmasına təkan verməkdən ibarət olub.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Gənclərin Maarifləndirməsinə Dəstək İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilib.
F'ərid Səfərov
AJB-nin üzvü