Menu
Xəbər Lenti
08 Haz 09:42Manşet / Siyasət

Azərbaycan-Misir münasibətlərində yeni mərhələ

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanan və beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzu durmadan artır. Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Ən yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verməkdədir. Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir.

“Qafqazinfo” AZƏRTAC-a istinadən Azərbaycanın ərəb dövlətləri, o cümlədən Misir ilə əlaqələrinin inkişaf tarixinə nəzər salır.

Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı ildən-ilə möhkəmləndirilir

Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Belə ki, əsrlərlə Azərbaycan şairləri və mütəfəkkirləri ərəb dilində də yazıb-yaratmışlar. Dahi Azərbaycan şairləri Nəsiminin və Füzulinin məzarlarının ərəb dövlətləri ərazisində yerləşməsi bu bağlılığın daha bir bariz nümunəsidir.

2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib.

İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin ərəb dünyasının haqq işini həmişə dəstəkləyib.

Dünyada islamofobiya meyillərinin daha da gücləndiyi dövrdə Azərbaycan islamofobiyaya qəti şəkildə qarşı çıxır. Dövlətimiz daim beynəlxalq miqyasda belə mənfi tendensiyalarla fəal mübarizə aparıb. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan Bakı Prosesi müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verdi. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Birləşmiş Millətlər Təşkilatı tərəfindən sözügedən sahədə önəmli beynəlxalq platforma kimi tanınıb.

Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Bir sıra ərəb dövlətləri, xüsusilə İraq və Misir illərdir mina problemindən əziyyət çəkir. Ölkəmiz mina probleminə beynəlxalq aləmdə daha çox diqqət çəkmək istiqamətində ərəb ölkələri ilə əməkdaşlıq edə bilər.

Son aylar ərzində Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, indi isə Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı ölkəmizin həm fəal, təşəbbüskar xarici siyasət aparmasının, həm də multilateralizmə, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan belə tədbirlərdə iştirakla öz mövqeyini beynəlxalq müstəvidə irəlilətmək üçün əla imkanlar əldə edir.

Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında bu ölkənin Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Fəxri qonaq statusunda iştirakı da dövlət başçısının bu sahədəki siyasətinə göstərilən böyük hörmətin əyani göstəricisi idi. Zirvə görüşünün açılış mərasimində çıxış edən dövlət başçısı Azərbaycanın bu mötəbər təşkilatla əlaqələri inkişaf etdirmək istəyini xüsusi vurğulayaraq bildirib: “Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. Bu yay mənə Baş katib cənab Əbul Qeyti Bakıda qəbul etmək şərəfi nəsib olub. Biz gələcək əməkdaşlığımızla bağlı geniş söhbət apardıq. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik”.

Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər də xüsusi əhəmiyyətə malikdir.

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Respublikasına rəsmi səfəri başlayıb. Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçiriləcək. Səfər çərçivəsində imzalanacaq sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.

Azərbaycan-Misir əlaqələrinin tarixinə qısa baxış

Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.

Qeyd edək ki, hələ 1958-ci ilin mayında keçmiş SSRİ-də rəsmi səfərdə olan Misirin o dövrdəki Prezidenti Camal Əbdülnasir Bakıya gəlib və ölkəmizdən çox böyük təəssüratlarla ayrılıb.

Ulu Öndər Heydər Əliyev iki ölkə arasında münasibətlərin inkişafına daim böyük önəm verirdi. 1994-cü ilin sentyabrında Azərbaycan Prezidenti Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri zamanı Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Bu görüş Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. İki ölkə arasında münasibətlərin gələcəyinin müəyyənləşdiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.

Azərbaycan-Misir əlaqələrinin inkişafına təkan verən növbəti səfər isə 2007-ci il mayın 6-8-də reallaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri zamanı Prezident Hüsnü Mübarəklə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb.

Həmin səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimi olub. Mayın 7-də isə Azərbaycan Prezidenti İlham Əliyev Misir Parlamenti tərəfindən medal ilə təltif olunub. Qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim edilir.

Qeyd etmək yerinə düşər ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Elə Prezident İlham Əliyevin həmin səfəri zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivləri də müzakirə olunub, Liqaya üzv ölkələrin səfirləri ilə görüş keçirilib.

Dövlət başçısının olduqca məhsuldar keçən həmin səfəri zamanı Azərbaycanın M.F.Axundzadə adına Milli Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanası, Azərbaycanın Abşeron Rayon İcra Hakimiyyəti və Misirin Qəlyubiyyə əyaləti arasında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misirin Mineral Ehtiyatlar Qurumu arasında texniki əməkdaşlıq Protokolu, həmçinin İnformasiya Texnologiyaları Nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumuna və iki ölkənin hökumətləri arasında hava nəqliyyatı haqqında sazişə əlavə Protokol imzalanıb.

Bundan başqa, 2016-cı il noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Misirdə, 2019-cu ilin noyabrında Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Bu səfərlər zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşılıqlı əlaqələrin bugünkü inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynayıb.

Hələ 2002-ci ilin oktyabrda Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 60-dan çox sənəd imzalanıb.

Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.

2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər.

Azərbaycan və Misir beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir

Ötən il yanvarın 27-28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri də yaddaqalan olub. Prezident İlham Əliyevlə geniş tərkibdə görüş başa çatdıqdan sonra iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Bu sənədlərə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” aiddir.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev mətbuata bəyanatında deyib: “Hörmətli cənab Prezident, Sizin tərəfinizdən aparılan islahatlar Misir dövlətinin imkanlarını böyük dərəcədə gücləndirə bilmişdir. Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır. Biz bunu çox təqdir edirik və əldə olunmuş nailiyyətlərlə öz dostlarımızı səmimiyyətlə təbrik edirik. Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”.

Dövlət başçısı bildirib ki, iki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və s. daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var.

Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyduğunu bildirən Əbdülfəttah Əs-Sisi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları görməkdən şad olduğunu deyib.

Bu məqamlar bir daha göstərir ki, bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.