Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

28 Haz 12:16Manşet / Gündəm

"ABŞ sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır" - Ekspert

 

"ABŞ istəyir ki, Bakı və İrəvan tezliklə sülh müqaviləsi imzalasın. Məqsəd Orta Asiyaya gedən və Azərbaycanla Ermənistan üzərindən keçən yolların mümkün qədər tez işə salınmasına nail olmaqdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev son zamanlar Vaşinqtonun Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını tezləşdirməyə çalışdığını şərh edərkən deyib.
Arif Əliyev vurğulayıb ki, ABŞ hər iki tərəflə əlaqələrini gücləndirib, sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çalışır:
"Bu məsələdə onların tələsməsi barədə öz mövqelərini dövlət katibinin köməkçisi Obrayn son açıqlamalarında da bildirib. Eyni zamanda, Dövlət Departamentinin digər rəsmiləri də suala cavabda bildiriblər ki, onların əsas məqsədi Orta Asiyaya gedən və Azərbaycanla Ermənistan üzərindən keçən yolların mümkün qədər tez işə salınmasına nail olmaqdır. İndiki vəziyyətdə şübhəsiz ki, Gürcüstan üzərindən keçən yoldan da istifadə edilə bilər. Amma ABŞ daha çox Ermənistan üzərindən keçən yola maraq göstərir, onu iqtisadi cəhətdən daha üstün hesab edirlər". 
 
Həmsöhbətimiz qeyd edib ki, kommunikasiya məsələlərində rəqabət hazırda ən yüksək həddə çatıb:
"Çin də bu məsələ ətrafında çox fəallaşıb. İran sürətlə müqavilələr imzalayır. Rusiya Azərbaycanla danışıqlar aparır. Bu rəqabət dövrün ən böyük geosiyasi rəqabətlərindən biridir. Vaşinqtonun da bu müstəvidə sülh müqaviləsinin imzalanmasının tezləşməsində maraqlı olması həmçinin bölgə ətrafında rəqabətin kəskinləşməsilə əlaqədardır".
Ekspert deyib ki, bütün variantlar əslində ölkəmiz üçün gəlirlidir:
"ABŞ-ın təklif etdiyi variant isə həm də siyasi cəhətdən çox əlverişlidir. Amma Bakı da çalışır ki, sülh müqaviləsi imzalanarkən özü üçün maksimal və əlverişli şərtlər əldə etsin. Ölkəmiz üçün indiki halda əsas şərt Ermənistanın gələcəkdə ərazi iddialarının irəli sürülməsi imkanlarının aradan qaldırılmasıdır. Ona görə də Ermənistan Konstitusiya dəyişikliklərinə getməlidir".
Qeyd edək ki, son zamanlar Vaşinqtonun Cənubi Qafqaza marağı sürətlə artır. Bölgəyə ABŞ rəsmilərinin səfərləri intensivləşib. ABŞ dövlət katibi Blinken dəfələrlə Azərbaycan Prezidenti və Ermənistan baş nazirilə telefon əlaqəsi qurub. Bundan başqa dövlət katibinin müavini Ceyms Obrayn intensiv olaraq bölgəyə səfərlər edir. Görünən odur ki, bu danışıq və səfərlərdə də əsasən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasının sürətləndirilməsi istənilir. 
Rüfət Sultan