Menu
Xəbər Lenti
Güclü külək əsir
4-09-2025, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
4-09-2025, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

06 Eyl 10:15Manşet / Siyasət

“Villasını 8 milyona satanlar da köməyinizə çata bilməyəcək...”

villasini-8-milyona-satanlar-da-komeyinize-cata-bilmeyecek

Rusiyanın Xarici İşlər Nazirliyi sığorta ilə bağlı gülünc bəyanatı verməyə də bilərdi. Ən azından ona görə ki, səhvkən, yanlışkən məsələni yenidən gündəmə gətirmək ilk öncə onların öz maraqlarına uyğun deyildi və əgər bunu elədilərsə, demək sırf provokasiya məqsədilə etdilər, növbəti dəfə əsəblərimizlə oynamağa çalışdılar.

Hər halda Lavrovun idarəsi sığorta ilə kompensasiyanın, dövlətlə sığorta şirkətinin fərqini bilməmiş deyil. Ayrıca, bu cür həssas mövzularla bağlı bəyanatların mətni də heç şübhəsiz, cümlə quruluşuna, nöqtə - vergülünə qədər öncədən dəqiqləşdirilir, razılaşdırılır və yalnız ondan sonra dövriyyəyə buraxılır.

Yəni, təsadüf istisnadır. Birmənalı. Eynən təyyarənin vurulması kimi.

Azərbaycan tərəfi (həm dövlət, həm cəmiyyət olaraq) ilk başdan məlum terrora adekvat münasibət sərgilədi, şimal qonşumuza layiq olduğu cavabı verdi və konkret tələblər irəli sürdü.

Bəs, Rusiya? O necə davrandı? – Sanki, qlobal bir hadisə (problem) olmayıbmış kimi.

Əvvəlcə, HHM qüvvələrinin guya təhlükə hiss etməsi ilə bağlı nağıllar, miflər uyduruldu. Hərgah, 11 km yüksəklikdə uçan obyektin təyyarədən başqa nəsə olması faktiki olaraq mümkün deyildi və həmin təyyarəyə güllə atan zabit də, ona atəş əmrini verənlər də gözəl bilirdi ki, nə raket, nə də digər döyüş qurğusu məlum məsafədə görünə, hərəki trayektoriya cıza bilməz.

Və...ardınca tam susqunluq, etinasızlıq. Hətta imitasiya xətrinə də olsa, ən kiçik addımlar atılmadı. Əsas icraçılar qalsın bir yana, adi “dispetçer”in belə ifadəsi alınmadı. Siyasi üzrxahlıq edilmədi. Peşmançılıq sezilmədi.

Əlbət, bu sırada kompensasiya da prioritet xətlərdən biridir. Fəqət, bizim üçün ən ümdə və vacib məsələ o idi ki, Rusiya hər şeyi etiraf etsin, dövlət səviyyəsində üzr istəsin, söhbəti malalamasın və törədilən cinayətin üzərindən sükutla, soyuqqanlıqla keçməsin.

Amma nə təəssüf, gözləntilərimizin tam əksi oldu. Bir cinayətin açıqlaması (üzrü) gəlməmiş, digəri törədildi, Yekaterinburqda soydaşlarımıza qarşı son dərəcə amansızcasına davranıldı, diaspor nümayəndələrimiz kütləvi şəkildə həbsə göndərildi.

Nə baş verir?

Tam səmimi deyim, illərdir siyasətlə məşğul olsam da, bu sualın korrekt cavabını hələ özüm üçün dəqiqləşdirə bilməmişəm. Çünki adam anlamır, səbəb - Qarabağdakı qələbəmizdirmi, Zəngəzur dəhlizidirmi, Azərbaycanın ard-arda sıralanan diplomatik uğurlarıdırmı, liderimizin tam müstəqil siyasət yürütməsidirmi, yoxsa nə...

Mümkündür ki, bunların hamısı bir yerdədir, yəni, səbəb kompleksdir və ona görə də Rusiya (öz aləmində) düşünür ki, məlum inkişafın, sürətin qarşısını zamanında almaq lazımdır.

Bacarmazsız, cənablar! İnanın, indi, məhz bu məqamda - dəqiq bacarmazsız!

Hansısa təxribat planları qurmaq, bəzi satqınları, agentləri, “verbovka” damğalı keçmiş vəzifəliləri, villasını 8 milyon dollara satışa çıxarıb, sonra təmizlikdən, dürüstlükdən danışan eks-məmurları, radikal müxalifətimizin “dolmalıq badımcan” qiymətinə satışa çıxmış ünsürlərini bu işə cəlb etmək, prosesə qoşmaq, təlimatlandırmaq, bəlkə də, mümkündür.

Amma nəticə olmayacaq. Olmayacaq ki, olmayacaq.

***
Ya kompensasiya ödəyib, üzr istəyəcəksiz.

Ya da elə bir mərhələ gələcək ki, o üzrün gecikməsini on illər boyunca kompensasiya eləməyə məcbur qalacaqsınız.

Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri