Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Şamaxıda Maqsud İbrahimbəyovun 90 illiyinə həsr olunan tamaşa nümayiş olunub

Şamaxı, 5 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının “Xəyalların yaratdığı gələcək” tamaşasının nümayişi olub. Tamaşa Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunub.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə regionlarda keçirilən qastrol tamaşalarının teatr üçün böyük əhəmiyyət daşıdığını bildirib. “Bu tamaşanı Gəncə və Lənkəranda nümayiş etdirdik və hər yerdə böyük rəğbət gördük. Şamaxıda da bizi çox səmimi qarşıladılar. Burada yaradılan şərait, qonaqpərvərlik və səhnənin texniki imkanları kollektivimizə xüsusi ruh verib. Aktyorlarımız da bu şəraitin tamaşanın keyfiyyətinə müsbət təsir etdiyini qeyd edirlər”.
Direktor əlavə edib ki, regionlarda tamaşaçı ilə ünsiyyət teatrın yaradıcılıq planlarında daim prioritet olaraq qalır.
Tamaşanın əsas rollarından birini ifa edən Əməkdar artist İnna İmranova Şamaxıda çıxış etməyin ona xüsusi zövq verdiyini vurğulayıb: “Bu gün gözəl bir tamaşa ilə Şamaxıya qonaq gəlmişik. Səhnələşdirdiyimiz “Xəyalların yaratdığı gələcək” tamaşası Maqsud İbrahimbəyovun 90 illiyinə həsr olunub və onun hekayələri əsasında hazırlanıb. Bu tamaşada həm teatrın gənc aktyorları, həm də orta nəsil sənətkarları yer alıb”.
Aktrisa bildirib ki, tamaşanın mövzusu səmimiyyət, dostluq, canlı ünsiyyətdir. Bu, region tamaşaçısına da yaxşı tanışdır: “Biz göstərmək istəyirik ki, həyatda əsas olan canlı ünsiyyətdir. Nə telefon, nə də başqa vasitələr insan münasibətlərinin əvəzini verə bilməz”.
İnna İmranova Şamaxıda yaradılan şəraitdən xüsusi məmnunluğunu ifadə edib.
Tamaşanı izləyən Nüranə Mirzəyeva təəssüratlarını bölüşüb. “Şamaxı sakinləri üçün yaradılan şərait bizi xüsusilə sevindirir. Belə tədbirlər adətən Bakıda keçirilir və regionlarda bu cür imkanlar çox vaxt olmur. Tamaşaya müxtəlif yaş qruplarından insanların maraq göstərməsi bölgədə mədəni həyata olan ehtiyacın bariz göstəricisidir. Hazırlıq zamanı müxtəlif yaş kateqoriyalarından insanların prosesi izləməsi bizim üçün də qürurvericidir. Bu gözəl təəssüratların tamaşadan sonra da davam edəcəyinə əminəm”.
“Xəyalların yaratdığı gələcək” tamaşasının Şamaxıda nümayişi həm teatr kollektivinə, həm də yerli tamaşaçılara unudulmaz anlar yaşadıb. Mədəniyyət Mərkəzində formalaşan yaradıcı mühit, peşəkar səhnə şəraiti və tamaşaçı marağı gələcəkdə bu kimi layihələrin daha geniş miqyasda həyata keçirilməsi üçün stimul verir.
Xatırladaq ki, tamaşa Vladimir Neverovun səhnələşdirməsi əsasında hazırlanıb, quruluşçu rejissor Raulya Türkkandır.






























































