Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
Amnistiya aktının icrasına başlanılıb

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Oxu.Az-ın məlumatına görə, bu cəzaçəkmə müəssisəsində Amnistiya aktı ilkin mərhələdə 52 nəfərə şamil olunub. Onlardan 22 nəfər bu gün azadlığa buraxılıb.
Tədbirdə Ombudsman, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.
Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digərlərinin cəzadan, yaxud cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.





















































