Menu
Xəbər Lenti
Riyaziyyat gecəsi keçirilib
28-01-2026, 17:59

Riyaziyyat gecəsi keçirilib

30 Ock 08:15Manşet / Gündəm

Amasiya Rayon İcması yubiley və kitab təqdimatı mərasimi keçirdi

Amasiya Rayon İcması yubiley və kitab təqdimatı mərasimi keçirdi

“Xezertv.info” xəbər veriri ki, 29 yanvar 2026-cı il tarixində Qərbi Azərbaycanın Amasiya Rayon İcmasının təşkilatçılığı ilə ictimai-mədəni tədbir keçirildi.
Tədbirin rəyasət heyətində Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu və Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının və Allahverdi rayon İcmasının sədri, professor Vahid Novruzov təmsil olunurdular.
Tədbirin gündəliyinə Amasiya rayon icmasının idarə heyətinin üzvü, ictimai fəal və ağsaqqal Mehdi İsmayıl oğlu Haqverdiyevin 90 illik yubileyinin, folklorşünas alim Tacir Səmiminin 70 illik yubileyinin qeyd olunması, eləcə də Tacir Səmiminin müəllifi olduğu “Sözüm – söhbətim Ağbaba” və Amasiya rayonu Qoncalı kənd icmasının sədri, ehtiyatda olan polkovnik-leytenant Ələsgər Hüseyn oğlu Vəliyevin müəllifi olduğu “İbrət” kitablarının təqdimatı daxil edilmişdi.
Mərasim dövlət himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra tədbiri giriş sözü ilə açan Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov Amasiya İcmasının yaranma və təşkilatlanma mərhələlərindən, bu istiqamətdə görülmüş işlərdən və keçirilən tədbirlər haqda hesabat xarakterli çıxış etdi. O, icmanın fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və gələcək planlar barədə məlumat verdi, Amasiya İcmasının fəaliyyətinə göstərilən dəstəyə görə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə İcma üzvləri adından təşəkkür etdi.
Akademik eyni zamanda qonşu rayon icmalarını təmsil edən bir qrup ziyalıya da nümayiş etdirdikləri həmrəyliyə görə minnətdarlığını bildirdi.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu doğulduğu Amasiya rayonu ilə bağlı xatirələrini bölüşdü, bu cür tədbirlərin milli yaddaşın yaşadılmasına və tarixi-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini vurğuladı.
Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının və Allahverdi rayon İcmasının sədri, professor Vahid Novruzov rayon icmalarının təşkilatlanması prosesi, Qərbi Azərbaycana qayıdışla bağlı həyata keçirilən işlər barədə danışdı, Amasiya İcmasının tədbirinə dəvət aldığı üçün təşəkkür etdi.
Daha sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələr və çıxışlar dinlənildi.
Mehdi Haqverdiyevin həyat və ictimai fəaliyyətinə həsr olunmuş hissədə onun ağsaqqallıq missiyası və icma həyatındakı rolu xüsusi qeyd edildi. Bu mövzu ətrafında Amasiyalı ağsaqqal Aslan Ramazanov, vaxtilə Ermənistan Mərkəzi Komitəsinin üzvü olmuş Məhyəddin Aydınov və professor Aslan Bayramov çıxış edərək yubilyarın mənalı ömür yolundan bəhs etdilər.
Tacir Səmiminin elmi və yaradıcılıq fəaliyyətinə həsr olunan çıxışlarda onun Qərbi Azərbaycan folklorunun toplanması və tədqiqindəki xidmətləri vurğulandı. Bu mövzu ilə bağlı professor Aftandil Ağbaba, şair-publisist Şəmsi Qoca, filologiya elmləri namizədi Afoş Vəliyev və texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov çıxış edərək “Sözüm – söhbətim Ağbaba” kitabının elmi və mənəvi əhəmiyyətindən danışdılar.
Ələsgər Vəliyevin müəllifi olduğu “İbrət” kitabının təqdimatı zamanı çıxış edənlər nəşrin vətənpərvərlik ruhu, tarixi yaddaşın qorunması və gənc nəslin milli şüurunun formalaşması baxımından əhəmiyyətini qeyd etdilər. Bu hissədə şair-publisist İmran Güllübulaqlı, ehtiyatda olan polkovniklər Zahid Teymurov və Elmar Hüseynov, həmçinin Qərbi Azərbaycan İcmasında Amasiya icması üzrə koordinator Əhməd Rzayev çıxış etdilər.
Tədbirin sonunda hər bir yubilyara Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli tərəfindən imzalanmış təşəkkürnamə və Amasiya Rayon İcmasının fəxri diplomu təqdim olundu.
Sonda Mehdi Haqverdiyev, Tacir Səmimi və Ələsgər Vəliyev çıxış edərək göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildirdilər, yaradıcılıq fəaliyyətləri barədə qısa məlumat verdilər.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.


Xezertv.info