Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
“Bir qadir insanam el nəzərində”
Şair-aşıq Həsənəli Təhməzoğlu şeirinə qısa baxış
Biz dəfələrlə israr etmişik ki, insanın həyatında dönüş yaradan hadisə və prosesləri ən birinci şair duyur. Sonra da o, həyatdan əxz etdiklərini zərurət halında oxuculara diqtə edir. Oxucu məhz şairin diqtəsi ilə anlayır ki, həyatı solğun duyğularla deyil, qaynar hislərlə doldurmaq lazımdır. Çünki insan yalnız özünə aid həyatın ovqatı ilə duru qalır...
Ədəbiyyat xarakterik-ictimai proseslərin fərqli təzahürlərini sezən sahədir, şair isə bu hadisələri poetikləşdirir, canlandırır, oxucuda həyata fərqli baxış yaradır, onu öz faktiki düşüncələri ilə süsləyir, ümumi əhvalla doldurur...
Əlbəttə, poeziya da, nəsr də müqəddəs sahələrdir, şair-yazıçı öz amalı uğrunda cəngə çıxır, fəqət sonda öz marağını güdmür, oxucuya lazım olan halları araşdırır, ciddi-sanballı əsərləri, inandırıcı qələm nümunələri ilə özünü oxucuya sevdirməyi bacarır.
Şeiriyyət təkcə bir sahədə qərar tutmur. Bu, bəllidir. Qələm sahibləri həyatı müxtəlif aspektlərdən qabardır, kimdə hansı istiqamət daha çox qəlb ovundurursa, onunla da məşğul olur. Heç şübhəsiz, biz tam əminik ki, yaradıcılığı haqqında qısa söz deyəcəyimiz aşıq-şair Həsənəli Təhməzoğlunu bu sahədə ən çox qane edən ictimai-həyati tərəflərdir. Şeirlərindən də görürük ki, o, daha çox xalq malını yeyən, insanları aşağılayan, ata-anaya hörmət qoymayan, el sevgisinin nə olduğunu bilməyən, ancaq öz nəfsləri üçün çalışan və s. tipləri tənqid edir, nöqsanları şeirin dili ilə sərgiləyir. Bəzən də sazını sinəsinə basıb bu halları aşıq havaları ilə cəmiyyətə ərz edir. Buna görə onun şeirlərində, dediyimiz kimi, biz daha çox dövrdən, zamandan, insanlardan, həyatdan, şeytandan-fələkdən və s. giley, incilkik, narahatlıq görürük. Bu hal onun yaradıcılığında çoxluq təşkil edir və bizdə belə bir qənaət formalaşır ki, Həsənəli Təhməzoğlunun şeirlərinin mayasını məhz bu tip naünaslar sarıb.
Buna əmin olmaq üçün şairin poeziyasından nümunələrə diqqət çəkək:
Hər mənəm deyəni saymazlar insan,
Onun ixtilatı şirin olmasa.
Əyləşmə, ayıbdı, ey naşı nadan
Arif məclisində yerin olmasa...
***
Canımda atəş var vulkandan betər,
Ətrafa od-alov salmağım da var.
Gödəki günəşəm, ulduzam, ayam,
Buludtək boşalıb dolmağım da var.
***
Qürrələnib əğyar gülər işin dara düşəndə,
Sar özünü qartal sanar tərlan tora düşəndə.
Ol səbəbdən istəyirəm, aləm ola laləzar,
Çünki bağban həvəs eylər bağça bara düşəndə...
***
İnsan olan hər yetənə aldanıb
Pünhan sirrin bildirməsə yaxşıdır.
Ağıldan kəmləri, kəmsəxaları
Adam sanıb dindirməsə yaxşıdır.
Bu şeir parçalarında həyat həqiqətləri, giley-güzar, narahatlıq, öyüd-nəsihət, bir sözlə, tənqidəxas eyhamlar var, hər şeirin də özünəməxsus nöqsanaşkarlama, yaddaşa təsiretmə gücü və həddi var. Bu şeirlərin hamısında şair oxucunu toxunduğu hislərin əhatəsinə çəkməyi bacarıb. Onun bu şeirlərdə qurduğu süjet xətləri həyatdan, taledən qaynaq götürüb. O, sadəcə, bu hisləri qaynar ilhamı ilə qabardıb, poeziyaya töhfə verib.
Həsənəli Təhməzoğlunun əksər şeirində düşündürücü ovqat, xoş əhval var. Həmin şeirlərdəki hadisə və süjetlər poetik səciyyənin doğurduğu konsepsiyaya əsaslanır. Yəni bu şeirlər əsasən aşıq tipində olsa da, poetik zəmin etibarilə lirik təcəssümə xas bütün ədəbi təfsilatları özündə əks etdirir. Bu şeirlərin dili, süjeti və obrazların bir-birinə sədaqəti poetikanın tələb və qaydalarına uyğundur, oxucu bu şeirlərdən özü üçün çox şey götürə bilər.
Əlbəttə, həyatda qeyri-adi təsadüflər qaçılmazdır. Buna zərrəvi səbəblərdən asılılıq da zəmin yaradır... Elə əsərlər var ki, orada bu nüanslar aşkar deyil, gizlidir, ancaq hadisələr deyilməsi çətin, ya da mümkün olmayan halları ikili standart kimi təqdir edir... Apardığımız təqdiqatlardan da görünür ki, daim Gürcüstanın Qaraçöp sevdası ilə yaşayan, həmyaşıd olduğu aşıqlarla deyişən – onlarla söz cənginə çıxan Həsənəli Təhməzoğlunun şeirlərində həyat həqiqətləri sırf poetik təlqindədir, o şeirlərdə ikili standart yoxdur və bədii xüsusat hadisələrə dinamik şərh vermək iqtidarındadır... Azacıq da el-oba niskili, bir Azərbaycan qənaəti var. Yəni bu aşıq-şairin məqsədi hətta içi yurd, el-oba yanğısı ilə dolu olsa da, oxucunu oxuduğu havacatların təsirində ovutmaq olmayıb, ona bu nəğmənin doğurduğu hisslə şeirin gəldiyi qənaəti də anladıb...
Bəlli ki, bütün əsərlərdə daha çox orijinallığa üstünlük verilir. Biz Həsənəli Təhməzoğlunun istənilən şeirini oxuyur, əmin oluruq ki, o, müraciət etdiyi mövzunu dövrdən asılı qoymayıb, əksinə, daim yeni nəsə tapmağa cəhd edib, çox vaxt buna nail olub. Onun şeirlərini, onun aşıq ruhunu oxuculara sevdirən ən tutarlı səbəb də bəlkə elə budur.
Şair şeirlərinin birində bunu belə ifadə edir:
Bir qadir insanam el nəzərində,
Xoş sədam, sorağım ucaldır məni.
Görürəm, sevdikcə sevilirəm mən,
Həvəsim, marağım ucaldır məni...
Həsənəli Təhməzoğlunun şeirlərinin bir çoxunda hadisələr həm də sirr kimi yaddaşa hopur. Batini yalnız Allaha bəlli olan bu predmet şairi mümkün reallıqlar axtarmağa sövq edir.
Məsələn, aşağıdakı şeir parçasında bu hal özünü aşkar qabardır:
Əlif qəddin dal çağında, ey insan,
Güc vermə özünə guş edib əldən.
İstər min bəzək vur, min də sürmə çək,
Göz düşüb çuxura, qaş gedib əldən...
Buradakı sətiraltı mənalar oxucunu düşündürür, o, əmin olur ki, gizli olan nə varsa, orada batini bir məna var. “Əlif” ərəb əlifbasının ilk hərfidir – düz qamətli hərfdir; şair cavan insanı həmin hərfə bənzədir. Ömrün dal çağı da artıq budağa çevrilmiş çağıdır. Yəni pöhrə çubuq artıq budaq olub, belə deyək, yaşlaşıb. Daha doğru qənaətdə isə, şair demək istəyib ki, ey insan, düz qamətinin budağa çevrildiyi vaxt gücün yetməyən daşa güc etmə. Yəni şair bununla insana öz həddindən çıxmamasını məsləhət görüb.
Həsənəli Təhməzoğlunun obrazları həyatın mübarizələrinə yaxından şahidlik edir, proseslərlə qabaq-qənşər qalırlar. Onun ürək-könül yanğısı verdiyi əksər şeirdə mənlik, qürur, mənsubiyyət sətiraltı deyil, aşkardır. Müəllif mahiyyətini açmaq istədiyi hadisələrin ədəbi məğzini öz şəxsi istək və arzusu kimi yox, qlobal sarsıntı, bəşəri istək kimi təqdim edir.
Ancaq yaxşı haldır ki, Həsənəli Təhməzoğlunun şeirləri müasir düşüncənin, hər kəsin daha rahat, daha dolğun qavraya biləcəyi şeirlərdir, oxucu üçün orada çox şey var...
Həsənəli Təhməzoğlunun şeirlərində lirizm, təbiətə, insanlara vurğunluq, Vətən sevgisi, ictimai məğzlər də poetik vəsf kimi təsdiqini tapır. Bu şeirlərdə həyatını həm əzab və zilləti, həm də təmiz-xoş tərəfləri var. Oxuduqca könlümüzdə durulma baş verir, içimizdə həyata, insanlara rəğbət artır.
Həsənəli Təhməzoğlunun ləngərli şeiryazma tərzi var. O, ədəbi ənənələrə sadiq qalıb, şeirin həyatla necə səsləşdiyini aşkar şəkildə oxucuya göstərib. Bu şeirlər xalq ruhu ilə həmahəng olan şeirlərdir. Bu şeirlərdə yaradıcılığın gözəlliklə, müdriklik və kamilliklə əlaqəli istiqamətləri də söz ümmanıdır, burada bədii ifadə vasitələrindən də düzgün istifadə olunub, xəlqiliyin sadəliklə birlik kodeksi poetik bir təfərrüat kimi diqqət çəkir.
Həsənəli Təhməzoğlu həm aşıq, həm də şair kimi qələmə aldığı şeirlərdə oxucu diqqətini təkcə zillət doğuran çətin həyata istiqamətləndirməyib, həm də milli-mənəvi dəyərlərimizi, milli kimliyimizi şərəf nişanı kimi onun yaxasından asıb. Bəlkə də buna görə onun poeziyasında həyatın da, taleyin də, hətta ətraf mühitin də aydın görüntüləri var.
Çox xoş haldır ki, illər əvvəl dünyasını dəyişmiş şair-aşıq Həsənəli Təhməzoğlu parlaq qələm nümunələri ilə bu gün də müasir oxucunun yaddaşında yaşayır...
Raqif Nazimoğlu,
şair-alim






















































