Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
Kiyev: Ukraynalı uşaqların Rusiyaya qaçırılmasının növbəti halları qeydə alınıb
Ukraynanın işğal altındakı ərazilərində uşaqların Rusiyaya qaçırılmasının yeni halları qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, işğal olunmuş ərazilərdəki qondarma region administrasiyaları ukraynalı uşaqları “istirahət” bəhanəsi ilə Rusiyaya qaçırır:
“Uşaqların “dincəliş” və “sağlamlaşdırma” adı ilə RF ərazisində sanatoriya və istirahət mərkəzlərinə aparılması ilə bağlı növbəti hallar qeydə alınıb. Xüsusilə mənbələr RF-nin Kabarda-Balkar Respublikası və Novosibirsk vilayətinin ərazisində ukraynalı uşaqların olması barədə məlumat verir”.
Qeyd edək ki, Ukraynanın işğal olunmuş ərazisindən ukraynalı uşaqların Rusiyaya deportasiyası, BMT-yə görə, hərbi cinayət, AŞPA-nın qərarına görə isə, soyqırımıdır. Bu proses 2022-ci il fevralın 24-də başlayan müharibə ilə start götürüb. Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırılmağa və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar. Deportasiya edilənlər həm valideyn himayəsindən məhrum olmuş, həm də valideynləri olan uşaqlardır. Uşaqlar əsasən Donbas regionundan, Mariupoldan (oradan Ukrayna müharibənin ilk iki günündə bütün yetimləri təxliyə edib), həmçinin ölkənin Xerson, Xarkov və Kiyev vilayətlərindəndir.
Ukrayna və beynəlxalq ictimaiyyətin fikrincə, ukraynalı uşaqların Rusiyaya deportasiyası beynəlxalq hüquqa ziddir, Rusiya Federasiyasına görə, bu, “uşaqları xilas etməkdir”. Rusiya Federasiyasının qanunvericiliyinə uşaqlara sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı verməyə icazə verən və onların Rusiyada övladlığa götürülməsi üçün maneələri aradan qaldıran dəyişikliklər edilib, həmçinin potensial övladlığa götürən valideynlərlə ideoloji iş aparılır.
Deportasiya edilmiş uşaqların sayı və onların statusu ilə bağlı hesablamalar dəyişkəndir: bu rəqəm 738 minə çatır.
2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə şübhəli bilinərək həbsinə order verib.