“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
İrəvanın növbəti xəyanəti: Erməni generallar Moskvanı Pentaqonla əvəzləyir - ŞƏRH
Rusiya növbəti dəfə İrəvandan ağır zərbə alıb. Mövcudluq tarixi xəyanət, satqınlıq üzərində qurulan ermənilər sürətlə yeni hami axtarışına çıxıblar. Onlar bir millət və dövlət kimi formalaşmalarında əvəzsiz xidmət göstərmiş Rusiyaya arxa çevirir, onu satmaqla məşğuldurlar. 44 günlük müharibə zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Kreml rəhbərinə yalvardığı, Azərbaycanı dayandırmağı xahiş etdiyi halda indi ona qarşı çıxır, yumşaq desək, ona xəyanət edir. Qərbdən aldığı tapşırıqlara uyğun olaraq rəsmi Moskvanı regiondan uzaqlaşdırmaqda israrlıdır.
İrəvan Fransa və ABŞ kimi ölkələrlə hərbi, siyasi əməkdaşlığı genişləndirməkdədir. Sentyabrda ABŞ ilə birlikdə keçirilən “EAGLE PARTNER 2023” hərbi təlimlərindən sonra yüksək rütbəli hərbçilərini Pentaqon generalları ilə görüşə göndərib. Görünən odur ki, sentyabrda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərindən nümayişkaranə şəkildə imtina edərək ölkə ərazisində ABŞ hərbi təlimlərini keçirməklə İrəvan ard-arda anti-Rusiya addımları atmaqdadır.
Növbəti belə bir addım Ermənistanın yüksək rütbəli hərbçilərinin Birləşmiş Ştatların Avropa komandanlığının (EUCOM) rəhbərliyi ilə Ştutqartda keçirilən görüş olub. İlkin razılığa görə, ABŞ bu ölkənin hərbçilərinin peşəkar və döyüş hazırlığına kömək edəcək. Görüş müdafiə nazirinin müavini Edvard Asryanın başçılıq etdiyi heyətlə EUCOM-un Avropa komandanlığının müavini Stiven Başam arasında keçirilib. Vaşinqton İrəvana serjant hazırlığı və idarəetmə sisteminin modernləşməsinə yardım edəcək. Amerikalı mütəxəssislər erməni hərbçilərin sülhməramlı əməliyyatlarda iştirakına, hərbi tibbi sahənin modernləşməsinə, təhsil və döyüş hazırlığına dəstək göstərəcək.
Qeyd edək ki, EUCOM ABŞ-nin Avropada, Asiya və Yaxın Şərqin bir sıra sahələrində, Şimal Buzlu və Atlantik okeanlarda hərbi əməliyyatlarına cavabdehdir. Ordunun sayı 65 mindən çoxdur.
Ermənistanın baş naziri Nikol Paşinyanın komandasına daxil olan Asryan bildirib ki, orduları ciddi islahatlara ehtiyac duyur. Bu işdə isə bir sıra dövlətlərin, xüsusilə Birləşmiş Ştatların dəstəyinə ümid bəsləyir. Onun sözlərinə görə, generallar səviyyəsində görüşlər gələcəkdə birgə hərbi təlimlərin planlaşdırılması və keçirilməsinin əsasını qoyur. Müdafiə nazirliyinin yüksək rütbəlilərinin ABŞ komandanlığı ilə görüşü, ordunun peşəkarlığının aşağı səviyyədə olması birbaşa Kremlə ünvanlanan açıq mesajlardır.
Bu, o deməkdir ki, İrəvan KTMT ilə təlimlərə birdəfəlik son qoymaqda iddialıdır və istiqaməti ABŞ-yə, NATO-ya doğru götürməkdədir. Onlar bir neçə dəfə nümayişkaranə şəkildə KTMT-nin tədbirlərini, təlimlərini boykot ediblər. Təşkilatda nümayəndə postu da boş qalıb. Ermənistan onu uzun illər təşkilatda təmsil edən nümayəndəsini Avropa ölkələrindən birinə səfir göndərib. Bu isə Rusiya siyasi dairələrində ciddi narazılıq doğurmuşdu. Uzun illər təşkilatda çalışmış şəxsin KTMT-nin məxfi məlumatlarını qarşı tərəfə təqdim edəcəyi istisna edilmir.
Qeyd edək ki, Nikol Paşinyan Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın da daxil olduğu KTMT-ni dəfələrlə tənqid edib, ölkəsinin bu blokdan çıxacağını istisna etməyib. Oktyabrda Paşinyan ölkəsinin hələlik təşkilatda qalacağına söz vermişdi, çünki o, digər iştirakçılar arasında anlaşılmazlığın olmasını istəmirdi. “Biz məsələlərin müzakirəsi mərhələsindəyik, çünki biz KTMT-nin hər hansı məsələdə bizi səhv başa düşməsini istəmirik”, - o deyib.
Yeri gəlmişkən, bu gün bəlli olub ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin TŞ katiblərinin sabah Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək. İrəvanın bu qərarı Kremllə münasibətlərdə gərginliyin pik həddi deməkdir. Qriqoryanın Moskvaya təhlükəsizlik tədbirinə qatılmaması ciddi məsələ kimi xarakterizə edilib.
Bütün bunlar o anlama gəlir ki, İrəvan Moskva ilə birgə təmsil olunduğu bütün təşkilatlarda iştirakdan imtina məsələsində qətiyyətlidir. Yaxın vaxtlarda isə onun KTMT, MDB, hətta Avrasiya İqtisadi İttifaqından çıxması məsələsi də gündəmə gətirilə bilər. Düzdür, İrəvan rəhbərliyi Kremllə ikitərəfli münasibətləri əvvəlki kimi saxlamaqda davam edəcəyini bəyan etsə də, etdiyi hərəkətlər bunun əksini deməyə əsas verir. İrəvanın gətirdiyi arqument odur ki, bu təşkilatlarda təmsil olunmaq ona fayda vermir.
Yekun olaraq onu demək olar ki, qonşu dövlətin xarici siyasət sahəsində mürəkkəb vəziyyət hökm sürür. Nikol Paşinyan bir tərəfdən Qərbə yönəlmək istəyir, digər tərəfdən də Rusiya ilə açıq qarşıdurmaya getməkdən qorxur. Lakin bir məsələ də var ki, eyni anda iki stulda əyləşmək mümkün deyil. Odur ki, Ermənistanın hazırkı xarici siyasəti nə çoxvektorludur, nə də balanslı. Buna daha çox erməni xislətindən irəli gələn siyasət demək olar.
“Report” İnformasiya Agentliyi