Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

23 Kas 08:34Manşet / Gündəm / Siyasət

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin noyabrın 23-də Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Müraciətdə deyilir:

“Sizi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransının açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir və təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin tərəfdarıdır. 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilmiş Bakı şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi edib. Bugünkü konfrans da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə səylərin gücləndirilməsi baxımından böyük önəm daşıyır.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi, dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatın səylərini davamlı olaraq dəstəkləyir. Qlobal böhranların, bəşəriyyət qarşısında duran yeni sınaq və çətinliklərin, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, islam birliyinin gücləndirilməsi olduqca vacibdir.

2023-cü il Azərbaycan üçün xüsusilə əlamətdar il oldu. Otuz il ərzində ərazilərimizdə mövcud olan “boz” zonanı aradan qaldıraraq və separatizmə son qoyaraq ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etdik, bununla da beynəlxalq hüququn və ədalətin təntənəsini özümüz təmin etdik.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı otuz il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pisləyib, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl şəkildə dəstəkləyib. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə minnətdarlığımızı bildiririk.

Təəssüflər olsun ki, işğal illərində şəhər və kəndlərimiz Ermənistan tərəfindən qəsdən dağıdılıb, talan olunub, mədəni və dini abidələrimiz məhv edilib. Bundan başqa, Ermənistan işğal altında saxladığı ərazilərimizdə ilkin qiymətləndirmələrə görə, bir milyona yaxın mina basdırıb, burada urbisid, kultursid və ekosid törədib. Xalqımızın mədəni irsinə qarşı soyqırımı törətmiş ermənilər məscidlərimizi yerlə bir edərək yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər. İslam Əməkdaşlıq Təşkilatı əvvəllər işğal altında olmuş ərazilərimizdə islam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləyib, məscidlərin təhqir olunmasını şiddətlə qınayıb. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə və Təşkilatın Baş Katibliyinə bir daha təşəkkürümüzü bildiririk.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, vacib infrastruktur layihələri həyata keçirilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına - Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur.

Əlamətdar haldır ki, on il əvvəl də Bakıda İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin konfransı keçirilmişdi. Burada qəbul edilən “Çərçivə sənədi”nə əsasən, əmək, miqrasiya və sosial müdafiə sahələrində təcrübə mübadiləsinə dair gələcək prioritetlər müəyyən olunmuşdu. Konfrans çərçivəsində, mənzil-qərargahı Bakıda olmaqla İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşəbbüsü tərəfimdən irəli sürülmüş və bu təşəbbüsü üzv ölkələr yekdilliklə dəstəkləmişdilər. Ötən dövrdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində mühüm işlər görülüb. Mərkəzin üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində vacib rol oynayacağına əminəm.

Bugünkü tədbirin mövzusu innovativ həllərə, eyni zamanda, əmək və məşğulluq xidmətlərinin rəqəmsallaşdırılmasına həsr edilib. Müzakirə olunacaq məsələlər hər bir ölkə, o cümlədən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin formalaşdırılması sosial islahatlar proqramının əsas hədəflərindən biridir. Bu istiqamətdə “ASAN xidmət” modeli, DOST konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramı həyata keçirilib.

Əmək, məşğulluq və sosial müdafiə sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, bu sahələrdə əhaliyə 140-dan artıq elektron xidmətin göstərilməsi və vahid əmək münasibətləri platforması əhaliyə ciddi dəstək mexanizmini formalaşdırıb. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artıb, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5%-ə düşüb, sosial ödənişlərdə dəfələrlə artımlar edilib. Təkcə son dörd ildə qəbul edilmiş dörd sosial islahat paketi ilə əhalimizin 40%-i əhatə olunub, minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, median əməkhaqqı 2,1 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya isə iki dəfə artıb.

Əminəm ki, bugünkü konfrans İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinin yeni imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platforma olacaq, qarşılıqlı faydalı tərəfdaşlığın yeni məzmunla zənginləşməsinə töhfə verəcək.

Sizə ən xoş arzularımı çatdırır, konfransın işinə uğurlar diləyirəm”.

14:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin noyabrın 23-də Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov oxuyub.