“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Qondarma Bahar qızı, ruhların bayram payı, papaqatdının tarixi: Novruz adətlərinin MƏNALARI - MÜSAHİBƏ
Novruz Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir. Təbiətdə baş verən dəyişikliklər insan ruhuna da təsirsiz ötmür. Yaz fəslinə əbəs yerə insanın qanının qaynayan vaxtı demirlər. Həmçinin, bu bayram xalqı birləşdirir. Bunun ən yaxşı təzahürünü adətlərdə və bayrama sayılı günlər qalmış keçirilən şənliklərdə görə bilirik.
Bəs qədim tarixə malik olan bu bayram günümüzə qədər öz ayinlərini, ənənələrini qoruyub-saxlaya bilibmi? Novruz çərşənbələrində, bayramda gerçəkləşdirilən adətlərin mənası nədir? Süfrələrə düzülən nemətlər özündə nə dərəcədə bayram ab-havasını daşıyır?
Bu və digər suallarımızı Oxu.Az-a müsahibəsində Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Kəmalə İslamzadə cavablandırıb:
- Əvvəlcə ondan başlayaq ki, Novruz bayramının milliliyi nə ilə bağlıdır?
- Bu bayram qışın öz yerini yaza verməsini, yeni əmək mövsümünün başlanmasını, eləcə də insanların təqvimlə, astroloji görüşlərlə, fəsillərlə bağlılığını ifadə edir. Novruz bayramının tam elmi əsası var. Bu bayram ilin konkret günündə qeyd edilir. Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və gecə-gündüz bərabərliyi nöqtəsində dayanır. Həmin məqamdan şimal yarımkürəsində yaz fəsli başlamış hesab olunur. Cənub yarımkürəsində isə payız fəsli başlayır.
İnsanların Novruzu bu qədər təmtəraqlı qeyd etməsinin də öz mənası var. Çünki hazırda qış fəslində yaşadığımız həyatla qədim dövrdə yaşanan həyat fərqli olub. Müqayisə etməyə çalışsaq, görərik ki, o dövrlərdə insanlar qış mövsümündəki yaşayışı təmin etmək üçün nə qədər çətinliklər çəkiblər. Hazırda qışda evlərimiz su ilə, istiliklə təmin olunur, ərzaq, digər ehtiyat və ehtiyaclarımızı təmin etməkdə çətinlik çəkmirik. O dövrdə isə insanlar suyu, odunu və ərzağı tədarük etmək üçün çox əziyyət çəkirdilər. Təsəvvür edin, bu tədarük yaz fəslinə qədər çatmalı idi, amma bəzən erkən bitirdi. Ona görə insanlar yazın gəlişinə, yeni əmək mövsümünün başlamasına bu qədər sevinirdilər.
Novruz ruzi-bərəkət bayramıdır və onu tək bizdə yox, İranda, Əfqanıstanda, Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda, Tacikistanda, Albaniyada da möhtəşəm şəkildə keçirirlər. Hətta başqa ölkələrdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd etməklə bir çox xalqlara bu bayramı tanıtmış olublar.
- Qədim türklər qış fəslini üç yerə bölürdülər. Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkirdi və bundan sonra 30 günlük Boz ay başlayırdı. Çillələr nə anlam verir?
- Etimoloji baxımdan yanaşsaq, çilə sözünün mənası əzab, əziyyət deməkdir. Qış fəsli dekabrın 22-də daxil olur. Böyük çillə dekabrın 22-dən fevralın 1-nə qədər davam edir. Fevralın 1-dən 20-dək Kiçik çilə gəlir. Sonda isə 30 gün sürən Boz ay gəlir ki, o da fevralın 21-dən mart ayının 21-dək davam edir. Boz ay müddətində də dörd çərşənbə - Su, Od, Yel, Torpaq - qeyd edilir. Onu da deyim ki, Kiçik çillə ərəfəsində havalar Böyük çilləyə nisbətən daha soyuq olur. Boz ayda isə hava sürətlə dəyişir, qeyri-sabit hava şəraiti müşahidə edilir. Gah gün çıxır, gah sabahı gün qar yağır.
Bizdə bir ay öncədən Novruz bayramına hazırlıq prosesləri başlayır. Novruz bayramı adət-ənənəsi, inancları, mərasimləri, falları, süfrəsi ilə kompleks təşkil edir.
- O barədə sualım var idi. İndi ki siz bu məsələyə toxundunuz, buradan davam edək. Nə üçün bu inanclar məhz çərşənbə günü yerinə yetirilir?
- Bununla bağlı iki variant var. Birinciyə görə, eramızdan 487 il əvvəl şərq alimləri illəri, ayları, fəsilləri ifadə edən təqvim üzərində çalışıblar. Bu təqvimin ərsəyə gəlməsi və yekunlaşması çərşənbə gününə təsadüf edib. Çünki əslində, yeni il yanvarın 1-dən yox, məhz Novruz bayramından başlayıb. Bir çox xalqlarda da bu belə olub. Yaradılışın təməli sayılan dörd ünsürü də geridə qalan ilin son dörd çərşənbəsində qeyd ediblər.
Digər varianta görə, çərşənbə axşamı bir çox xalqlarda, eləcə də bizdə ağır gün hesab olunur. Deyilənə görə, çərşənbə axşamı Novruz öz soraqçılarını - suyu, odu, yeli, torpağı Yer üzərinə göndərir ki, insanlara müjdə versin. İnsanların dolanışığı bu dörd ünsürdən asılı idi və insanlar bütün imkanlarını səfərbər edib onları bol süfrə, bayram ab-havası ilə qarşılamağa çalışırdılar.
- Bəs çərşənbələrin sıralanması nəyə əsaslanır?
- Əslində, sıralanma müxtəlif olub. Məsələn, Əhməd Cavadın ötən əsrin 20-ci illərində Novruz bayramına həsr olunmuş silsilə şeirləri var. Orada sıralama Yel, Su, Torpaq və Od kimi qeyd edilir. Su, Od, Torpaq və Yel çərşənbəsi kimi sıralama da var. Rəsmi olaraq Azərbaycanda qəbul olunmuş ardıcıllıq belədir: Su, Od, Yel, Torpaq.
Əfsanələrə görə, dünya başdan-başa sudan ibarət olub. Günəşin, odun təsiri ilə bu su buxarlanmağa başlayıb. Yel buxarlanma prosesini bir qədər də sürətləndirib. Sonda isə suyun altından torpaq görünüb. Torpağın üzərində heyvanlar aləmini, bitkiləri və nəhayət insanları yaratmaq mümkün olub.
Digər variant isə dini xarakter daşıyır və insanın yaranması ilə əlaqələndirilir. Belə ki, Allah torpaq ilə suyu qarışdıraraq palçıq, gil halına gətirib. Ondan insanı yoğurub və odda bişirib formalaşdırıb. Daha sonra isə öz nəfəsindən onun canına ruh üfürüb.
Yəni çaşqınlıq olmasın deyə bu gün çərşənbələrin ardıcıllığı məhz rəsmi formada qəbul olunan kimi keçirilir.
Bilirsiniz ki, Novruz bayramı Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə daha bir layihə irəli sürülüb və 21 mart tarixi “Beynəlxalq Novruz Günü” kimi qeyd olunmağa başlayıb. Biz öz adət-ənənələrimizi dünyaya təqdim etmişik və bütün bunların öz etimologiyası, istinad mənbəyi var.
- Mifologiya bizim inanc sistemimiz sayılırmı? Sayılırsa, biz inanc sistemimizi necə qorumalıyıq?
- Mifologiya qədim insanların sadəlövh dünyagörüşüdür. Dünya, insan necə yaranıb, ildırım necə çaxıb və s. məfhumların ilkin, sadə formada izahı mifologiyadır. Bunlar olmasa, insanlar şübhələr içərisində qalardı. Lakin dövr keçdikcə, insanların elmi bilikləri, həyat təcrübələri artdıqca təbiət hadisələrini öncədən proqnozlaşdırmağı bacarıblar. Həyatda baş verən hadisələrin elmi izahını tapıblar. Eləcə də, astroloji, astronomik bilikləri artıb. Bundan sonra mifologiya bir dünyagörüşü kimi ikinci plana keçsə də, insanların həyatından tamamilə çıxmayıb. Necə deyərlər, ədəbiyyatın, folklorun predmetinə çevrilib.
Mifologiya dinlərdən öncə gəlir və dinlər də onun üzərində formalaşıb. Dastanlarda mifoloji ünsürlərin çox olduğunu görmək olur. Təbii ki, biz bütün mifləri qoruyub-saxlamamışıq. Məsələn, misirlilərin, yunanların mifləri qorunub, çünki onlar bunu yazılı ədəbiyyatda işləyib, yox olmasının qarşısını alıblar. İncəsənətin digər sahələrində də - heykəltaraşlıqda, məbədlərin divarlarında, çini qabların üzərində mifoloji rəvayətlərdən gələn epizodların əksini görə bilirik.
Lakin biz miflərin qələmə alınmasının qayğısına qalmamışıq. Amma müəyyən dastanların, nağılların tərkibində qəlpə-qəlpə bizə gəlib çatıb. Biz onları bir araya toplayaraq haradasa ümumi mənzərəni görə bilirik.
- Bu gün bizə gəlib çıxan, elmin araşdırdığı və təsdiqini tapan mifologiyalar var. Lakin əsassız olanlar da az deyil. Necə düşünürsünüz, elmi izahı olan miflərin vahid bir məzmunda toplanması, konspektləşdirilməsi mümkündür?
- Variantların olması sizi qorxutmasın. Bu, şifahi ədəbiyyatın, folklorun xüsusiyyətidir. Xalq yaradıcılığının hansı janrını götürsəniz, orada variantlar var. Bir bayatının onlarla variantı var. “Kitabi-Dədə Qorqud”un Vatikan və Drezden nüsxələri var və bir-birindən fərqlidir. “Koroğlu” dastanının onlarla variantı var. Vahid bir qayda ola bilməz.
Novruz bayramının dərin dəyərləri var. Sovet dövründə elə bir dönəm oldu ki, bu bayram süfrələrin başına, ailə ocaqlarına sığındı, küçələrə çıxa bilmədi. 1967-ci ildə Şıxəli Qurbanovun təşəbbüsü ilə bu bayram rəsmi şəkildə qeyd edildi. Amma çox çətinliklə. Bunun dini bayram olmadığını, təbiətlə əlaqəli olduğunu sübut etmək üçün çoxsaylı sənədlər toplandı. Nəhayət iki şərtlə bu bayramın keçirilməsinə icazə verdilər. Birincisi - bayramın adı Novruz yox, Bahar olacaqdı (Novruz - fars sözü olub, yeni gün deməkdir). İkinci isə - “Bahar qızı” deyilən simvolik obraz olmalı idi.
- Necə yəni, Bahar qızı qondarmadır?
- Bəli. Necə ki Yeni il bayramında Şaxta babanın yanında Qar qız var, burada da Bahar qızı olmalı idi. Amma bu, bayramın simvolu deyil, bəli, qondarmadır. Çünki Novruz bayramında baharın gəlişini təmsil edən obrazlar - “Keçi”, “Keçəl”, “Kosa” var. Bu obrazlar qış ilə yaz fəslinin mübarizəsini simvolizə edir. Məsələn, “Keçi” yaz fəslinin zoomorfik obrazıdır. “Kosa” isə qışın antropomorfik (insanlaşdırılmış) obrazıdır.
“Kosa”nın üzündə tük bitmir, məhrumiyyətlə dolu qışı simvolizə edir. Onun çirkin üzü, gülməli geyimi, başındakı şiş papağı ilə qışı məsxərəyə qoyurlar. “Keçi” “Kosa”nı vurur və “Kosama əl vurmayın, kosam ikicanlıdır” deyə bir cümlə işlədilir. Bu, təbiətin ölüb-dirilməsi anlamını verir.
- “Novruz” sözünün etimologiyası ilə bağlı müxtəlif baxışlar var. Bəzi bölgələrdə Novruz bayramına ümumən “Baca-baca” da deyilir...
- Müxtəlif dövrlərdə fərqli adlarla xitab edilib. Məsələn, İlyaz, Mart doqquzu, Baca-baca və s. Bu əsrlərdən-əsrlərə dəyişərək gəlir.
- Çərşənbələrin biri odu simvolizə edir, amma bütün hamısında tonqal qalanır. Səbəbi nədir?
- Hər bir çərşənbədə ocaq qalamaq olar. Burada qəbahətli bir məqam yoxdur. Lakin Od və İlaxır çərşənbələrdə tonqal qalamaq vacibdir. Üstəlik, tonqal qalanarkən içərisinə atılanlara da diqqət etmək lazımdır. Tonqala “ağlayan” ağaclardan, bar verən ağaclardan, məsələn, söyüd ağacı, meyvə ağacları və sairdən budaq atmaq olmaz. Kol-kos, qaratikan ataraq tonqal qalamaq lazımdır. Tonqal şər qarışan vaxt yandırıldığı üçün şər qüvvələr onu söndürməyə çalışır. Şər qüvvələrin qaratikandan qorxaraq çəkindiyinə inanılır. Üzərlik ataraq xəstəliklərdən, bədnəzərdən təmizlənməyi diləyirlər.
Tonqala əzizlərimizin hər birinin adına bir çubuq atmaq vacibdir. Hətta ana bətnində olan körpənin də adını çəkərək bir çubuq atmaq lazımdır. Bu, ananın doğumu daha rahat keçirməsi üçün niyyət etmək deməkdir. Hətta “Ey Xıdır İlyas, bəndəni bəndədən xilas et” deyə bir çağırış da səsləndirmək lazımdır. Bu, doğum zamanı uşağın çətinliksiz, rahat dünyaya gəlməsi üçün arzudur.
- Novruzun ayinlərinin, bəzi rituallarının çağımızla səsləşmədiyini düşünənlər də var. “Kosa” və “Keçəl”in bayramımıza xələl gətirən davranışları dilənçilik kimi qələmə verilir. Bu fikirlə razısınızmı?
- Bilirsiniz, “Kosa”nın saqqalı sakral aləm ilə bağlıdır. Üzünün çirkinliyindən, xədimlik maskasından dolayı insanlar onu başa düşmürlər. Dilənçi kimi anlayırlar. Əslində, elə deyil. “Kosa” həm qışın obrazıdır, həm də maskalanmış yaz fəslinin - bol-bərəkətin simvoludur. Hətta tarixən qədim dövrlərdə övladı olmayan kişiləri “Kosa” obrazını oynamağa dəvət edirdilər ki, həmin il övlad sahibi olsun. Hətta bəzən taxtadan yonularaq hazırlanmış falloslarla gəzərək ayin icra edirdilər ki, doğum sayı artsın. Kosanın xədimliyində görün nə qədər fərqli mənalar var.
Baxın, Novruzda güləşçilər döyüşürlər, oxatma, cıdır tamaşaları, yumurta döyüşdürmək və s. adətlərin hamısında mübarizə var. Kəndirbazlar əvvəllər kəndiri iti bucaq altında qururdular. Sonra isə üzərində güzgü parçaları olan qırmızı geyimdə kəndirlə üzüyuxarı, yəni Günəşə doğru, simvolik olaraq gecə-gündüzün bərabərləşdiyi nöqtəyə doğru qalxırdılar. “Kosa” isə kəndirin altında onu çaşdırmağa çalışırdı. “Keçi” “Kosa”nı vururdu ki, kəndirbaz o nöqtəyə çatsın. Bunların bir qismi unudulsa da, AMEA tərəfindən dərc edilən “Novruz ensiklopediyası” var ki, orada bu məqamların hər biri əks olunub.
- Qapı pusma, papaqatdı, üzük falı və s. Ümumiyyətlə, Novruzda bu ayinlər, həqiqətən, var, yoxsa quramadır?
- Belə deyim ki, şeir mətnlərində Novruzla bağlı bizə şal və torba barədə məlumatlar gəlib. Heç bir ədəbiyyatda papağa rast gəlinməyib. Şeirlər məlumatların qorunmasına görə daha mühafizəkardır.
Məsələn,
Həcələr, hücələr,
Uzanar gündüzlər,
Qısalar gecələr,
Sallanar torbalar bacadan,
Uşaqlar pay istər ucadan,
Xanım bacı, dursana,
Torbanı doldursana.
Məhəmməd Hüseyn Şəhriyarın bir şeirində isə belə deyilir:
Bayram idi, gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Yəni o vaxt evlərin quruluşu elə idi ki, bacadan şal sallamaq mümkün idi. Bu şeirdə Şəhriyar nənəsinin rəhmətə getdiyi ilin hüznünü də qeyd edib. Mənə elə gəlir ki, indi də torbaları analar evdə tikə bilərlər. Hətta bayram ərəfəsində onun kiçikhəcmli istehsalını da təşkil etmək olar. Düşünürəm ki, papaq daha dərin məna kəsb edir. Qeyrət rəmzidir, toz-torpağın içərisinə atmaq düzgün deyil.
- Bəs gizlənib pay istəməyin mənası varmı?
- Qədim dövrlərdə bu adəti böyük insanlar dəb halına gətirib. Qara libaslar geyinib, üzlərini maskalayıb qapıları döyürdülər. İnsanlar inanırdılar ki, dünyadan köçən əzizlərinin də bayram payı olmalıdır. Ona görə də qapıya qoyulan papağa o payı qoyurdular. Bu, simvolik bir ayin idi. Ev sahibi payı kimin götürdüyünü görmür, bilmir və onu ruh olaraq zənn etdiyindən, ürəyini rahatladırdı. Hazırda da bayram günlərində qəbiristanlığa gedirik, əzizlərimizin məzarını ziyarət edirik. Məzarların üzərinə səməni qoyuruq.
- Hətta bəzi insanlar qapıpusma adətini tərbiyəsizlik adlandırır, buna irad bildirirlər. Nə dərəcədə doğrudur?
- Bayram günü bu, ayıb deyil, bayramın adətidir. Xoş söz eşitmək, niyyət tutmaq Novruz adətlərindəndir. Axı hamı bilir ki, bayram gecəsi qapı pusula bilər. Evlərimizdə xoş sözlər danışmalıyıq ki, niyyət edib qapıya gələnləri də məyus etməyək. Lakin başqa bir vaxt bunu etmək ayıbdır.
Məsələn, Su çərşənbəsində suyun üzərindən atlanmaq lazımdır, amma başqa vaxt suyun üzərindən hoppanmaq günah sayılır. Odu üfürərək söndürmək günah sayılır. Zərdüştlər odu üfürərək söndürməzdilər ki, alınan nəfəs can, verilən nəfəs ölü nəfəs sayılırdı. Şər allahının nəfəsi hesab edildiyindən günah sayılırdı.
- Novruz xonçasında yandırılan şamların mənası nədir? Ümumiyyətlə bu, olmalıdır?
- Hər şey tədricən olub. Şamlar da ocaq rəmzi sayılır. Novruz bayramı ildən-ilə dəyişilərək, rəngarəngləşib. Bu məqam da bayrama yeni ab-hava qatan əlavələrdən biridir.
- İlaxır çərşənbədə süfrəyə “s” hərfi ilə başlayan yeddi nemət qoyulur. Bu, nə qədər doğru fikirdir?
- Buna bəzən “Yeddi ləvin” də deyirlər. Göyün, yerin yeddi qatı var deyirlər və bu, astral rəqəmlərlə bağlılıq təşkil edir. Hətta şirniyyatdan şəkərbura ayparaya, qoğal Günəşə, paxlava ulduzlara bənzəyir. İnsanı bəsləyən, acı-turş olmayan yeddi neməti simvolizə edir. Məsələn, sünbül, səbzi, su, süd, sırğa, sürmə, sazan. Bu çeşidlər müxtəlif olur. Əgər “s” ilə başlayan bir nemət yoxdursa, onu digər biri ilə əvəz etmək olur. Bir başqa sadalamada simvolik mənalar olur. Sirkə - dad, zövq, sumaq - bərəkət, saat - uzun ömür, sikkə - dövlət, pul, su - aydınlıq və s. deməkdir.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli