Menu
Xəbər Lenti
05 Şub 07:45Manşet / Cəmiyyət

Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi

Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi

"Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirmə normaları" təsdiq olunub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, bu normalar ölkə ərazisində yeni, genişləndirilən və yenidən qurulan kənd təsərrüfatı, o cümlədən ayrı-ayrı torpaq sahələrində yerləşdirilən balıqçılıq təsərrüfatı müəssisələrinin, eləcə də aqrar-sənaye klasterlərinin baş planlarının layihələndirilməsinə şamil olunacaq.

Həmçinin aqrar müəssisələr, bina və qurğular inşa olunarkən gigiyena-epidemioloji, yanğın təhlükəsizliyi və baytarlıq tələbləri, həmçinin texnoloji layihələndirmə normalarına əsasən onlar arasındakı minimal məsafələr tələbinə əməl edilməlidir.

Həmçinin aqrar-sənaye klasterlərinin və kənd təsərrüfatı müəssisələrinin baş planları tərtib olunarkən aşağıdakılar nəzərə alınmalıdır:

- Yaşayış zonası ilə planlaşdırılma əlaqəsi;

- Kənd təsərrüfatı və sənaye müəssisələrinin eyni torpaq sahəsində iqtisadi cəhətdən məqsədyönlü kooperativləşdirilməsi və texnoloji əlaqələri, sanitar-gigiyenik, baytarlıq-sanitariya və yanğın təhlükəsizliyi tələbləri, yük dövriyyəsi və nəqliyyat növləri, ümumi yardımçı və xidməti təyinatlı obyektlərin təşkili;

- Kənd təsərrüfatı müəssisələrinin, bina və qurğularının, o cümlədən mühəndis-texniki təchizat şəbəkələrinin aralarında müvafiq minimal məsafələrə riayət olunmaqla yerləşdirilməsi;

- Texnoloji və mühəndis-texniki tələblərin yerinə yetirilməsi və təbii-iqlim, geoloji və digər yerli şərait nəzərə alınaraq ətraf ərazilərin tikililəri ilə əlaqələndirilməklə vahid memarlıq ansamblının yaradılması;

- Bitişik torpaqların eroziyadan, bataqlıqlaşmadan, şoranlaşmadan, çirklənmədən, qrunt sularının və açıq su hövzələrinin isə tullantı suları və istehsalat tullantıları ilə çirklənmədən mühafizə tədbirləri;

- Kənd təsərrüfatı müəssisələrinin istehsalat zonasının genişləndirilməsi imkanları;

- Tikinti-quraşdırma işlərinin sənaye üsulu ilə yerinə yetirilməsi;

- Aqrar müəssisələrin buraxılış kompleksləri ilə və ya növbəli tikintisinin istismara verilməsinin mümkünlüyü;

- Müvəqqəti istifadəyə verilmiş, tikinti zamanı pozulmuş torpaqların bərpası (rekultivasiyası), DÜİST 17.5.3.04-ün və DÜİST 17.5.3.05-in tələblərinə uyğun olaraq münbit torpaq qatının götürülməsi və məhsuldar olmayan torpaqlardan istifadə;

- Planlaşdırma həllərinin texniki və iqtisadi səmərəliliyi;

- Yerüstü və yeraltı məkanlar daxil olmaqla ərazilərdən intensiv istifadə;

- Ərazilərin abadlaşdırılması.

Bundan başqa, təhlükəsizlik tələblərinə görə, yanğın hidratları arasında məsafə müvafiq hesablamalarla təyin edilməli və maksimum 150 metrdən artıq olmamalıdır.

Həmçinin, əlilliyi olan şəxslərin foye qrupuna, liftlərə, ictimai təyinatlı məkanlara və iş yerlərinə maneəsiz çıxışı təmin edilməlidir.

Məlik Məlikov