“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
RUHUNDA AZADLIQ DAŞIYAN ŞƏXSİYYƏT
Türklər ya ölər, ya hicrət edər,
Fəqət, qul olmazlar
Ə.Hüseynzadə
“Mən gələcək nəsillərə çox güclü, qüdrətli, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanı qoyub getmək istəyirəm”. İstədiklərinin hamısını həyata keçirdi, qarşısına qoyduğu məqsədə nail oldu, Ümummilli Liderimiz, xalqımızın böyük oğlu, Heydər Əliyev. Amma o, getmədi, əməlləri ilə ucaldı. Müasir tariximizin bütöv bir hissəsi Ulu Öndərimizin adı ilə bağlıdır. Bu dövr Azərbaycanın və onun vətəndaşlarının, xüsusilə Azərbaycanlıların şərəf, qəhrəmanlıq, igidlik, qurtuluş, tərəqqi, inkişaf və nəhayət, xoşbəxtlik tarixidir.
Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duyur. Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Prezident Ulu öndər Heydər Əliyev də Azərbaycanın özü qədər əbədi olan şəxsiyyətidir. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durmaqdadır.
Ulu öndər Heydər Əliyevin anadan olmasından 101 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır. Heydər Əliyev vətəninin böyük Azərbaycanlısı idi. O, torpağını, millətini, xalqını, dövlətini xüsusi bir məhəbbətlə sevirdi. Qeyrət, ləyaqət, şərəf, dəyanət, vətənsevərlik, milli qürur kimi bəşəri Tanrılar onun bir şəxsiyyət olaraq boyuna biçilmişdi. Biz ondan öyrəndik “Vətəni belə sevərlər” əməllərində göstərdiyi nümunələri. Vətənimiz müstəqil Azərbaycan onun şah əsəridir. Azad Azərbaycan isə Heydər Əliyev ideyalarının varisi, atasının oğlu İlham Əliyevə məxsusdur.
Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir. Ailədən və kökdən gələn tərbiyə və əxlaq modeli. “Ata, mən sənin vəsiyyətini yerinə yetirdim. Mənə vəsiyyət edib getdiyin vətənimin azadlığı uğrunda var gücümü səfərbər etdim. Ruhun şaddır Ata! Mən isə çox xoşbəxtəm. Fəxr edirəm ki, Heydər Əliyevin oğluyam. Fəxr edirəm ki, azad Azərbaycan tarixini yazmaq şanlı ordunun müzəffər Ali Baş Komandanı olmaq şərəfi mənə qismət oldu. Vətən azaddır, Qarabağ-Azərbaycandır!”.
Ailədən və düşdüyü ailədə əxz etdiyi bütün ali və müsbət keyfiyyətləri özündə cəmləşdirən, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva çox böyük bir missiyanı üzərinə götürdü. Və bu gün Heydər Əliyev Fondunun 20 illik fəaliyyətində həyata keçirilən uğurlu layihələr bunu deməyə əsas verir ki, Mehriban Əliyeva güclü qadın obrazıdır. Xalqın mərhəmət elçisi və daşıdığı missiyanın geniş miqyaslılığı nəniki Azərbaycana, hətta bütün dünyaya bəllidir, həqiqətlər ortada. O, hər kəsin Mehribanıdır. O, hər kəsə qəlbinin, ruhunun sevgisi ilə, mərhəməti ilə yanaşır. Bir ana şəfqəti, bir qadın qayğısı ilə zəngindir Mehriban Əliyeva. Dünyanı Azərbaycana gətirən Mehriban xanımımız. Hər bir güclü kişinin yanında güclü qadın olarsa bu dünya məhvərindən qopmaz. Azərbaycan hal-hazırda öz intibahı, gücü və qüdrəti ilə dünyanı heyrətləndirməkdədir. Bu həmişə belə olacaq.
Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyev ocağına olan sevgisini daha da gücləndirir.
Bir həkim, səhiyyə sferasının nümayəndəsi olaraq bu gün çağdaş səhiyyədə olan intibah, islahatlar haqqında danışmaq çox böyük bir yazının mövzusudur...
Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Zəkiyyə Əzizova
Bakı şəhəri 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının
Həkim-Oftalmoloqu