“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Məşğulluğa Dəstək Layihəsi” vasitəsilə biznes qurmağın sirri
Özünü Məşğulluq Proqramı çərçivəsində dəstək alan dərzi Sevinc Abdullayeva müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Özünüz haqda qısa məlumat verə bilərsiz? Dərziliyə marağınız necə yaranıb? Neçə ildi bu sahə ilə məşğulsunuz?
- Mən Abdullayeva Sevinc kiçik yaşlarımdan dərziliyə maraq göstərsəm də, 1987-ci ildən bu sahədə çalışıram. İlk əl işim özüm üçün tikdiyim paltar olub. Elə istedadımın olduğunu da onda kəşf etdim. Sonra bu istiqamətdə irəliləməyə qərar verdım. Yeni başlayanda çox çətinliklərlə üzləşdim. Ən başlıcası da müştəri və şəxsi obyekt sarıdan müşkül vəziyyətdə idim. Düşündüm ki, əvvəl sifarişlər götürüm, maddi məsələləri qaydaya salım, sonra şəxsi obyektimi açaram.
Düşündüyüm kimi də etdim və tədricən işlər yoluna düşdü. Çalışdıqca, keyfiyyətli xidmət göstərdikcə müştərilərin etimadını qazandım və zamanla müştəri azlığı ilə bağlı çətinliyim aradan qalxdı.
Sonra isə hazırda işlətdiyim atelyeni açdım. Avadanlıqlarım işləndikcə köhnəlməyə başladı və hiss edirdim ki, tezliklə yararsız olacaq. Demək olar ki, hər şey yolunda getdiyi bir vaxtda çətinliklərim başladı. Köhnə olması səbəbi ilə tikiş alətlərimin gah detalını, gah da ki ustasını tapmaq mənim üçün zillətə dönmüşdü.
- Bəs Özünü Məşğulluq Proqramı haqqında ilk dəfə necə öyrəndiniz və sizi iştirak etməyə nə sövq etdi?
- Qarşılaşdığım çətinlikdən çıxmaq üçün çarə axtardığım vaxtlarda həmkarlarımla söhbət əsnasında mütəmadi olaraq Özünü Məşğulluq Proqramı haqqında eşidirdim. Onlar bu proqrama qoşulub lazımi avadanlıqlarla təmin olunmaqlarından bəhs edirdilər. O qədər çarəsiz bir vəziyyətdə idim ki, mən də bu proqrama qoşulub fürsətdən yararlanmaq istədim. Fəqət pandemiya dövrü olduğu üçün müəyyən bir zaman gözləməli oldum. Pandemiyadan dərhal sonra vaxt itirmədən DOST Mərkəzinə müraciət etdim. Mərkəzdən məni Suraxanı rayon Məşğulluq İdarəsinə yönəltdilər. Beləliklə, Özünü Məşğulluq Proqramına qoşuldum.
“Artıq xərclərimi idarə etməyi və biznesi düzgün planlamağı bacarıram”.
- ÖMP seçdiyiniz sahədə bacarıq və təcrübənizin inkişafına necə kömək etdi?
- Bu layihənin mənə çox faydası oldu. Bir çox yeni avadanlıqlarla işləməyi öyrəndim. Əvvəllər təktikişli avadanlıq işlədirdimsə, indi artıq ikitikişli avadanlığı rahatlıqla istifadə edə bilirəm. Bu da mənim işimi həm keyfiyyətli edir, həm də əlavə vaxt qazandırır.
- Proqram biznesinizə, peşənizə necə töhfə verdi?
- Avadanlıqlarımı aldıqdan sonra gəlirimdə əvvəlki vaxtlarla müqayisədə xeyli artım müşahidə edildi. Artıq müştəriləri gözlətmədən onlara xidmət göstərə bilirik. Müştərilərimin məmnuniyyətinə üstünlük verən bir şəxs kimi deyə bilərəm ki, həm tikiş alətlərinin keyfiyyəti, həm də iş prosesinin sürətlənməsi baxımından bu proqramın verdiyi töhfələr tədqirəlayiqdir. Biznes təlimlərinin də mənə çox köməkliyi oldu. Həm işi necə planlaşdırıb, idarə etməyi, həm də düzgün hesabat verməyi öyrəndim. Artıq xərclərimi idarə edə və biznesi düzgün planlaya bilirəm.
“Hədəflərim bununla kifayətlənmir”.
- Sifarişləri öz ideyalarınızla hazırlayırsız, yoxsa müştərilərin istəyi ilə?
- Atelyedə olan paltarların bəzilərini müştərilərin istəyinə uyğun tiksəm də, bir çoxunu parçasından modelinə qədər özüm dizayn edirəm. Görənləri valeh edən paltarlara müştərilərin tələbatı çoxdur. Bundan əlavə, göstərilən xidmət səviyyəsinin yüksək olması atelyenin aktiv fəaliyyətinə müsbət təsir edir. Elə müştərilər var ki, 20 ildən çoxdur, yalnız mənim yanıma gəlirlər.
- Özünü Məşğulluq Proqramına güvəndiyiniz üçün peşman deyilsiz?
- Geriyə baxanda düşünürəm ki, kaş bu layihə haqda çox öncədən biləydim. Çünki ÖMP sayəsində öyrəndiklərim mənə çox böyük stimul qazandırdı. İlk başlarda şübhə ilə yanaşsam da, müraciət etdikdən sonra bu layihənin biznes qurmaq istiqamətində yeni addım atan insanlar üçün böyük fürsət olduğunu anladım.
Qeyd edim ki, mənə təqdim olunan avadanlıqlarla artıq 1 ildən çoxdur xidmət göstərirəm. Bir ilin uğurlu tamamında dəstək üçün təqdim olunan avadanlıqlar məşğulluq tərəfindən rəsmi şəkildə adıma keçirildi. Hədəflərim bununla kifayətlənmir. İşimi daha da inkişaf etdirmək üçün həvəsləndirmə zərflərinə müraciət etməyi düşünürəm.