Menu
Xəbər Lenti
Travma Və Bədən
Dün, 19:19

Travma Və Bədən

Özünə Güvən
Dün, 18:14

Özünə Güvən

Əməkdar artist VƏFAT ETDİ
14-09-2024, 09:24

Əməkdar artist VƏFAT ETDİ

TƏBRİK EDİRİK!!!
12-09-2024, 10:37

TƏBRİK EDİRİK!!!

Nikolay Svanidze vəfat etdi
12-09-2024, 09:39

Nikolay Svanidze vəfat etdi

04 Eyl 10:29Manşet / Siyasət

“Internews”a həvalə edilən missiyanın uğursuz alınması narahatlıq yaradıb

 

Milli.az saytı “ABŞ Azərbaycanda “tam fərqli” layihələrə başlamaq istəyir” adlı araşdırma hazırlayıb.

“Qafqazinfo” həmin məqaləni təqdim edir:

“Internews”a həvalə edilən missiyanın uğursuz alınması narahatlıq yaradıb

May ayında ABŞ səfirliyinin, həmçinin ABŞ mənşəli “Internews” təşkilatının nümayəndələri ilə onların Azərbaycandakı tərəfdaşları arasında onlayn formatda görüş keçirilib. “Internews” adından toplantıya qurumun Azərbaycan üzrə nümayəndəsi Farhod Rahmatov, o cümlədən təşkilatın “Müstəqil məzmun istehsalının genişləndirilməsi” proqramının (Expanding Production of İndependent Content) direktoru Agnela Sirbu qoşulub.

Görüşdə əsas müzakirə mövzusu “Internews” tərəfindən 2023-cü il ərzində, o cümlədən 2024-cü ilin birinci rübündə Azərbaycanda maliyyələşdirilən media orqanlarının fəaliyyəti olub. Yekun rəy verilib ki, bu dövr ərzində “Internews” tərəfindən maliyyələşdirilən media layihələri özünü doğrultmayıb: “Araşdırmalar, yazı və videomateriallar Azərbaycan cəmiyyətində ciddi reaksiya doğurmayıb. Məhdud auditoriya cəlb edə bilib”.

Gələn xəbərlərdən belə nəticə çıxır ki, yerli tərəfdaşlar öz qüsurlarını obyektiv səbəblərlə əlaqələndiriblər. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi həm ölkədə, həm də regionda şərtləri dəyişdirib. Müxalifətmövqeli siyasi qüvvələrin Prezident İlham Əliyevin siyasi kursuna alternativ proqram  təqdim edə bilməməsi yeni reallıqlar yaradıb. Ölkədə müxalif fikrə və müxalif liderə meydan qalmayıb. Bu baxımdan ABŞ yönlü media subyektlərinin təqdim etdikləri məzmun da rəğbətdən düşüb.  

Toplantı təkcə ötən fəaliyyətin və qüsurların müzakirəsi ilə tamalanmayıb. Böhrandan çıxmaq, yerli auditoriyaya nüfuz etmək üçün vasitələr nəzərdən keçirilib. Yeni maliyyə büdcəsinin yeni istiqamətlər üzrə sərf edilməsi məqbul sayılıb. Bu kontekstdə 2024-cü ilin iyun ayında “Internews”un Azərbaycanda tərəfdaş təşkilatlar üçün keçirdiyi “milli çağırış” (National call) qrant müsabiqəsinin nəticələri də elan edilib. Bu dəfə müsabiqədə “Internews”un Azərbaycan üzrə qrant verdiyi ənənəvi media resursları deyil, yeni formatlı təşkilatlar qalib elan edilib. Bu sırada “HAQQ Talk Podcast” (hüquqi maarifləndirmə motivli videoçarxlar və podkastlar hazırlayır), “Dok Atelye” (gender məsələləri, feminizm motivli platforma), “Minority Magazine” (LGBT+ hüquqlarının müdafiəsi ilə məşğul olan platforma) və digərləri qaliblər sırasında yerləşdirilib.

Göründüyü kimi, ABŞ və “Internews” Azərbaycan üzrə əməkdaşlıq etdikləri medianın tipini dəyişir. İndi ənənəvi media qurumlarından daha çox sosial şəbəkə platformaları üzərindən fəaliyyət göstərən subyektlərə üstünlük verilir. Paralel olaraq, istinad olunan zümrələr də yenilənir. Cəmiyyətdəki marginal qruplara, yəni LGBT+ nümayəndələrinə, “radikal feminist”lərə daha çox istinad edilir. Gələcəkdə bu qruplardan həm də, siyasi aksiyalar üzrə istifadə etmək planlaşdırılır.  

Yeri gəlmişkən, qeyd edək ki, ABŞ/Qərb mərkəzləri tərəfindən “radikal feministlər”lə aparılan iş artıq onlar üçün effekt verir. Azərbaycanda ictimai maraqların ziddinə hərəkət edən “radikal feministlər şəbəkəsi” məhz Qərbdən gələn maliyyə və proqramlar çərçivəsində aktivləşdirilir. Bu qrup Bakı küçələrində milli əxlaqa zidd olan şüarlarla aksiyalar keçirib, Ermənistandan yönləndirilən yalançı “sülhsevər/pacifist” kampaniyalara qoşulub, yeri gələndə isə, siyasi tələblərlə çıxış edib. Məsələn, sentyabrın 1-də keçirilən Milli Məclis seçkisi zamanı “radikal feministlər”i təmsil edən deputatlığa namizədin necə skandallar yaratdığını hər kəs gördü. “Internews” indi həmin modeli  LGBT+ nümayəndələrinə də tətbiq edir.

Keçirilən toplantıda siyasi müxalifətin fəallaşdırılması mövzusu da müzakirə edilib. Qarşıdakı müddətdə xaricdəki müxalif şəxslər arasından yeni “lider”in hazırlanacağı barədə xəbər anons edilib. Müşahidələr göstərir ki, toplantıdan sonra bu istiqamətdə də müəyyən addımlar atılır. Belə ki, “Demokratik Təşəbbüslər İnstitutu”nun (DTİ) Çexiyada məskunlaşmış üzvü Elman Fəttah “Internews”un dəstəyi ilə DTİ-ni Praqada rəsmi qeydiyyatdan keçirib. O, yeni auditoriya formalaşdırmaq, təmsilçilərinə təlimlər keçmək üçün yetərli miqdarda maliyyə ilə təmin edilib.

DTİ-nin formalaşdırdığı qrupun Çexiyanın “Prague Civil Society Centre” (PCSC) təşkilatı tərəfindən 2024-cü ilin oktyabr ayında keçiriləcək “Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan vətəndaş cəmiyyəti nümayəndələri üçün liderlik mövzusu üzrə təlimlər”də iştirak etməsi razılaşdırılıb.  

Yeri gəlmişək, qeyd edək ki, hazırda Çexiya ilə yanaşı Balkan ölkələrində də azərbaycanlı gənclərdən ibarət xüsusi təxribat qruplarının hazırlandığı barədə məlumatlar gəlməkdədir. Onlara təlimlər keçirilməsi, müəyyən dövrdən sonra Azərbaycana transfer edilmələri üçün iş aparıldığı qeyd olunur. İlk aksiyaların COP29 tədbirləri dönəminə təsadüf edəcəyi gözlənilir.

Azərbaycan KİV-in yaydıqları məlumatlardan belə nəticə çıxır ki, indi Çexiya və Bosniyada hazırlanan qrupların bir qismi Gürcüstandan transfer edilənlərdir. Uzun illər ərzində Gürcüstan üzərindən koordinasiya edilmiş “təxribat infrastrukturu” dağılmaq ərəfəsində olduğu üçün Qərb öz şəbəkələrinin ünvanını dəyişir. İndi koordinasiya işi Çexiyada qurulub. Dağıdıcı aksiyalara hazırlıq yönündə təlim və treninqlər isə Balkanlarda - Bosniya və Herseqovina ərazisində təşkil edilir.

Məlumatda o da vurğulanır ki, gənclərdən ibarət olan qrupların formalaşdırılması və şəbəkənin maliyyə təminatı üçün koordinasiyaedici şəxslər müəyyənləşdirilib. Elman Fəttah bu şəxslərdən biridir. O, “Demokratik Təşəbbüslər İnstitutu”nda təmsil olunmaqla yanaşı, həm də III Respublika Platformasının yaradıcılarındandır. Yəqin ki, əksəriyyət III Respublika Platformasının mahiyyəti barədə məlumatlıdır. Azərbaycan KİV-də həm DTİ, həm də III Respublika Platformasının antimilli fəaliyyəti barədə yetərli məlumatlar dərc edilib. İndi bəlli olur ki, bu qurumların ideya qaynağı həm də ABŞ-dən, “Internews”dan gəlib.

“Internews” ABŞ təşkilatıdır. 100-dən çox ölkədə fəaliyyət göstərib. Parisdə, Londonda regional ofisləri var. 2015-ci ilə qədər “Internews -Azərbaycan” adlı filialı ilə bizim ölkəmizdə də fəaliyyət göstərib. 2014-cü ildə Azərbaycanda “Qrant haqqında qanun”a edilən dəyişikliklərdən sonra fəaliyyətini dayandırıb, çünki şəffaf formada işləyə bilməyib. Qanunda edilən dəyişiklik “Internews”un əməllərindəki qüsurları üzə çıxarıb.

İndi aydın olur ki, “Internews” Azərbaycandakı fəaliyyətini simvolik olaraq dayandırıb. Yəni zahirən fəaliyyətini dayandırdığını elan edib, amma qeyri-leqal formada işini davam etdirib. Qeyri-leqal yollarla milyonlarla dollar məbləğində vəsaiti Azərbaycana ötürərək, buradakı marginal qrupların və ABŞ-yə xidmət edən KİV-i maliyyələşdirilməsində iştirak edib.

Problem təkcə “Internews-Azərbaycan”ın fəaliyyətinin rəsmən dayanmasında, amma qeyri-leqal formada davam etməsində deyil, həm də “Internews” məramnamsindədir. Təşkilatın saytında qeyd edilir ki, o, “bütün dünya ölkələrində alternativ informasiya mənbələrinin inkişafına dəstək verməklə dezinformasiyaya qarşı qlobal mübarizə aparır”.

Əgər “Internews” bu şüarında səmini olsaydı, onda öz fəaliyyətini ayrı-ayrı ölkələrdə deyil, ABŞ üzərində fokuslaşdırmalı idi, çünki bütün elmi tezislərdə qeyd olunur ki, hazırda dünyada ən böyük dezinformasiya mənbəyi ABŞ-dir. Bu faktı ABŞ-nin özündə də etiraf edirlər. Nüfuzlu “PolitiFact” platforması 2016-cı ildə “dezinformasiya”nı “ABŞ siyasətinin fenomeni” elan edib. “PolitiFact” bu nəticəyə gəlib ki, ABŞ-də prezidentliyə namizədlər də, mövcud prezidentlər də bu alətdən yararlanırlar.

Məşhur tədqiqat mərkəzlərindən olan “Statista” isə 2022-ci ildə keçirdiyi sorğunun nəticələri üzrə hazırladığı hesabatda qeyd edib ki, ABŞ-də ümumi informasiya dövriyyəsində “feyk xəbər”in payı 56 faizə çatır. Ən maraqlısı isə odur ki, sorğu iştirakçılarının 50 faizi “saxta xəbər” artımının kökündə ölkənin rəsmi dairələrinin dayandığını deyiblər.

“Washington Post”un fakt yoxlayıcıları ABŞ prezidentlərinin “yalan və ya aldadıcı iddialar haqqında record”u paylaşıblar”.