Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Bonn görüşlərində gərgin müzakirə: İki gündür gecikən gündəliyin təsdiqi necə reallaşdı?
İlham Əliyev Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarına müraciət ünvanlayıb
“Müdafiə haqqında” Qanunda nə dəyişdirilir?
Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Müdafiə haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, ərazi müdafiəsi dövlət sərhədinin, dəniz sahilinin, adaların, mühüm obyekt və kommunikasiyaların düşmən təcavüzündən qorunması və müdafiəsi, düşmən desantı və kəşfiyyat-təxribatçı qrupları ilə mübarizə və hərbi vəziyyət rejiminin təmin olunması məqsədilə təşkil olunur. Ərazi müdafiəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər qoşunlarla sıx əlaqədə həyata keçirilir. Ərazi müdafiəsinin vəzifələri, təşkili, onun iştirakçılarının qarşılıqlı əlaqəsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.
Layihəyə əsasən, ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir. Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək. Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatının təhlili dövlətimizin ərazi müdafiəsinin təmin edilməsini nəzərdə tutan qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə zərurət olduğunu göstərib: “Belə ki, 26 noyabr 1993-cü ildə qəbul edilmiş “Müdafiə haqqında” Qanun Azərbaycanın müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirir. Bu Qanunun “Ərazi müdafiəsi” adlanan 17-ci maddəsində ərazi müdafiəsinin hansı məqsədlə təşkil olunması müəyyən edilsə də, “Ərazi müdafiəsi”nin anlayışı verilməyib. Təqdim edilən layihədə 17-ci maddə yeni redaksiyada verilməklə ilk növbədə “Ərazi müdafiəsi”nin anlayışı müəyyən edilir. Bundan başqa, 2016-cı il 26 sentyabr tarixdə keçirilmiş referendumda Konstitusiyaya qəbul edilmiş dəyişikliklərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olması müəyyən edildiyindən “Müdafiə haqqında” Qanunun 17-ci maddəsinin 2-ci hissəsinin redaksiyasının da təkmilləşdirilməsi təklif edilir. Dəyişikliyə görə, ərazi müdafiəsinin Silahlı Qüvvələr tərəfindən dövlət və yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilir və həmin Əsasnamə dövlət başçısı tərəfindən müvafiq normativ hüquqi aktla təsdiq edilir.
Qanunvericilik təşəbbüsü hüququ qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən və dövlətimizin müdafiəsinin təşkilinin hüquqi əsaslarını daha da təkmilləşdirən bu mühüm qanun layihəsi Komitədə də müzakirə edilib və Milli Məclisin iclasına tövsiyə edilib”.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı