Menu
Xəbər Lenti
Şahdağa dolu düşüb
Bugün, 09:26

Şahdağa dolu düşüb

STP-də yeni təyinatlar
5-08-2025, 10:00

STP-də yeni təyinatlar

Bu rayonlarda 41° isti var
4-08-2025, 09:20

Bu rayonlarda 41° isti var

Şəhid atası vəfat etdi
3-08-2025, 09:16

Şəhid atası vəfat etdi

08 Ağu 09:51Manşet / Sosial

Pterigiumun cərrahi müalicəsi icbari tibbi sığorta ilə əlçatandır

pterigiumun-cerrahi-mualicesi-icbari-tibbi-sigorta-ile-elcatandir

Pterigium - qanadı xatırladan üçbucaq formalı membranın konyunktivadan gözün buynuz qişasına qədər tədricən böyüməsi ilə xarakterizə olunan gözün ön seqmentinin xroniki xəstəliyidir. Fibroz toxuma və qan damarlarından ibarət bu patoloji membran burun tərəfindən, yəni gözün daxili bucağından bəbəyin mərkəzinə doğru böyüyür.

“Qafqazinfo” xəbər verir ki, adətən günəş şüalarına, küləyə, tozlu, quru mühitə, allergen və kimyəvi maddələrin təsirinə uzunmüddətli məruz qalma nəticəsində yaranır.

Xəstəlik ilkin mərhələdə sadəcə gözdə qızartı, qaşınma, yanma, göz quruluğu ilə özünü göstərsə də, inkişaf etdikcə astiqmatizm, görmə itiliyinin azalması, görmə sahəsinin daralması və məhdudlaşması, diplopiya (ikigörmə) və digər simptomlara səbəb ola bilər. Bundan başqa, qeyd olunan membran estetik olaraq pasiyentlərdə narahatlıq və psixoloji problemlərə də səbəb ola bilər. Pterigiumun fəsadlarına konyunktivada və buynuz qişada çapıq toxumanın inkişafı, göz almasının məhdud hərəkətliliyi, çəpgözlüyün baş verməsi və ptergiumun bədxassəli degenerasiyasını misal göstərmək olar.

Pterigiumun diaqnozu oftalmoloq tərəfindən göz müayinəsi, göz almasının ön seqmentinin bio-mikroskopik müayinəsi ilə müəyyənləşdirilir. Pterigiumun mərhələsini müəyyən etmək üçün icbari tibbi sığorta hesabına oftalmoskopiya, vizometriya, perimetriya və refraktometriya kimi müayinələr aparılır. Pterigiumun həm konservativ, həm də cərrahi yolla müalicə yolları var. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə sözügedən xəstəliyin 2 cərrahi müalicəsi daxildir - pterigiumun kəsiklə çıxarılması və pterigiumun transpozisiyası (konyuktival autotransplantasiya). Ötən il ərzində icbari tibbi sığorta hesabına pterigiumun kəsiklə çıxarılması üzrə 284 sayda, transpozisiyası üzrə isə 1908 sayda cərrahi müdaxilə icra olunub. Birinci üsulda pterigium toxuması kəsilərək çıxarılır və yaraya tikiş qoyulur. Bu prosedur texniki baxımdan sadə və qısa müddətli olsa da, residiv (təkrarlanma) riski yüksək olur.

Daha müasir və effektli üsul isə pterigium çıxarıldıqdan sonra gözün sağlam hissəsindən götürülən toxumanın həmin nahiyəyə köçürülməsidir (konyuktival autotransplantasiya). Bu texnika həm estetik, həm də funksional baxımdan daha müsbət nəticələr verir və residiv (təkrarlanma) ehtimalını minimuma endirir. Konyunktival autogreftdən istifadə edilərək icra edilən bu əməliyyat hazırda aşağı residiv (təkrarlanma) nisbətinə görə pterigiumun cərrahi müalicəsində qızıl standart hesab olunur.

Əməliyyatlar yerli anesteziya ilə həyata keçirilir, müddəti 15–40 dəqiqə arasında dəyişir və pasiyent adətən eyni gün evə buraxılır, bir-iki həftə ərzində isə normal həyat tərzinə qayıda bilir. Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, reanimasiyada və stasionarda yatış, əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.

İcbari tibbi sığorta ilə hər iki əməliyyat tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) aparılır. Müvafiq tibbi xidmətin göstərildiyi dövlət tibb müəssisələrini “Tibb müəssisələrinin axtarışı” funksiyasından istifadə etməklə tanış ola bilərsiniz.