Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
Yük maşını sürücülərinin "qorxulu yuxusu": Avropanın ən stresli şəhərləri məlum oldu
Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Naxçıvanda üç nəfərin boğularaq öldüyü istirahət mərkəzinin sahibinə HÖKM OXUNDU

Şahbuzda istirahət mərkəzində üç nəfərin boğulması ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, Şahbuz Rayon Məhkəməsində istirahət mərkəzində üç nəfərin boğularaq ölməsi faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
İttihama görə, 2025-ci il sentyabrın 4-də saat 22 radələrində Naxçıvan şəhər sakinləri 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, anası 1983-cü il təvəllüdlü Sevinc Hüseynova və nənəsi 1947-ci il təvəllüdlü Səkinə Məmmədova Şahbuz rayonunun Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahət edərkən həyətyanı sahədəki gölməçədə kustar üsulla hazırlanmış üzən platforma aşıb. Nəticədə hər üç şəxs boğularaq ölüb.
İbtidai istintaqla müəyyən edilib ki, daşınmaz əmlakı icarəyə verməklə fərdi sahibkar kimi fəaliyyət göstərən Hikmət Qurbanlının vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olub. Toplanmış sübutlar əsasında o, Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, platformanın kustar üsulla hazırlandığını, onun yükgötürmə qabiliyyətinin 6 nəfər olduğunu, lakin müştərilərin 8-10 nəfər minməsinə icazə verdiyini deyib. O, həmçinin platformadan istifadə ilə bağlı yazılı xəbərdarlıq lövhəsinin asılmadığını, təhlükəsizlik tələblərinin tam təmin edilmədiyini etiraf edib və peşman olduğunu bildirib. Təqsirləndirilən şəxs zərərçəkmişlərin hüquqi varisləri ilə barışdıqlarını, zərərin ödənilməsi üçün əlindən gələni etdiyini qeyd edərək yüngül cəza istəyib.
Zərərçəkmişlərin hüquqi varisləri də ibtidai istintaqda verdikləri ifadələri təsdiqləyib, hadisə gecə saatlarında platformada çox adamın olmasından və tarazlığın pozulmasından sonra baş verdiyini bildiriblər. Onlar təqsirləndirilən şəxslə barışdıqlarını, şikayət və tələblərinin olmadığını, məhkəmədən yüngül cəza verilməsini xahiş ediblər.
Zərərçəkmişlər və şahidlər həmçinin ifadələrində bildiriblər ki, təhülksəzilik tədbirləri tam yerinə yetirilmədiyindən belə bir hadisə baş verib.
Məhkəmənin hökmü ilə Hikmət Qurbanlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirli bilinib. Ona 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyənləşdirilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.





















































