Menu
Xəbər Lenti
07 Şub 07:47Manşet / Gündəm / Siyasət

“Azərbaycan cəmiyyəti bu seçkiləri Zəfər seçkisi kimi səciyyələndirir”

azerbaycan-cemiyyeti-bu-seckileri-zefer-seckisi-kimi-seciyyelendirir

“Prezident İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz ötən illər ərzində tarixi və möhtəşəm uğurlara imza atıb. İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Məhz dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf  diyarına çevrilib. Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Məhz bütün bunların nəticəsidir ki, iki il öncə - 7 fevral 2024-cü ildə keçirilmiş prezident seçkilərində xalqımız öz Liderinə - İlham Əliyevə bir daha sonsuz inam və etimadını ifadə etdi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat xatırladıb ki, seçicilərin 92,12 faizi İlham Əliyevə səs verərək onu növbəti müddətə Prezident seçib:  “Prezident seçkilərinə beynəlxalq səviyyədə də maraq kifayət qədər yüksək oldu. Təsadüfi deyil ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilən seçkiləri 72 beynəlxalq təşkilat, 89 ölkədən 790 beynəlxalq müşahidəçi izləyib. Ən önəmli və tarixi məqam isə seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirilməsi idi.

Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə - şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, İlham Əliyevə minnətdarlıq ifadə etdi. Azərbaycan cəmiyyəti haqlı olaraq bu seçkiləri Zəfər seçkisi kimi səciyyələndirir. İlham Əliyev səsvermə günü ailəsi ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş seçki məntəqəsində səs verdi. Dövlət başçısının dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten separatçıların tabutuna vurulan son mismar oldu”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin seçkilərdə növbəti dəfə inamlı qələbə qazanması onun uğurlu siyasətinin nəticəsidir: “Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Qazanılan uğurların zirvəsində, təbii ki işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi, ən nəhayət 2023-cü il sentyabrında şanlı Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri dayanır. Öz lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi.

Prezident, Müzəffər Ali Baş Komandan bu qələbə ilə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı.

Bir sözlə, 7 fevral prezident seçkiləri bir daha xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi. Bu, o anlama gəlir ki, Azərbaycan vətəndaşları öz talelərinə biganə deyillər, istəyirlər ki, şəhidlərimizin qanı hesabına qurulan müstəqil dövlətimizin sükanı həmişə etibarlı əllərdə olsun. Bu istək həm cəmiyyətin bütün təbəqələrinin, həm də ölkəmizdə yaşayan bütün xalqların arzusudur. Bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir.

Dövlət başçısı İlham Əliyev suverenliyimizin bərpa olunmasını yeni dövrün başlanğıcı kimi səciyyələndirib. Bu mənada 7 fevral seçkilərində İlham Əliyevin seçki kampaniyasının “Yeni hədəflərə doğru!” şüarı ilə həyata keçirilməsi təbii qanunauyğunluq idi”.

Samir Vəliyev əlavə edib ki, yeni mərhələdə qarşımızda yeni hədəflər dayanır: “Bu hədəflərə çatmaq üçün 7 fevral prezident seçkilərinin nəticələri müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan xalqı seçkilərdə İlham Əliyevə səs verməklə məhz özünün güclü Lideri ilə yeni hədəflərə çatacağını təsdiqləmiş oldu.

Qarşıdakı əsas hədəflər sırasına regionumuzda sülhün təmin olunması, Azərbaycan iqtisadiyyatının daha da artırılması, milli təhlükəsizliyimizin və ordumuzun daha da gücləndirilməsi, əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsi, sosial sahənin bütün istiqamətləri üzrə tərəqqinin davam etdirilməsi, ölkəmizin beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsi, müəyyən qlobal layihələrin reallaşdırılması və s. məsələlər daxildir. Seçkilərdən ötən iki il ərzində bu hədəflərə doğru mühüm addımlar atılıb. Şübhəsiz ki, Azərbaycan dövləti və xalqı Prezident İlham Əliyevin liderliyi qarşıda yeni-yeni möhtəşəm nailiyyətlər qazanacaq!”