İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"
GƏNCLƏRİMİZİ TANIYAQ

“Xezertv.info” xəbər verir ki, 15 fevral 2026-cı ildə Amasiya rayonu Elləroyuğu (Ellərkənd) kənd icmasının Fəaliyyət Planına uyğun olaraq növbəti tədbiri keçirildi. Əsas məqsədi kəndin istedadlı gəncləri ilə görüşərək onları tanımaq və onları geniş ictimaiyyətə tanıtmaq olan tədbir “Gənclərimizi tanıyaq” layihəsinin növbəti mərhələsidir. Bundan əvvəlki mərhələdə gənclərin Qursal TV-də müsahibələrini təşkil etməklə ilk addımlarını atan layihə (rəhbəri Şahbaz Balakişiyev) artıq istedadlı gəncləri bir yerə toplamaqla onların gələcək karyerası istiqamətində də müəyyən addımlar atmağı hədəfləmişdir.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə koordinatoru Əhməd Rzayev, Amasiya Rayon İcmasının sədr müavini Elmar Hüseynov və Elləroyuğu kəndinin istedadlı gəncləri - futbol üzrə xüsusi bacarıqları olan 12 nəfər, cüdo (vako) və güləş üzrə dünya və Avropa kuboklarının qalibi olmuş 2 nəfər, musiqi istedadı ilə seçilən 2 nəfər gəncimizlə bərabər, artıq peşəkar fəaliyyəti və karyera uğurları ilə gənclərimizə örnək olan digər gənclərimiz də iştirak edirdi.
Tədbiri şəhidlərimizi bir dəqiqəlik sükutla yad edərək açan Elləroyuğu kənd icmasının sədri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Şahbaz Balakişiyev ölkəmizdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası müstəvisində görülən işlər barədə geniş məlumat verdikdən sonra sözü kənd icma sədrinin ictimai işlər üzrə köməkçisi Hüsəməddin Cəfərova verdi. Hüsəməddin Cəfərov istedadlı gənclərin uğurlarını sadalamaqla onları tədbir iştirakçılarına təqdim etdi və gələcək karyeraları üçün kənd icmasının həmişə dəstəyi olacağını onların diqqətinə çatdırdı.
Tədbirdə iştirak edən qonaqlar - Əhməd Rzayev və Elmar Hüseynov, kənd icmasının Ağsaqqallar Şurasının üzvü Mövlə Məmmədov, sahibkar Natiq Hüseynov və başqaları da öz növbəsində gənclərimizin nailiyyətlərinə sevindiklərini ifadə edərək onlara uğurlar arzuladılar. Sonda icma sədri Şahbaz Balakişiyev bu istedadlı gənclərin bundan sonra da istər rayon, istərsə də kənd icmasının daima diqqət və qayğısı ilə əhatə olunacaqlarını söyləyərək kənd icmasının xüsusi təşəkkür diplomlarını onlara təqdim etdi.
























































