Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
30 illik məzun görüşü: "İllər keçsə də, məktəb sevgisi və müəllim hörməti dəyişmir" – Narınc Əhmədova ilə müsahibə
13.06.2026
M.Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin müəllimi Narınc Əhmədova 30 il əvvəl məzun olduğu məktəbdə keçirilən görüşün təəssüratlarını bizimlə bölüşüb. O, məktəb illərinin insan həyatındakı əvəzsiz rolundan, müəllimlərinə olan minnətdarlığından və sinif yoldaşları ilə yenidən bir araya gəlməyin sevincindən danışıb.
– Narınc müəllim, 30 il sonra yenidən məzun yoldaşlarınızla görüşmək sizdə hansı hissləri oyatdı?
– İnsan həyatının ən unudulmaz dövrü məktəb illəridir. Həmin illər bizə yalnız bilik vermədi, həm də dostluğu, vəfanı, müəllimə hörməti və mənəvi dəyərləri öyrətdi. Aradan düz 30 il keçməsinə baxmayaraq doğma məktəbimizdə yenidən bir araya gəlmək hər birimiz üçün çox duyğulu və qürurverici anlar yaşatdı. Bu görüş göstərdi ki, zaman keçsə də, əsl dostluq və məktəb sevgisi heç vaxt unudulmur.
– Məktəb illəriniz hansı təhsil ocaqları ilə bağlıdır?
– Təhsil yolumuz Lənkəran rayonunun Kosalar kənd natamam orta məktəbi və Möhübbət Həmzəyev adına Səpnəkəran kənd tam orta məktəbi ilə bağlıdır. Sinif yoldaşlarımızın bir qismi ilk təhsilini Kosalar kənd məktəbində alıb, daha sonra isə M.Həmzəyev adına Səpnəkəran kənd tam orta məktəbində təhsilini davam etdirərək məzun olub. Hər iki məktəb bizim həyatımızda silinməz iz buraxıb və bu gün də həmin məktəblərin məzunu olmağımızla fəxr edirik.
– Doğma məktəbə qayıdış necə keçdi?
– Məktəbin həyətinə daxil olduğumuz ilk andan sanki illər geri qayıtdı. Sinif otaqlarını gəzdik, məktəb dəhlizlərində keçirdiyimiz uşaqlıq illərini xatırladıq. Dünyasını dəyişmiş müəllimlərimizi dərin ehtiramla yad etdik. Onların hər biri bizim həyatımızın formalaşmasında böyük rol oynayıb. Bu görüş həm sevinc, həm də kövrəklik dolu anlarla yadda qaldı.
– Müəllimlərinizlə görüş necə baş tutdu?
– Görüşün ən mənalı hissələrindən biri bizi elmə, həyata və mənəviyyata hazırlayan müəllimlərimizi ziyarət etməyimiz oldu. Sinif rəhbərimiz Mehdi müəllimi və riyaziyyat müəllimimiz Sevil müəllimi evlərində ziyarət etdik. Onlarla keçirdiyimiz hər dəqiqə bizi yenidən məktəb illərinə apardı. Keçmiş xatirələri birlikdə yada saldıq, onların dəyərli nəsihətlərini dinlədik. Müəllimlərimizin üzündəki sevinc, səmimiyyət və bizə etdikləri dualar bu görüşün ən böyük mənəvi qazancı oldu. Təəssüf ki, vaxt məhdudiyyəti səbəbindən digər müəllimlərimizi ziyarət edə bilmədik. Ancaq onların hər biri qəlbimizdə xüsusi yer tutur.
– Görüşdə başqa hansı xoş anlar yaşandı?
– İlk müəllimlərimiz Sevda müəllimə və Aynaz müəllimə, həmçinin ingilis dili müəllimimiz, hazırda Kosalar kənd natamam orta məktəbinin direktoru vəzifəsində çalışan Kamran müəllimlə yenidən görüşmək bizi çox sevindirdi. Müəllimlərimizin də aramızda olması tədbirə xüsusi rəng qatdı.
Daha sonra Relaks İstirahət Mərkəzində təşkil etdiyimiz səmimi süfrə arxasında bir araya gəldik. Uşaqlıq və məktəb illərimizdən danışdıq, xatirələrimizi bölüşdük. Xaricdə yaşayan və müxtəlif səbəblərdən iştirak edə bilməyən sinif yoldaşlarımız da telefon bağlantısı vasitəsilə söhbətimizə qoşuldular və sevincimizi bizimlə bölüşdülər. Bu, hər birimiz üçün çox dəyərli idi.
– Bu görüş sizin üçün hansı xüsusi məna daşıdı?
– Günün sonunda birlikdə çəkdirdiyimiz xatirə şəkilləri 30 illik ayrılıqdan sonra yenidən qovuşmağımızın ən gözəl yadigarı oldu. İnanıram ki, illər keçsə də, həmin fotolar bu gün yaşadığımız sevinci, qüruru və dostluq hisslərini bizə yenidən yaşadacaq.
Bu görüş mənim üçün daha bir səbəbə görə xüsusi idi. Çünki həmin gün mənim doğum günümlə üst-üstə düşürdü. Ona görə də bu tarix həyatımın ən əziz və unudulmaz günlərindən biri kimi yadda qalacaq.
Sonda bu möhtəşəm görüşün təşkilində əməyi olan bütün sinif yoldaşlarıma sonsuz təşəkkürümü bildirirəm. İnanıram ki, bu dostluq və birlik ənənəsi bundan sonra da davam edəcək. Çünki məktəb yalnız təhsil ocağı deyil, insanın ömür boyu qəlbində yaşatdığı ən qiymətli xatirələr məkanıdır.
Fərid Səfərov
AJB-nin üzvü









































































