Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli Milli Olimpiya Komitəsi üzvləri!
Sizi, eləcə də ölkəmizin bütün idman ictimaiyyətini Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı yetirir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə təsis olunan Milli Olimpiya Komitəsi ötən müddət ərzində ölkəmizin öz idman potensialını tam gerçəkləşdirməsi naminə daim var qüvvəsi ilə çalışmışdır. Komitə nailiyyətlərlə zəngin şərəfli bir yol keçmiş və işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmayaraq, respublikada Olimpiya ideallarının bərqərar olmasında və idmanın dinamik inkişaf etdirilməsində təqdirəlayiq xidmətlər göstərmişdir. Qurumun fəaliyyətinin səmərəli təşkilinin nəticəsidir ki, idmançılarımız Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında çoxsaylı müvəffəqiyyətlər qazanmışlar.
Respublikamızda idmana diqqət dövlət siyasətinin prioritetlərindəndir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər, o cümlədən yaradılmış ən müasir idman infrastrukturu, olimpiya kompleksləri, ixtisaslaşmış idman məktəbləri bunun əyani təsdiqidir. Xüsusi vurğulamaq istərdim ki, mötəbər beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübə əldə olunmuşdur. Bu gün yüksəliş dövrünü yaşayan və bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımızın tarixinə parlaq səhifələr yazılmaqdadır. Azərbaycan idman sahəsində nəhəng layihələr reallaşdıraraq uğurlara imza atmış ölkə kimi artıq dünya miqyasında tanınır.
Milli Olimpiya Komitəsi idmançılarımızın Olimpiya Oyunlarındakı qələbələrinə dəyərli töhfələr verən və yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq əlaqələri quraraq hazırda qitənin olimpiya qurumları arasında ön sıralarda dayanan nüfuzlu təşkilatlardan birinə çevrilmişdir. İnanıram ki, Komitə Olimpiya Xartiyasının başlıca prinsipləri əsasında respublikamızda Olimpiya hərəkatının qarşıdakı illərdə daha geniş vüsət alması üçün imkan və bacarığını bundan sonra da əsirgəməyəcək, nailiyyətləri ilə ictimai həyatımızdakı əhəmiyyətli mövqeyini qoruyub saxlayacaqdır".