Menu
Xəbər Lenti
Azərbaycana qış gəldi
21-12-2024, 12:54

Azərbaycana qış gəldi

Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Şub 17:59Mədəniyyət

Azərbaycanın ilk qadın pianoçusu – Xədicə Qayıbova

Həyata gözümüzü açdığımız ilk gündən etibarən bu dünya bizi hər zaman sevə-sevə bağrına basıb, əllərimizi də möhkəmcə uğura doğru səsləyirmiş kimi sıxıb. Bəzən heç buraxmayacaqmış kimi oxşayıb, bəzən də incəldiyi yerdən qoparmağa, ən ağır cəzalara məhkum etməyə çalışıb. Haqqında sizlərə söhbət açacağım Xədicə Qayıbovanın da taleyini bu dünya özü dəyişib, onu ən ağır imtahanların girdabından keçirib. Gah mavi, gah da boz pəncərələrdən boylanmağa vadar edib.

Bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Azərbaycanın ilk qadın pianoçusu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

“Xədicə Qayıbova (1893-1928) Azərbaycanın ilk qadın pianoçularından biri idi. Ailənin altıncı övladı olan Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Anası Züleyxa xanım XIX yüz ildə Tiflisdə məskunlaşan tatar Terequlovlar nəslindən idi. Hər ikisi ziyalı olan valideynləri qızlarının yaxşı təhsil almasını istəyirdilər.

Xədicə xanım Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurur. Professor N.Nikolayevin Fortepiano sinfində isə xüsusi kursu qızılı haşiyəli diplomla bitirir. Həmin il Tiflisdə vərəm xəstəliyi yayılır. Bu bəla Xədicəgilin ailəsindən də yan keçmir. Xədicə xanım gənc yaşında atasını, bacısını və qardaşını itirir. Bu səbəbdən də bir müddət təhsilini davam etdirə bilmir. Ailəsini itirməsi ona çox pis təsir edir və dərin sarsıntı keçirir.

Ailə bağları və ya eşqin rəngi

Xədicə xanım Azərbaycanın ilk şəfqət bacısı Nigar Şıxlinskayanın qardaşı mühəndis Nadir Qayıbovla 1911-ci ildə ailə qurur. Nadir Qayıbov Qafqazın müftisi, böyük maarifpərvər Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu idi. Mirzə Hüseyn Qayıbzadə “Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dörd cildlik toplunun müəllifidir. O, bütün Qafqazda məşhur olan və Azərbaycan mədəniyyəti, həm də maarifi tarixində xüsusi yeri olan Qori seminariyasının Azərbaycan bölməsinin açılmasında təşəbbüskarlardan biri olub.

Xədicə xanım bir müddət Tiflisdə Azərbaycan məktəbində dərs deyir. 1919-cu ildə Qayıbovlar ailəsi Bakıya köçür. Çünki Bakıda Xədicə xanım üçün əlverişli musiqi mühiti vardı. O dönəmlərdə Bakıda xanım musiqiçilərə çox böyük ehtiyac yaranmışdı. Bu ehtiyacın yaranma səbəbi dahi Üzeyir bəy Hacıbəyli idi. O, qadın musiqiçilərin səhnəyə cəlb edilməsinə xüsusi önəm verirdi.

Xədicə xanım səhnə üçün yaranmışdı və səhnə də ona qollarını geniş açmış şəkildə gözləyirdi. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir, konsertlər verir, tələbələr hazırlayırdı. Xüsusi görüşlərdə, musiqi gecələrində həm özü, həm də yetirmələri ilə çıxış edirdi. Onun evi də Bakının yüksək mədəni təbəqəsinin görüş yeri sayılırdı. Musiqi, ədəbiyyat məclislərinin sədası onun evindən ətrafa yayılırdı. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, özəlliklə Türkiyədən gələn alimlər, şairlər olurdu. Araşdırmalarda göstərilir ki, bu musiqi məclislərində həm də Ü.Hacıbəyli, R.Qliyer, H.Sarabski, Bülbül, F.Köprülüzadə, İ.Hikmət və başqaları yaxından iştirak ediblər.

Sovet dövründə Xədicə Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra layihələrlə çıxış edir. Onun bu istiqamətdə fəaliyyəti əsasən maarifçilik missiyalı idi. Sonra o, Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılır. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi respublikanın mədəni həyatında fəal iştirak edirdi. Dövrünün görkəmli sənətkarları ilə çalışır, Azərbaycan musiqi folklorunun toplanmasında fəal iştirak edirdi.

Adı keçən kurs ləğv edildikdən sonra o, 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında Nəzəriyyə və bəstəkarlıq ixtisası üzrə professor L.Abdan dərs alır. Xədicə xanım tək musiqi fəaliyyəti ilə kifayətlənmir, ictimai həyatda da fəal iştirak edirdi.

Həyat şərtlərinə boyun əyməyən qürur

Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir. Ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də 1933-cü ildə sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə xanımı 3 ay müddətinə həbs edir. O da həyat yoldaşı kimi “casusluq”da ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil tapmadıqlarına görə həbsdən azad etməli olublar.

Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım konservatoriyada elmi fəaliyyətlə məşğul olmağa başlayır, ömrünü Azərbaycanın musiqi mirasının araşdırılmasına sərf edir. Çox keçmir ki, 1937-ci ildə onun həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır və Rəşad Qayıbov 1938-ci ildə qətlə yetirilir. Taleyin amansız sınaqlarına baxmayaraq, X.Qayıbova enerjili, nikbin və təşəbbüskar bir qadın idi.

1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın Birinci bölməsinin üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi. Arayışda bildirilirdi: “Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat Partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əks-inqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb olunmalıdır”. Bu arayış öz ardı ilə çox böyük fəlakətlər gətirdi.

Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 saylı orderinə əsasən həbs edilir. 1938-ci il aprelin 28-dək Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilir və 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə, casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnir.

Zaman zalımların və elə cəlladların da cəlladı ola bilər, öz hökmünü gec versə belə... – Güllələnmə hökmünə səbəb olanlar bir müddət sonra özləri də məhkəmə qarşısına çıxarılır.

1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunaraq güllələnməsi haqqında Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir.

Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.

Bu qadının maarif işığını söndürməyə, onun yolunu çox kəskin ittihamların ağırlığı ilə kəsməyə, ən əsası da ruhunu susdurmağa, sındırmağa çalışdılar. Bunu fiziki baxımdan bacarsalar da, mənəvi baxımdan bacarmadılar, uduzdular – tarixə yenildilər!..

Xədicə xanım Qayıbova yaradıcı ömründən-günündən ayrılmağa məcbur edildiyi o məşum gündən hələ də boylanır... Onun pianosunun dilləri ətrafa işıq saçır. Onun – Xədicə xanım Qayıbovanın ruhu şaddır; onun yaradıcılığı, şəxsiyyəti, öz keçmişi bütün kəsafətlərə qarşı mənəvi mübarizədədir və qalibdir!

Bizim vəzifəmiz Azərbaycan mədəniyyətində iz qoymuş insanları gənc nəslə tanıtdırmaqdır və keçmişin həqiqətlərini çatdırmaqdır.