Menu
Xəbər Lenti
10 Nis 14:55Manşet / Cəmiyyət

Azərbaycanda Hərbi polisin yaranmasının 30-cu ildönümü qeyd edilir

Azərbaycanda Hərbi polisin yaranmasının 30-cu ildönümü qeyd edilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 30-cu ildönümü qeyd olunur.

Nazirliyin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, fəaliyyətə başladığı gündən çətin və şərəfli yol keçən bu qurum 1992-ci ildə müdafiə nazirinin əmri ilə yaradılıb. Yaradılmasında əsas məqsəd dövlətin və xalqın mənafeyinin müdafiəsində, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirak etməkdən ibarət olan hərbi polis qarşıya qoyulan tapşırıqları istənilən şəraitdə yerinə yetirməyə qadirdir.

Ruh yüksəkliyi sarsılmaz olan hərbi polisin şəxsi heyəti həmişə mənəvi-psixoloji hazırlıq baxımından əzmkarlıq nümayiş etdirib.

Hərbi polis naryadları ölkənin paytaxt və digər şəhərlərində, həmçinin hərbi qarnizonların yerləşdiyi yaşayış məntəqələrində stasionar və səyyar postlarda sutkaboyu xidmət aparır. Bu postlar hərbi nəqliyyatın təqdim edilən sənədlərə müvafiq marşrutlar üzrə hərəkət etməsini nəzarət altında saxlayır, zərurət yarandıqda marşrutların tənzimlənməsini, hərbi kolonların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. Eyni zamanda, naryadda olan hərbi polis postları buraxılış rejiminə, şəxsi heyət arasında nizam-intizama, hərbi formanın nizamnamələrə uyğun daşınmasına, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarəti təmin edir.

Hərbi polis nəzarət-buraxılış məntəqələrində patrul xidmətini həyata keçirməklə yanaşı, mühüm hərbi obyektlərin, hərəkətdə olan hərbi kolonların müşahidə və mühafizəsini də həyata keçirir.

Hərbi polisin tabeliyində faəliyyət göstərən Azərbaycan Ordusunun Kinologiya Mərkəzində yetişdirilən cins itlər təyinatı üzrə qoşun növlərinin sərəncamına verilir. Mütəxəssislər tərəfindən xüsusi təlim görən itlər minaaxtarma işində, qarovul xidmətinin yerinə yetirilməsində, eləcə də başqa xidməti məqsədlərdə istifadə olunur.

Hərbi polisin şəxsi heyəti Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə də fəal iştirak edib və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.

Hazırda hərbi polis bölmələri işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə xidmət aparır, qoşunların dislokasiya yerlərində təhlükəsizliyin və nizam-intizamın təmin edilməsində iştirak edir. Hərbi polisin stasionar və səyyar postlarında xidmət aparan naryadlar əraziyə daxil olan texnikanın, şəxsi heyətin yoxlanılmasını və qeydiyyatını aparır, hərbi nəqliyyat vasitələrinin hərəkətini istiqamətləndirir, həmçinin Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə onları müşayiət edir.