“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Yeni dövrə yeni seçki ilə başlamalıyıq
Məşhur Məmmədov,
Millət vəkili
Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında çox əhəmiyyətli, həlledici dövrə yekun vurduq. Baş verənlər ölkə üçün epoxal hadisə oldu. Etiraf edək ki, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar qələbə olmamışdır. Bütün amilləri nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.
Yeni dövrə yeni seçki ilə başlamalıyıq.
İlk dəfə olaraq müstəqil, ərazi bütövlüyü təmin olunan dövlətimizdə seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər sayıldığından bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır.
Reallıq bunu tələb edir. Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək.
Tarixi Zəfəri bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Artıq irəliyə baxmaq zamanıdır.
Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilib. Aydın məsələdir ki, bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır.
Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə biz heç vaxt sakitləşməməliyik.
Cənab Prezident İlham Əliyev yerli media mənsublarının suallarını cavablandırarkən qeyd etdiyi kimi, Azərbaycan məlum beş prinsipi rəsmiləşdirdi və bu prinsiplər əsasında faktiki olaraq danışıqlar başlayıb. Ermənistan və bəzi başqa ölkələr bu prinsiplərə Qarabağla bağlı mövzunu da əlavə etmək istəyirdi. Halbuki biz ilk gündən bunun əleyhinə idik. Ermənilər birmənalı anlamalıdırlar ki, Qarabağ bizim daxili işimizdir, əgər sülh müqaviləsi imzalanarsa, bu, dövlətlər arasındakı müqavilə olacaq.
Ermənistan və onun arxasında dayanan bəzi ölkələr mütləq Qarabağla bağlı mövzunu sülh müqaviləsinə salmaq istəyirdilər, xüsusilə status məsələsini. Həm Ermənistan, həm də onun havadarları çalışırdılar ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri də müqaviləyə salınsın. Biz isə deyirdik ki, əgər belə olsa, onda vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada təsbit edilməlidir:
"Ermənistan 70 gün ərzində bizim təklifimizə cavab vermirdi. Biz onu artıq rəsmi qaydada bildirəndən sonra təklif verdilər və hazırda onların təklifində Qarabağla, Qarabağ erməniləri ilə bağlı bir kəlmə belə yoxdur. Yəni, bu mövzu artıq çıxarılıb və faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün real şərait məhz indi yaradılıb - məhz sentyabr əməliyyatından sonra.
Ermənistan istəyir ki, sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır".
Böyük Qayıdış proqramları həyata keçirilir. 140 min keçmiş köçkün yaxın üç il ərzində öz dədə-baba torpaqlarına qayıdacaq. Cənab prezidentin qeyd etdiyi kimi, hədəfimiz 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Bütün bunlar daxili imkanlar hesabına edilir.
Seçkidən sonra ölkəni yeni hədəflər, yeni uğurlu layihələr gözləyir. Hər kəs hədəflərə tez çatmaq üçün öz töhfəsini verməli, köməyini əsirgəməməlidir. Dövlət-xalq birliyi ölkəmizdə tarixin sınaqlarından həmişə üzüağ çıxıb.
Bu dəfə də belə olacaq.