“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Hidayət Məmmədov: “20 Yanvar Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi oldu”
“20 Yanvar gecəsi Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi idi”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O qeyd edib ki, bu gün Zəfər tarixinin qüruru içində olan, suverenliyi və Konstitusiya quruluşu tam bərpa olunmuş Azərbaycanda 34 il əvvəl baş vermiş o qanlı gecə anılır:
“Müstəqilliyini haqq edən bir dövlətin vətəndaşlarıyıq. Həm də ona görə qürurluyuq ki, günahsız qurbanlarımızın, Vətən uğrunda canını fəda edən şəhidlərimizin qanı yerdə qalmayıb. Biz çiçəklənən bir ölkənin sakinlərinə çevrilmək üçün çox böyük yol qət etmişik. Bu yolu birlikdə keçmişik, o tarixi əziz tutan və onu qoruyan nəsillər yetişdirmişik. Bakı Metropoliteninin rəhbərliyi bu nəqliyyatın tarixində, bəlkə də, ən vacib və ən şərəfli qərarını məhz o gecə verdi”.
H.Məmmədov metronun 1990-cı il yanvarın 20-dəki fəaliyyətindən söz açıb:
“Metro səhərə qədər insanların xidmətində dayandı, qapılar bağlanmadı, qatarların hərəkəti dayandırılmadı. Bakı Metropoliteni olmasaydı, söz yox ki, həmin gecə qurbanlarımızın sayı dəfələrlə çox olacaqdı. İnsanlar metroya bir sığınacaq kimi, xilas yeri kimi üz tutmuşdular. Şəhərdə hətta təcili tibbi yardım maşınlarının atəşə tutulduğu vaxt metropoliten yaralıları qəbul edərək onlara yardım göstərilməsində, xəstəxanalara daşınmasında əhəmiyyətli rol oynadı.
İşçilər stansiyalara daxil olan məlumat əsasında yaxın ərazilərdə olan insanların, yaralıların imdadına yetişdilər, onların stansiyalara gətirilməsində fədakarlıq göstərdilər. Elə o gecədən işçilər bu stansiyanı “20 Yanvar” adlandırmağa başladılar. Çünki artıq biz silahsız, günahsız insanlarımızın həyatına dəyər verməyən bir ordunun adını daşıyan stansiyamızın olmasını istəmirdik. Bir müddət sonra bu ad rəsmi qərarla təsdiqini tapdı. Stansiyanın memarlıq ansamblı 20 Yanvar mövzusunda tamamilə yeniləndi.
Bu gün Şəhidlər xiyabanında uyuyan günahsız qurbanlar sırasında iki metropolitençi - vaqon təmirçisi İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var. Onların uca xatirəsi “Nərimanov” elektrik deposunda əbədiləşdirilib. Bu gün bizə bu qürurlu tarixi yaşamağı nəsib etmiş bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların xatirəsini əbədi qorumağa, yeni nəsillərə ötürməyə, qəhrəmanlıqlarını yaşatmağa borcluyuq”.