“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Şərti sərhəddəki atəşin geosiyasi mənzərəsi: Bakı İrəvanı “təmizləmə əməliyyatına” çağırır - TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə səfəri fonunda dördhissəli “tamaşa” Fransanın Azərbaycana qarşı hibrid əməliyyatlarda dəstək qazanmaq motivlərinə vurğu edir.
Birincisi, Fransa prezidenti yenidən Azərbaycana qarşı bəyanatların həmmüəllifi olmaqda həvəsli davranışını nümayiş etdirdi.
İkincisi, Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində ənənəvi və klassik erməni diplomatiyası ritorikasını təkrarladı, Azərbaycanın müharibəyə hazırlaşdığını bildirdi.
Üçüncüsü, Fransanın müdafiə naziri Sebastyan Lekornyu Paşinyanın Paris səfərindən sonra tələsik İrəvana ayaq basdı. Onunla Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi əməkdaşlığa dair sənədlər paketi imzaladı.
Dördüncüsü, məhz bu üç istiqamətin mənzərəsini silah səsləri daha da tündləşdirdi.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, şərti sərhədin Basarkeçər-Kəlbəcər istiqamətində Ermənistan təxribat törədib.
Müdafiə Nazirliyinin məlumatındakı bu cümlənin altından qalın bir xətt çəkmək lazımdır:
“İki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib”.
Bunların böyük tablodakı geosiyasi qatları daha qalındır - bunu Müdafiə Nazirliyinin “tədbir görməməsi” faktı aydın izah edir.
Bunun siyasi mənalandırılması bir-biri ilə bağlı olan üç izahla göstərilə bilər.
Yəni:
1. Fransa və Ermənistan Azərbaycanı provokasiyaya çəkir, lakin Bakı strateji təmkin göstərərək cavab üçün uyğun zaman gözləyir;
2. Fransa Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı əməliyyatları həyata keçirə biləcək bir qərargah kimi istifadə etməyə çalışır;
3. Paris və İrəvan Azərbaycan üzərindən Rusiyaya qarşı müqavimət oxu yaradıb, rəsmi Bakını NATO ilə Moskva arasında rəqabət arasında sıxışdırmağa cəhd edir.
Azərbaycan isə geosiyasi oriyentasiyada üstünlük təşkil edən strateji məramını saxlamaq üçün balanslaşdırma aktına daha böyük diqqət yetirir.
Azərbaycan bunun yaxın və ya bir qədər uzaq gələcək üçün doktrinasını quracağı çəkindirmə aktları ilə mükəmməlləşdirə bilər.
Belə ki, Azərbaycan çəkindirmə üzrə portfelini qüvvətləndirmək üçün Ermənistana qarşı alternativ əməliyyat hüququna müraciət etməyi seçə bilər.
Çünki Ermənistan üzərindən yaradıla biləcək daha fərqli regional reallıq Fransanın da müqavimətini sındırmaq gücünə malikdir.
Lakin Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı regionun təhlükəsizlik balansını dağıtmağa çalışan qüvvələrə qarşı hərəkətə çağırır.
Bu təmkinin mümkün səbəbi regiondakı həssas təbəqələrin tərpənmə riskidir, amma təhdid layları yerindən oynasa belə, Bakının özünü müdafiə edəcək gücü və potensialı mövcuddur.
Ermənistan isə müdafiə üçün praktiki boşluqlardadır, nə hərbi resurslar, nə silah arsenalı İrəvana xoşbəxt qorunma bəxş edə bilir.
Hərçənd, İrəvan Fransanın Ermənistanı silahlandırmasını özü üçün yeganə xilas şansı kimi görməkdədir.
Bununla belə, həmin silahların Azərbaycan əleyhinə geosiyasi gerçəklik yarada bilmək iqtidarı yoxdur, çünki reallıq formalaşdırmaq üçün hərbi resurslar böyükölçülü potensiala malik olmalıdır.
Hər halda, Azərbaycan bunu bilə-bilə yenə də səbir göstərirsə, bu, həm də Ermənistanı hərbi və siyasi elitada “təmizləmə əməliyyatları” aparmağa çağırışdır.
Boşuna deyil ki, Azərbaycan Müdafiə Nazirliyi şərti sərhəddə baş verən sonuncu insidentlə əlaqədar:
- Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırdı,
- Bu əməlləri törədənlərin müəyyən edilərək cəzalandırılmasını tələb etdi.
Bu, Ermənistanın daxilindəki “paralel hökumətin” təmizlənməsi əməliyyatları üçün verilən istiqamətdir.
Düzdür, Ermənistan mümkün vətəndaş qarşıdurmalarına, iğtişaşlara da hazır olmalıdır. Çünki İrəvanın siyasi kursu daxili arenanı da çalxalayır.
Lakin səbəb nə olursa-olsun, Azərbaycan heç bir vəziyyətdə İrəvanın regional sabitliyi pozmaq üçün səylərinin genişlənməsinə imkan verməyəcək.