“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Ermənistan Konstitusiyasında fransız barmağı - TƏHLİL
Fransanın son üç il ərzində yersiz müdaxiləsi və Ermənistana açıq kömək etməsi Avropanın digər nəhəngi olan Almaniyanın vəziyyətə soyuq başla yanaşmasına səbəb olur. Çünki Fransaya görə korlanan Avropa-Azərbaycan münasibətlərinin fəsadlarını tək fransızlar deyil, hamı yaşaya bilər.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Berlin görüşünün nəticələri barədə ehtimal irəli sürmək asan deyil. Ermənistan şərti sərhəddə təxribatları bərpa edib, Avropa isə başda Fransa olmaqla, qitə miqyaslı strukturlar vasitəsilə Azərbaycana münasibətdə qərəzli aksiyalarını davam etdirir. Avropalı parlamentarilər tərəfindən Bakıya qarşı sanksiya və hətta embarqonun tətbiq edilməsinə dair çağırışlar səslənir. Bu məzmunlu bəyanatlar təbiəti etibarilə populist olsa da, təbliğati müstəvidə öz işini görür: Azərbaycan neqativ, Ermənistan zərərçəkən obrazda təqdim olunur. Belə bir mənzərə prosesin sülhə doğru irəliləməsindən daha çox, müharibə ehtimalına tərəf yuvarlanması anlamına gəlir, xüsusilə Ermənistanın Fransa tərəfindən silahlandırılması fonunda.
Berlin dilemması
Ceyhun Bayramovla Ararat Mirzoyanın Almaniyanın XİN rəhbəri Annalena Berbokun vasitəsilə baş tutan iki günlük görüşü göstərir ki, sülh prosesi yenidən məktublaşma formatından canlı formata keçir. 44 günlük müharibə və bir sutkalıq antiterror tədbirləri ilə nokdauna düşən Ermənistanın nokautla rinqi tərk etməməsi Azərbaycanın humanist yanaşmasının göstəricisidir. Sülh müqaviləsinin hazırlanması zamanı məğlub tərəfin qaliblə eyni statusda təmsil olunması mümkün deyil. Hərb və sülh tarixində hələ belə bir hal qeydə alınmayıb. İrəvan üçün sülhə nail olmaq hava-su kimi lazımdır. Növbəti müharibə Ermənistanın dövlət, ermənilərin isə xalq kimi Cənubi Qafqazdakı mövcudluğuna son qoya bilər. Tək Azərbaycan deyil, Türkiyə ilə ədavəti və Rusiya ilə münasibətlərinin düşmənçilik statusuna qaldırılması Ermənistanın hazırkı geosiyasi vəziyyətini o qədər mürəkkəbləşdirib ki, ondan tarixən formalaşmış ümummilli immunitet vasitəsilə çıxmaq müşkül məsələdir. Erməni xalqı sürətlə ölkəni tərk edir. Bu, ermənilərin tarixən bu torpaqlara bağlı olmamaları ilə yanaşı, həm də yeni müharibədən qorxunun əlamətidir. Şübhəsiz ki, bunu Paşinyan hakimiyyətində yaxşı dərk edirlər. Ancaq rəsmi İrəvanın arasında qaldığı məngənə getdikcə daralır, bir tərəfdən reallıq, digər tərəfdən isə əsiri olduğu Fransanın geosiyasi iştahası Paşinyanı çıxılmaz hala salıb.
Avropa öz qorxularını neytrallaşdırmaq istəyir
Əvvəl Münhendə, sonra isə Berlində Almaniyanın vasitəçilik missiyasını üzərinə götürməsi, təşəbbüsdən daha çox məsuliyyətin hiss edilməsidir. Almaniya bu kimi proseslərdə adətən aktiv görünmür. Münaqişə tərəfləri arasındakı moderatorluq rəsmi Berlinin ən yaxşı bacardığı iş deyil. Ancaq Fransanın son üç il ərzində yersiz müdaxiləsi və Ermənistana açıq kömək etməsi Avropanın digər nəhəngi olan Almaniyanın vəziyyətə soyuq başla yanaşmasına səbəb olur. Çünki Fransaya görə korlanan Avropa-Azərbaycan münasibətlərinin fəsadlarını tək fransızlar deyil, hamı yaşaya bilər. Qitənin iqtisadi problemlərinin çözümü adətən Almaniyanın çiyinlərinə düşdüyündən, Berlində hazırkı durumun məsuliyyətini yaxşı dərk edirlər. Avropa Parlamentində Azərbaycandan idxal edilən neft və qazdan imtinaya dair populist bəyanatlar fonunda praqmatik almanlar üçün durum o qədər də ürəkaçan görünmür. Bu baxımdan, Olaf Şoltsun təşəbbüsləri sülh prosesini dalandan çıxarmaqdan daha çox Avropanın öz qorxularının neytrallaşdırılmasına hesablanıb.
Fransa bütün Avropanı oyundankənar vəziyyətə salıb
Fransa aqressiv və birtərəfli yanaşması ilə tək özünü deyil, bütün Avropanı oyundankənar vəziyyətə salıb. Parisin Qafqazın cənubundan olan ekspansionist gözləntiləri bütün Avropanı düşündürəcək və çətinliyə salacaq problem deyil. Uzanan Rusiya-Ukrayna müharibəsi və Qərb-Moskva ziddiyyətləri reallığında Avropaya, əsasən də onun mühərriki rolunda çıxış edən Almaniyaya enerji mənbələri və tranzit yolları lazımdır. Son iki ildir dünyanın diqqətinin Cənubi Qafqazdan keçən “Orta dəhliz”ə yönəldiyi bir vaxtda Almaniya və bütün Avropanın, Fransanın Ermənistan ambisiyalarına ilişib qalması ağlasığmaz görünür. Bu gün Çin dünya istehsalının 35%-nə malikdir və “Orta dəhliz”in əsas təşviqatçılarından biridir. Fermerlərinin əlində qalmış Makronun belə bir iqtisadi sunaminin qarşısında nə vaxtadək tab gətirəcəyi sual doğurur. Bu miqyasda qlobal tranzit və logistik layihənin cəmi bir neçə kilometrlik Zəngəzur dəhlizinə görə reallaşmaması nə qədər ağlabatandır?
Ermənistan Konstitusiyasında fransız barmağı
Əminliklə qeyd etmək olar ki, Berlin danışıqlarının əsas mövzularından biri Ermənistanın daxili qanunvericiliyi olub. Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olması imzalana biləcək istənilən sülhü qeyri-yetkin və müvəqqəti edir. Ermənistandan fərqli olaraq, Azərbaycan və Türkiyə ciddi dövlətlərdir. Bu səbəbdən konstitusiya dəyişilməzsə, yekun sülhdən danışmaq əbəsdir. Müharibənin hərb tərəfi döyüş meydanında ordular arasında həll edilir. Qonşulara qarşı aqressiv daxili qanunvericilik isə xalqın və xalqı arxasınca aparan hakimiyyətin məsuliyyət dairəsidir. Paşinyan hökumətinin bu ballastdan qurtulmaq istəyi hiss olunur, ancaq belə görünür ki, burada da Fransanın təzyiqləri ilə üzləşir. Paris indi Ermənistanın daxili işlərinə, hətta qanunvericilik prosesinə də müdaxilə etməyə başlayıb. Parisdə səfərdə olan Paşinyanı bu ölkədəki baş daşnak Murad Papazyanla barışdırmaq niyyəti Makronun məhz bu hədəfinin göstəricisidir.
Qanunverici səviyyədə ərazi iddiaları müharibənin davam etməsi deməkdir. Belədirsə, hansı sülh barədə danışmaq olar? 30 illik işğala 44 gün 23 saata son qoyan Azərbaycan suverenliyinə qarşı yönəlmiş təhdidin aradan qaldırılmasını çox gözləyə bilməz. Paşinyanın ötən ilin sonundan etibarən rəsmi görüşlərdə geyinməyə başladığı papağını qarşısına qoyub düşünməsi vaxtıdır: əsas imic deyil, dövlətin və xalqın müqəddəratıdır.