Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

21 Nis 09:34Manşet / Cəmiyyət

Xalq artisti Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm”

 

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O “Züleyxa”, “Təhminə”, “Kleopatra”, “Şölə” və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır.

İllərdir, efirlərdən və mətbuatdan uzaq düşən aktrisa bu gün doğum gününü qeyd edir. Nadir hallarda müsahibəyə razı olan sənətkar əlamətdar günündə Moderator.az-a açıqlama verib.

“Hər il ilk təbriki əzizlərimdən, doğmalarımdan, ürəklərində hər zaman olduğum insanlardan alıram. Özü də gecə saat birə bir dəqiqə işləmiş. Ailə üzvlərimin ünvanıma söylədiyi xoş sözlər məni fərəhləndirir. Dostlarım, hətta mənim gənclik illərimdən rəfiqəlik etdiyim şəxslər, xarici ölkədə yaşayan tanışlarım bu gün mənə zəng edib. Müharibədən və pandemiyadan sonra doğum günlərimi elə də təntənəli qeyd etmirəm. Bir o qədər də həvəsli deyiləm. Bu gün mən Allahlayam. Bu günü özümə həsr edirəm”, - deyə sənətkar bildirib.

Xalq artisti filmlərdə çəkilməməyinin səbəblərindən də danışıb.

“Əgər mən unudulmuramsa demək ki, həyatda nəyəsə nail olmuşam. Heç vaxt özümü sənətdə sevməmişəm, sənətimi özümdə sevmişəm. Hətta tələbələrimə də bunu deyirdim ki, sənəti sevin. Sənəti sevsəniz onun bəhrəsini görəcəksiniz. Ümumiyyətlə həyatda nə edirsənsə sevə-sevə etməlisən. Allaha qurban olum. İndiyə kimi tanınıram. Hara gedirəmsə tanıyırlar, sevdiklərini söyləyirlər, şəkil çəkdirirlər. Əvvəl avtoqraf yazırdın, idni artıq telefonlar var. Şəkil çəkdirirlər. Hardasa yaxşı çıxırsan, hardasa pis (gülür). Artıq gənclik illəri deyil. Yenə də təkrar edirəm ki, işimi sevirəm. Amma əfsuslar olsun ki, maraqlı ssenari yoxdur. Məni maraqlandıran nəsə olsa böyük məmnuniyyətlə çəkilərəm də, efirlərə də çıxaram. Yetər ki, mənə maraqlı olsun. O material məni inandırsın, özünə cəlb etsin. Əgər belə olsa mən də sevə-sevə bu işi görərəm. Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm. İndiyə qədər oynadığım obrazlarımın hamısı yadda qalıb. Hətta bəzən bu gün mənə görüntülər yollayırlar. Düşünürəm ki, bu obrazın adı nə idi? Yadımdan çıxıb. Maşallah olsun, o qədər çox rollar oynamışam ki, məni sevənlərin yaddaşında qalıb, amma mən unutmuşam. Bütün rollarım mənim üçün əziz olub, doğma olub”, - deyə aktrisa qeyd edib.

Sənətkar bildirib ki, Akademik Milli Dram Teatrının səhnəsində Xalq artisti Hökümə Qurbanovadan sonra “Kleopatra” obrazını məhz özü oynayıb.

“Hökümə xanım çox böyük sənətkar idi. Amma qızı, rəhmətlik Vəfa Fətullayevaya görə məni bir az qısqanırdı. “Kleopatra” tamaşasından sonra mənə yaxınlaşıb demişdi ki, “səhnəni sənə tapşıra bilərəm”. Mən onun böyüklüyünü bu zaman anladım. Təbii ki, bu sözlər mənim üçün çox böyük alqış idi”, - deyə Xalq artisti bildirib.

Onu da qeyd edək ki, sənətkar teatr fəaliyyəti ilə yanaşı uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.