“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
93 saylı Ağdaş seçki dairəsindən namizəd Jalə Ağakişiqızı seçicilərinə MÜRACİƏTİ
Azərbaycan yeni seçkilərə öz suverenliyini və sərhədlərini tam bərpa edən bir ölkə kimi gedir. İkinci Qarabağ müharibəsində qazanılan zəfər ölkənin sosial dövlət olaraq inkişafını zəruri edir. Bu inkişaf xalqımızı dünyanın ən varlı və xoşbəxt xalqlarından biri etmək missiyası daşımalıdır. Bunu əsas götürərək Azərbaycanın sosial dövlət olaraq inkişafını və sosial demokratiyanın cəmiyyətdə bərqərar olmasını vacib hesab edir.
Ölkənin gələcəyi və inkişafı, sosial layihələrin həyata keçirilməsi indi qarşımızda duran əsas vəzifədir. İnsan ləyaqətinin uca tutulması, yüksək təhsil, əhalinin yaşlı təbəqəsinin sosial hüquqlarının qorunması və sosial təminatının artırılması, gənclərin iş və sosial həyatının təminatı, asudə vaxtının səmərəli təşkili bizim üçün əsas prioritetdir.
İnsanların bərabərlik, azadlıq və həmrəylik prinsipləri əsasında yaşamasını təmin edəcək, sinfi bölünmənin qarşısını alacaq, bununla da, xalqın azad və firavan yaşamasının təminatçısı olacağam;
- Azad və firavan yaşayan xalqın bütün sosial, siyasi, iqtisadi hüquqları tərəfimdən təmin ediləcək, insan hüquqlarının müdafiəsi və qorunması əsas baza prinsiplərimizdən biri olacaqdır;
- İnkişaf yolumuz təhsilin, səhiyyənin inkişafı və əhalimizin yaxşı yaşamasıdır.
- Beş il ərzində bütün kəndlərdə uşaq bağçaları təşkil olunması yönümdə addımlar atacam.
- Bütün orta məktəblərdə nəzəri dərslər, məşğələlər və təcrübi dərslərlə uzlaşdırılacaq. Yalnız nəzəriyyə ilə dərs keçmə prosesi birdəfəlik aradan qaldırılacaq;
- Test üsulunun tətbiqi yüksək keyfiyyətli və əhatəli bilik, o cümlədən təhsil sisteminin qarşısında maneəyə çevrilib. Ona görə də bu imtahan sistemini dəyişib müasir təhsil sisteminin sintezini yaratmaqla, rəqabət mühitini formalaşdıracağıq.
- Xaricdə təhsil alaraq orada işləyən və ölkədən xarciə gedən həkimlərin geri qayıtması ölkəmizdə insanların sağlamlığının keşiyində durmaları üçün stimullaşdırıcı proqramların qəbuluna başlanılacaq.
- Xarici ölkələrdə təhsl alan, orada işləyib təcrübə qazanan həkimlərin ölkəyə gəlib işləməsi üçün Dövlət İmtahan Mərkəzində daimi şəkildə fəaliyyət göstərən komissiya işləyəcək.
- Azərbaycan əhalisinin artım tempinin qorunub saxlanması və uşaqlara dövlət qayğısının təminatı üçün uşaq pulu veriləcək.
- Pensiya yaşı azaldılacaq. Qadınlar üçün 60, kişilər üçün 62 yaş pensiya yaşı kimi müəyyənləşdiriləcək;
- Bütün növ pensiyaların minimum məbləği üç-dörd il ərzində 700 manat həddində müəyyənləşdiriləcək və indeksləşdiriləcək;
- İşləmək üçün 65 yaş həddi kvotası aradan qaldırılacaq. İşləyib-işləməmək üçün sağlamlıq əsas meyar olaraq qəbul ediləcək.
- Təcrübəli yaşlı nəsillə işləməyə üstünlük veriləcək, yaşlı və gənc nəslin inteqrasiyası elə aparılacaq ki, cəmiyyətdə ayrı-seçkilik hiss olunmasın və illərlə toplanan dövlət idarəetmə təcrübəsi məhv olmasın;
- İpoteka şərtlərinin sadələşdirilməsi təmin ediləcək. Bununla da xeyli vətəndaş kateqoriyaları üçün ipotekanın əlçatanlığı mümkün olacaq. İpoteka məbləğinin artırılması, əmək haqqı tələbininin aşağı salınması və fazilərinin azaldılması əsas prioritet olacaq.
- Qaz və işıq limitlərinə üçillik güzəşt tətbiq olunacaq. Ondan sonra iqtisadi artım, əhalinin gəlirləri və s. nəzərə alınaraq, limitlə bağlı məsələyə yenidən baxılacaq.
- Əmək haqqlarının yeddi il ərzində ilkin olaraq azı iki-üç dəfə artırılması həyata keçiriləcək. Daha sonra əmək haqqları indeksləşdiriləcək və infliyasiyaya uyğun tənzimlənəcək.
- Regionlarda, xüsusilə kənd yerlərində elə şərait yaradılacaq ki, kənddə yaşamaq şəhərdə yaşamaqdan daha rahat olsun. Biz kəndlərdə infrastruktur yaratmalıyıq, iş yerləri açmalıyıq ki, mövcud urbanizasiyanın qarşısını alaq.
- Kənd əhalisi vəsait və texnika çatışmazlığından pay torpaqlarından səmərəli istifadə edə bilmir. Bu problemi aradan qaldırmaq üçün torpaqların kooperativlərdə birləşdirilməsi və birgə fəaliyyətlə bağlı proqram və layihələr həyata keçiriləcək;
- Regionların inkişafı üçün dövlət universitetlərinin fakültələrinin bir hissəsini rayonlara köçürmək əsas ideyalarımızdan biridir.
- Mənəvi dəyərlərin aşınmaması, cəmiyyətdə geriləmə olmaması üçün milli mədəniyyətimizin inkişafı qorunacaq, çap mediası, sosial media və televiziyaya nəzarət gücləndiriləcək. Gənc nəslin mənfi yöndə tərbiyələnməsinə rəvac verən veriliş və proqramlar qadağan ediləcək.