Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
İran İsraili niyə vurmadı? (ŞƏRH)
"Son iki həftə ərzində Qərblə İran arasında görünməyən qeyri-rəsmi intensiv danışıqlar aparılıb və burada Tehranın irəli sürdüyü müəyyən şərtlər qəbul edilib".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu İranın Doha danışıqları fonunda İsrailə cavab zərbəsi endirmək məsələsində yumşalmasını şərh edərkən deyib.
"Artıq bir neçə müddətdir ki, İranın İsrailə zərbələr endirəcəyilə bağlı ciddi müzakirələr aparılır. Bu zərbələrin nə vaxt endiriləcəyilə bağlı müxtəlif proqnozlar da səsləndirilib. Bu fonda daha çox ajiotajın yaradılmasının şahidi olurduq. Halbuki İranın İsrailə hansı şəkil və formada zərbələr vuracağı ilə bağlı yekdil rəy yox idi. Təbii ki, burada heç bir müharibədən söhbət gedə bilməz. Sadəcə olaraq, cari ilin aprelində endirilən zərbələrdən daha fərqli və bir qədər daha geniş miqyasda ola biləcəyi ehtimalları var idi. Yaxud da İranın nəzarətindəki proksi qüvvələr vasitəsilə hansısa bir əməliyyatların həyata keçiriləcəyi versiyaları mümkün kimi nəzərdən keçirilirdi", deyə Vüqar Zifəroğlu qeyd edib.
Ekspert bildirib ki, Doha görüşü fonunda İranın İsrailə cavab zərbələri məsələsinin ertələnməsi, bəlkə də ümumiyyətlə olmayacağı versiyaları ortaya çıxıb:
"Görünür, son iki həftə ərzində görünməyən intensiv danışıqlar gedib. Bu da qeyri-rəsmi danışıqlar masasında İranın müəyyən şərtləri irəli sürməsi və onların qəbul edilməsilə bağlı ola bilər. Bunun yaxın zamanlarda Yaxın Şərqin müəyyən yerlərində bəlkə də şahidi olacağıq. İran tərəfi belə bir açıqlama vermişdi ki, HƏMAS-la İsrail atəşkəsə imza atarsa, Tehran cavab zərbəsi endirməyi dayandırmağı bir daha nəzərdən keçirə bilər".
Vüqar Zifəroğluna görə, İranın İsrailə zərbə məsələsində yumşalmasında başqa bir məqam nüvə razılaşması ilə bağlıdır:
"ABŞ İrandakı prezident seçkilərindən sonra Vyana razılaşmasına qayıda biləcəyini açıqlayıb. Bu mənada həmin açıqlama nüvə razılaşmasının bərpa edilməsinə razılıq kimi qiymətləndirilə bilər. Bu da İranın müəyyən mənada maraqlarına cavab verir".
Ekspert düşünür ki, körfəz ölkələri və Yaxın Şərqdə marağı olan ölkələrin hər hansı bir ciddi müharibə və eskalasiyada maraqlı olmamaları da burada öz sözünü deyib:
"İranla İsrailin ciddi qarşıdurmaya getməsi nə Qərbə, nə də ərəb ölkələrinin maraqlarına cavab vermir. Bu həmçinin, İran və İsrailin maraqları ilə də ziddiyyət təşkil edir. Görünür, görünməyən danışıqlarda tərəflər hansısa məqamlarda razılığa gəlib".
Qeyd edək ki, Qəzza böhranı ilə bağlı Qətərin paytaxtı Dohada keçirilən danışıqlar fonunda İsrailə cavab zərbəsi endirməyi düşünən İran bu planından vaz keçmək qərarına gəlməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, İran və Livanın "Hizbullah" hərəkatı Qəzza zolağında atəşkəslə bağlı Dohada aparılan danışıqlar fonunda öz raket bölmələrinin döyüş hazırlığı səviyyəsini aşağı salıb. Bu barədə "The New York Times" məlumat yayıb. Nəşr qeyd edir ki, İsrail kəşfiyyat xidmətləri "Hizbullah" və İranın yumşaldığı qənaətinə gəlib.
Rüfət Sultan