Menu
Xəbər Lenti
Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

15 Eyl 12:22Manşet / Sosial / Cəmiyyət

Sevindik və Qızbəs haqda...

Mən 90-cı illərdə Bakı kəndlərindən biri Maştağada dünyaya gəlmişəm. Həm də ailənin üçüncü qız övladı kimi... 
Amma dramatik həyat hekayəsi gözləməyin. Çünki atamın məni o biri bacılarımdan belə çox sevdiyini iddia edə bilərəm. Tələbəlik illərində “Atam öldürər”, “qardaşım görməsin”, “6-dan sonradırsa, mən gələ bilməyəcəyəm” sözlərini eşidəndə dərk etmişəm ki, sağlam cəmiyyət ailələrdən - bizim kimi ölkələrdə isə daha çox atalardan başlayır.  
Ona görə ki, analar əksər hallarda sizin yanınızdadır. Səhv və ya düz düşünməyinizdən asılı olmayaraq, “mamalar” adətən dəstəkləyir. Təəssüf ki, qadınlarda həm də əks-cinsdən qorumaq instinkti də yaranıb. Onlar tullanan külqabıların, çırpılan stəkanların, göyə qaldırılan yumruqların sipəridir. Amma gözləntimiz bu olmamalıdır. 

Həyat təcrübəsi daha çox olan valideynlər yeniyetmələrin seçimlərinə reaksiya verməli, uzaqgörənlik göstərib xəbərdarlıq etməlidirlər. Valideynlər - ata və ana birlikdə! Ana uşağı atadan, ata övladı anadan qorumamalıdır. Qoruma instinkti yalnız xarici faktorlara qarşı işə düşə bilər.   
Gender tərəzisi adətən qadınlara nəzərən pozulduğundan, nümunəni onların üzərində aparmağa məcburuq. Oyuncaq maşın istəyən qızcığaza məcbur gəlincik alan ata artıq tarazı pozur. Ardınca məktəb çantasının çox vaxt çəhrayı seçilməsi, saçının uzun saxlanılması, idman məşğələlərinə soyuq yanaşma, “qardaşına olar, sənə yox”lar, “ərə gedərsən, nə qədər istəyirsən gəzərsən”lər, müəllimlik və ya digər humanitar peşə təklifləri gəlir. Yaxın gələcəkdə onlara “qadın sürücü, qadın vəkil” deyə xitab edəcəyik. Çətin ki, həmin qəlibə salınmış qızlardan gələcəyin alimi, qrossmeysteri, maşinisti çıxsın. Oğlan övladlarına ümid isə həmişə çoxdur. “Oğul bala” daha yaxşı sürücüdür, çünki uşaqlıqdan maşınla oynayıb, riyaziyyatı daha yaxşı bilir, çünki texniki fənlərə yönləndirilib, insanlarla daha yaxşı ünsiyyət qurur, çünki adam arasına daha çox çıxarılıb.  
Bərabərlik elə buradan başlamalıdır. Uşaq doğulanda oğlana Sevindik, qıza Qızbəs, Kifayət, Bəsti, Yetər qoyulan cəmiyyətlərdə qadın həmişə döyüləcək. Həm də adı yadına salınaraq...   

Böyüdüyümüz ailələr bizi əzəndə təsəlli öz quracağımız ailələr olur. Lakin instaqram fotolarında “qırmızı ürək”lə işarədiklərimizlə bəzən nəinki ailə, heç “puzzle” qura bilmirik. Şərhlərdən birində oxuduğum kimi: Bizdə ərə getməyən evdə qalmır, ərə gedən evdə qalır. 
BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayevin açıqlamasına görə, Azərbaycan selektiv abortlara görə 2 ildir ardıcıl olaraq dünyada birinci yeri tutur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən isə bu ilin yanvar-iyul aylarında doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faizdir. Ölkəmizdə cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.  
Eyni komitənin açıqladığı rəqəmlərdən görünür ki, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə cəmi 22,7 faizdir. Milli Məclisdə qadın deputatların sayı 17,9 faizə bərabərdir.  
Ailələrin övladlarını “qıza yaraşan” peşələrə yönləndirməsi də nəticəsini verib. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır.  
Orfoqrafik səhvlərlə bağlı izlədiyim səhifələrin birində aşağıdakı paylaşımı gördüm. Amma “Azərbaycan müəllimi”: 90 ilin izi” kitabından bir parça olduğu deyilən həmin hissədə diqqəti vergüllərdəki yox, məzmundakı səhvlər çəkir...

Güman ki, həmin mətni pedaqoqlardan biri yazıb. Amma bənzər fikirləri əksər postların altında oxuya bilərsiniz. Qatarın altında qalmaqdan son anda xilas edilən körpə ilə bağlı videonun şərhlərində hamı ananı axtarırdı. Hər kəs qadını qınayır, uşağı təhlükəyə atdığını deyirdi. Onun başının həmin an hansı məişət işinə qarışması, uşağı yanında görməyəndə keçirdiyi dəhşət, atanın o ərəfədə nə işlə məşğul olması heç kimi maraqlandırmırdı.   

 Bu cür şərhləri qətlə yetirilən qadınların fotosunun, xəbərlərin altında da çox görürük. Qadınların öldürülməsində mərhumların özünü günahlandırmaq adi hala çevrilib. Mübarizə həm də onlara cavab verməkdir. Qonşudan gələn dava-dalaş səsinə, döyülən qadınların çağırışına səs vermək şərtdir. Pəncərəni bağlasaq, səhərə qədər səsləri tamamilə kəsilə bilər. Bu davalarda ortada qalaraq ağlayan uşaqları belə biz düşünməliyik, çünki ana-ata məsuliyyətsiz ola bilər, cəmiyyətin məsuliyyətsiz olmağa haqqı yoxdur. Zorakılığı qardaşımız, atamız, anamız, bacımız etsə belə, reaksiya verməliyik.
Necə deyərlər, özümüz bunu etməməli, ətrafımızdakı şəxslərə də icazə verməməliyik. Çünki zorakılığın bir yolu da bunu adiləşdirərək biganəliyi yaymaqdır. 7 martda döyülən qadına 8 Martda gül almaq kimi. 
 Təkcə ona görə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 2023‐cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 49 cinayət qeydə alınıb. 

 Bu mövzularda “Zorakılıq pisdir, ya yox?” sualına cavab axtarmırıq. Bəllidir ki, zorakılıqdan kişilər də əziyyət çəkir. Ötən ilin 6 ayında məişət zorakılığı ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qaynar xəttinə ümumilikdə 146 müraciət daxil olub. Onlardan 23,3%-i kişilərin, 76,7%-i isə qadınların payına düşüb.  
Selektiv abortlarda qabaqda olsaq da, kişilər statistikada sona qədər öndə qala bilmir. Qeydə alınan ölüm saylarından görünür ki, ölkədə kişilər qadınlardan daha az yaşayır. Keçən il ölkədə 33 120 kişi, 27 030 qadın dünyadan köçüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu ilin iyununda yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı 270 nəfər təşkil edib. Onların 234 nəfəri qadın, cəmi 36 nəfəri kişidir. Yəni bizim ölkədə daha az kişi qocala bilir. 
Təəssüf ki, bunun da səbəblərindən biri qeyri-bərabərlikdir. Kişilərə yüklənmiş daha çox pul qazanmaq, möhkəm olmaq, ağlamamaq kimi yüklər onları hisslərini boğmağa məcbur edir. Uşaqlıqdan ona aşılanmış “kişilik stereotipi” nəticəsində problemlərini az qala, xanımı ilə belə bölüşə bilmir, pis vərdişlərə aludə olur, sinir sistemlərini məhv edirlər.   
 Əslində ictimai fəaliyyətlə məşğul olan əksər şəxslər qadın-kişi bərabərliyini məhz bu səbəblərdən istəyir. Bərabər hüquqlar = bərabər vəzifələr! Bu, qadınlarla kişilər arasında fərqlərin olmasını inkar etmir. Hətta liberal feminizmdə qəbul edildiyi kimi, qadına evdar və ya iş qadını olmaq kimi seçim də verilir. Yetər ki, heç nə məcburi olmasın.  
 Son statistika da mövzu ilə bağlıdır. Cari ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyi 26 837 nikah, 12 370 boşanma halı qeydə alıb. Rəqəmlərə əsasən, evlənənlərin təxminən yarısının boşandığını deyə bilərik. Qətl xəbərlərinin fonunda isə boşanma statistikaları daha sevindiricidir. Çünki ayrılıq həmişə ölümə bərabər olmur.
Nərminə Vəliyeva