“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
20 yaşlı qız anasından imtina edir: Səbəblər və çıxış yolları... - Mütəxəssislər danışır
Azərbaycanda 20 yaşlı qız anasından imtina etmək qərarını verib.
Qaynarinfo xəbər verir ki, qız bu barədə sosial şəbəkədə yazıb. Vəkillərdən dəstək istəyən qız anası tərəfindən zorakılığa məruz qaldığını əsas gətirib:
"20 yaşım var. Anamdan necə imtina edə bilərəm? Səbəb məişət, psixoloji zorakılıqdır".
Sosioloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin gənci evdən qaçıran səbəb zorakı ailə mühüti ola bilər:
"Bu barədə dəfələrlə deyirik. Bir insanı xoşbəxt, yaxud da bədbəxt edən əsas amil onun ailəsidir. Ana-ata, bir sözlə valideyn əzazildirsə, uşaq evdən bezir. Yox valideyn mehribandırsa, uşaq evə bağlanır, ata-anasını sevir. Evə bağlanan, valideyini sevən uşaqların gələcəkdə uğurlu, xoşbəxt bir vətəndaş olmaq ehtimalı çox yüksək olur. Evdən bezən, qaçmağa can atan bir uşağın sonralar həyatda uğur qazanmasl ehtimalı yüksək deyil. Bunu hamı bilməlidir. Belə məsələlərdə validenlər məsuliyyət daşıyır".
Sosiloq deyir ki, valideyn olmaq təkcə bioloji akt deyil:
"Valideyn olmaq həm də ağır məsuliyyətdir. Ailə quranlar valideyn olmağa hazır deyillərsə, uşaq dünyaya gətirməsinlər. Aqresivdirlərsə, əxlaqsız sözlər danışırlarsa, bütün günü evdə dalaşırlarsa onda dünyaya uşaq gətirməsinlər. Çünkü o uşağı bədbəxt edən 80% ailə mühütüdür. Nədir 20 yaşlı gənci ailədən imtina etmək səbəbi? Yalnız və yalnız cəhənnəmə çevrilmiş ailə mühitidir".
Bu halların qarşısını necə ala bilərik?
Mail Yaqub hesab edir ki, bu məsələdə dövlətin də üzərinə müəyyən məsuliyyət düşür:
"Eyni zamanda, insanların da üzərinə məsuliyyət düşür. Dövlət xüsusi proqramlar, yəni təlim-tədris proqramları hazırlamalıdır. Televiziyalarda, sosial şəbəkələrdə bir dəqiqəlik reklam çarxları, dərslər, verilişlər yayımlanmalıdır. Ailə psixologiyası dərsləri keçilməlidir. Bu gün valideynlərdən bir çoxu ata və ana olmağın nə demək olduğunu başa düşmür. Onlar elə başa düşür ki, uşaq zəifdirsə ona istəlinən kimi zor tətbiq edə bilərlər. Xeyr, belə deyil. Uşaq indi zəifdir, 20 yaşında artıq onlar zəif olmayacaq, səni atıb gedəcək. Ondan sonra sən tək qalacaqsan, ay valideynlər".
Peşəkar dəstək çox önəmlidir
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov hesab edir ki, məişət, psixoloji zorakılıq təəssüf ki, bəzi ailələrdə yaşanan və insanların həyatında dərin izlər buraxa bilən çətin bir mövzudur:
"Belə hallar insanların, xüsusilə də gənclərin emosional vəziyyətinə ciddi təsir göstərə bilər və bunun nəticəsində stress, depresiya və özünə güvən problemləri yarana bilər. Qız və ya oğlan olmasından asılı olmayaraq, hər bir insan bu cür təcrübələrdən təsirlənir və psixoloji çətinliklər yaşaya bilər. Belə vəziyyətlərdə peşəkar dəstək çox önəmlidir, çünki bir psixoloq və ya terapevtin köməyi ilə bu travmalarla mübarizə aparmaq daha asan ola bilər".
Elnur Rüstəmov Azərbaycanda zorakılığa məruz qalan şəxslərə dəstək göstərən təşkilatlar və qaynar xəttlərin mövcud olduğunu xatırladıb:
"Bu qurumlar vasitəsilə psixoloji, sosial və hətta hüquqi dəstək almaq mümkündür. Bəzi gənclər bu cür şəraitdən müstəqillik qazanmaq istəyir və yaşadıqları ailədən ayrılaraq öz həyatlarını qurmağı düşünürlər. Bu halda, dövlətin təklif etdiyi "ASAN Xidmət" və digər uyğun xidmətlərdən yararlanmaq olar. Bu cür addımlar, hər bir şəxsin sağlam və təhlükəsiz şəraitdə yaşama haqqını təmin etmək üçün atıla bilən mühüm addımlardır".
Azərbaycan qanunvericiliyi nə deyir?
Belə hallarla bağlı hansı cəza növləri nəzərdə tutulur? Hüquq müdafiəçisi Səməd Vəkilov övladın istəyi ilə valideyndən imtina etmək hüququ ailə qanunverciliyində müəyyən edilməyib:
"Qanunvericiliyə əsasən, insan doğularkən bu doğum faktı dövlət orqanı tərəfindən qeydə alınır. Doğum qeydə alınarkən doğulan uşağın valideynlərinin adları qeyd edilir. Bu qeydlər insanın bütün gələcək boyu onun valideynləri barədə məlumtların əsasını təşkil edir. Ailə məcəlləsinin 82.1-ci maddəsində isə yetkinlik yaşına çatmış övladın valideyni saxlamaq vəzifəsi nəzərdə tutulub. Maddədə deyilir ki, "Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar".
Bahar Rüstəmli