Menu
Xəbər Lenti
29 Ock 11:40Manşet / Gündəm

Böhtanın dili yox, məsuliyyəti var

 

(Bir yazıya cavab olaraq)

 

“Yalan ayaq tutar, lakin heç vaxt yeriməz” – bu deyim təsadüfi yaranmayıb. Çünki yalanın ömrü qısa, təsiri isə dağıdıcı olur. Böhtan isə yalana söykənəndə artıq fərdi mübahisə çərçivəsindən çıxır, cəmiyyət üçün təhlükəli silaha çevrilir. Təəssüf ki, bu gün media adı altında fəaliyyət göstərən bəzi platformalar məhz bu silahdan istifadə etməyi “jurnalistika” kimi təqdim etməyə çalışırlar.

Bu gün Azərbaycan güclü dövlətçilik mərhələsini yaşayır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin tarixində ən şərəfli səhifələri yazır. Belə bir zamanda ucuz sensasiya naminə tanınmış ziyalıların, dövlət qulluğunda çalışmış və çalışan şəxslərin adını əsassız iddialarla hallandırmaq açıq-aşkar təxribat və məsuliyyətsizlikdir.

Son günlər özünü “media resursu” kimi təqdim edən, lakin nə ictimai çəkisi, nə də peşəkar nüfuzu olan bir platforma yenidən köhnə üsula əl atıb. Fakt araşdırması aparılmadan, qarşı tərəfin mövqeyi öyrənilmədən gündəlik davranışı, tez-tez dəyişən halı və əhvalı böyük şübhələr doğuran bir şəxsin uydurma iddialarını tirajlamaq jurnalistika deyil. Bu, etik normalara zidd, hüquqi məsuliyyət yaradan davranışdır.

Məsələnin mahiyyəti isə tamam fərqlidir. Söhbət Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Asəf Əliyevdən gedir. Bu şəxsin uzun illərdir ailə üzvləri ilə mülkiyyət üstündə davam edən mübahisələri, problemləri məhkəmə yolu ilə deyil, gərginlik və təzyiq yolu ilə həll etməyə çalışması rayonda kifayət qədər məlum faktdır. Şəxsi ailədaxili qarşıdurmanı “məmur təzyiqi” kimi təqdim etmək isə reallığın təhrif olunmasından başqa bir şey deyil.

Qəribə isə burasındadır ki, bu uydurulmuş məlumatı ilkin olaraq kütləvi informasiya vasitələrində yayan, uzun illərdi ki, Yusifov qardaşları haqqında şər və böhtan yaymaqla məşğul olan bir sayt sahibidir.

Bu şəxs həm də Asəf Əliyevin, hətta öz ailəsi barəsində verdiyi yalan informasiyaları yaymaqla məşğul olmuşdur, çünki bu yalanlar həm Asəf Əliyevin, həm də sayt sahibinin şəxsi maraqlarına yararlı olmuşdur.

Məlum olduğu kimi, Asəf Əliyevin qardaşına məxsus olan ata mülkünün bir hissəsi qanuni qaydada, tərəflərin qarşılıqlı razılığı əsasında satılıb. Bu satış nə şişirdilmiş qiymətlə, nə də hər hansı məcburiyyətlə həyata keçirilib. Sonradan isə həmin satışın arxasında şəxsi ailə münaqişəsinin dayandığı üzə çıxıb. Hətta ailə üzvlərinin bu gərginliyin təhlükəli həddə çatacağı ilə bağlı narahatlıqları belə, vaxtilə açıq şəkildə dilə gətirilib.

Buna baxmayaraq, sonrakı mərhələdə Asəf Əliyevin həmin mülkiyyəti alan şəxslərə qarşı süni maneələr yaratdığı, obyektin normal fəaliyyətinə bilərəkdən əngəl törətdiyi faktları mövcuddur. İctimai əraziyə aid olan bir sahəni “şəxsi mülk” kimi təqdim edib qalmaqal yaratmaq, avtomobillərlə gediş-gəlişi bağlamaq, dəfələrlə polis müdaxiləsinə səbəb olmaq bu münaqişənin real mənzərəsidir.

Daha da acınacaqlısı odur ki, bu şəxsi mübahisəni ört-basdır etmək üçün dövlət qulluğunda çalışmış, elmi və ictimai nüfuzu olan insanların adları məqsədli şəkildə hallandırılır. Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifovun, eləcə də vaxtilə maliyyə sistemində məsul vəzifələrdə çalışmış Cavanşir Yusifovun bu məsələyə heç bir aidiyyəti yoxdur. Bu şəxslər tutduqları vəzifələrdən asılı olmayaraq hər zaman dövlətə, dövlətçiliyə sədaqətləri ilə tanınıblar və bunu əməlləri ilə sübut ediblər.

Daimi olaraq şər və böhtanla məşğul olan saytda göstərildiyi kimi, doğrudan da, çox da böyük olmayan bu obyekt (300-320 yerlik zalı var) Rüfət Yusifov tərəfindən satın alınmışdır. Apardığımız araşdırmalardan görünür ki, Rüfət Yusifov sahibkarlıqla məşğul olan, bu hesaba xeyli qazanc əldə etmək imkanı olan bir vətəndaşdır. Saytdakı məqalədən belə görünür ki, atası dövlət məmuru olduğu üçün Rüfət Yusifov öz vəsaiti hesabına hər hansı bir əmlak almamalıdır, belə ki, “ağzıgöyçəklər” dərhal bunu onun atasının adına çıxacaqlar. Göründüyü kimi, məqalə qərəzli yazılmış, hətta qarşı tərəfin fikirlərinin öyrənilməsinə cəhd də edilməmişdir.

Bir daha açıq şəkildə bəyan edirik: böhtan yazmaq jurnalistika deyil. Media adı altında kiminsə şəxsi münaqişəsinə alət olmaq nə peşəkarlıqdır, nə də etik davranış. Əgər irəli sürülən iddialar faktlarla təsdiqlənmirsə, bu, artıq hüquqi məsuliyyət yaradan əməldir.

İnanırıq ki, aidiyyəti dövlət qurumları bu məsələni diqqətlə araşdıracaq, məqsədli şəkildə yalan və iftira yayanlara hüquqi qiymət veriləcək. Heç kim media pərdəsi arxasında dövlət məmurlarının, ziyalıların və sadə vətəndaşların şərəf və ləyaqətinə toxunmaq hüququna malik deyil.

Eyni zamanda, biz jurnalist etikasına sadiq qalaraq bildiririk: qarşı tərəfin mövqeyini dinləməyə və faktlara əsaslanan cavabını dərc etməyə hazırıq. Çünki həqiqət hər zaman açıq müzakirədən, obyektivlikdən və məsuliyyətdən qorxmur.

Mehri Nur