Menu
Xəbər Lenti
29 May 08:43Manşet / Gündəm / İdman

Dünya çempionatına 13 gün qaldı: ARGENTİNA - "La Albiceleste"

 

Argentina millisi ("La Albiceleste", "La albiseleste" - "Ağ-göylər") dünya futbolunun son illərdəki mütləq zirvəsidir. 2022-ci ildə Qətərdə qazanılan möhtəşəm çempionluqdan sonra onlar Şimali Amerikaya son dünya çempionu statusunda, titullarını qorumaq üçün gedirlər.

DÇ-2026 komandanın turnirdəki 19-cu iştirakı olacaq. Lionel Skaloninin yetirmələri həm dünya, həm də qitə çempionu (2024 CONMEBOL Amerika Kubokunu qoruyaraq) statusu ilə yanaşı, Cənubi Amerika təsnifat mərhələsinin mütləq qalibi kimi turnirə qatılacaqlar.

Uzun illərdir komandanın tilsimi olan Lionel Messinin rəhbərliyi ilə argentinalılar qonşuları və əzəli rəqibləri Braziliyanın 1958-ci ildə İsveçdə və dörd il sonra Çilidə əldə etdiyi uğurdan bəri Dünya Kubokunu ardıcıl alan ilk komanda olmağa çalışacaqlar.

Oxu.Az Argentina futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.

Dünya çempionatına 13 gün qaldı: ARGENTİNA - La Albiceleste - VİDEO

Skaloni ilk dəfə 2018-ci ilin avqustunda Xorxe Sampaolinin 2018-ci il turnirinin 1/8 finalında gələcək çempion Fransaya qarşı məğlubiyyəti ilə başa çatan təlatümlü fəaliyyətindən sonra müvəqqəti olaraq baş məşqçi postuna keçmişdi. Lakin Sampaolinin köməkçisi kimi çalışmış sabiq sağ cinah müdafiəçisi və yarımmüdafiəçisi komandaya öz damğasını müxtəlif yollarla vurmaq üçün vaxt itirməmişdi.

Skaloni yenidənqurma işlərinə heyəti yeniləməklə başlamış və Covani Lo Selso, Rodriqo De Paul və Lautaro Martines kimi oyunçuları komandanın əsas fiqurlarına çevirmişdi. Daha sonra o, topa sahib olmağa əsaslanan hücumyönümlü yanaşmaya keçərək oyun üslubunu təkmilləşdirmişdi. Nəhayət, ən mühüm detal - qalibiyyət mentalitetinin aşılanması prosesi baş tutmuşdu ki, bunun da ən önəmli addımı Argentinanın, demək olar ki, üç onillik davam edən böyük kubok həsrətinə son qoyduğu 2021-ci il Kopa Amerika olmuşdu. Bu təkanla o, ölkəsini "Finalissima"ya, 2022-ci ildə dünya çempionatı zəfərinə və ardıcıl ikinci qitə tituluna qədər daşımışdı.

Argentinanın ilk dünya çempionatı

Cənubi Amerikanın güclü komandası ən başından bəri dünya çempionatının baş qəhrəmanlarından biri olub. Onlar 1930-cu ildə keçirilən ilk tədbirdəki cəmi 13 komandadan biri olmuş və ev sahibi Uruqvayla üz-üzə gəldikləri finala qədər yüksələrək mükəmməl bir turnir keçirmişdilər. İlk on beş dəqiqə ərzində geriyə düşmələrinə baxmayaraq, Argentina vəziyyəti dəyişərək 2:1 önə keçmiş, lakin yekunda qonşularına 2:4 hesabı ilə məğlub olmuşdu. Səkkiz qol vuran Gilyermo Stabile argentinalıların əsas siması olmuş və turnirin bombardirləri cədvəlinə başçılıq etmişdi.

Dünya çempionatına 13 gün qaldı: ARGENTİNA - La Albiceleste - VİDEO

Argentinanın son dünya çempionatı

Qətərdə Argentina üçün hər şey öz yerini tapmışdı. Hətta açılış oyununda Səudiyyə Ərəbistanına qarşı gözlənilməz məğlubiyyət belə Cənubi Amerika nəhənglərinin xeyrinə işləmiş kimi görünürdü. Bu nəticə turnirə ehtiyat oyunçu kimi başlayan Xulian Alvares və Enzo Fernandes kimi futbolçuların əsas töhfəvericilərə və yekunda ilk onbirliyin daimi üzvlərinə çevrilməsinə yol açmışdı. Eyni zamanda, bu vəziyyət dərhal toparlanaraq əvvəlcə Meksika, sonra isə Polşaya öz gücünü göstərən Skaloni yetirmələrini daha da həvəsləndirmişdi.

Dünya çempionatına 13 gün qaldı: ARGENTİNA - La Albiceleste - VİDEO

Argentinalılar pley-off mərhələsində əsl ritmlərini tapmışdılar. 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə mübarizədən kənarlaşdırdıqdan sonra, gərgin keçən 2:2 hesablı heç-heçənin ardınca Niderlandı penaltilər seriyasında məğlub etmişdilər. Yarımfinalda Xorvatiyanın 3:0 hesabı ilə darmadağın edilməsi müəyyən qədər rahatlıq gətirsə də, final əsl həyəcan fırtınası olmuşdu. "Albiseleste" əsas vaxtın bitməsinə on dəqiqə qalmış son çempion Fransaya 2:0, əlavə vaxtın sonunda isə 3:2 hesabı ilə qalib gəlirdi, lakin kuboku, nəhayət, əldə etmək üçün əsəbləri tarıma çəkən daha bir penalti seriyasına ehtiyac duyulmuşdu.




Argentinanın ən yaxşı dünya çempionatı

"Albiseleste" dünya kubokunu üç dəfə başı üzərinə qaldırıb və hər dəfə bu qələbə xüsusi bir dad verib, müəyyən simvollarla yadda qalıb.

İlk zəfər 1978-ci ildə öz meydanlarında, Mario Kempesin Sezar Luis Menottinin rəhbərliyi altındakı yüksək təşkilatlanmış komandaya sehr qatdığı zaman gəlmişdi.

Səkkiz il sonra Meksikada, Karlos Bilardonun baş məşqçiliyi altında Dieqo Maradona unudulmaz şəkildə səhnəni fəth etmişdi.

2022-ci ildə isə Lionel Messi bir ilk olmayaraq Maradonanın izi ilə gedərək, komandasını çempionluğa ruhlandırmış və ən böyük mükafat uğrunda epik axtarışına son qoymuşdu.

Dünya çempionatına 13 gün qaldı: ARGENTİNA - La Albiceleste - VİDEO

Argentina DÇ-2026-ya vəsiqəni necə qazanıb?

Skaloninin komandası qlobal turnirdə yerini təmin etmək üçün Cənubi Amerika təsnifat mərhələsinin 14-cü turunda Boliviya və Uruqvay arasında qeydə alınan heç-heçəyə borclu idi. Bu zaman onların hələ beş oyunu var idi və "El Monumental" stadionunda Braziliya ilə maraqla gözlənilən qarşılaşma hələ başlamamışdı.

Əzəli rəqibini 4:1 hesabı ilə məğlub edərək 19-cu dünya çempionatına vəsiqəni möhtəşəm şəkildə qeyd edən Argentina ən yaxın izləyicisi Ekvadoru 9 xallıq böyük fərqlə qabaqlayaraq təsnifatı birinci yerdə başa vurmuşdu.

Dünya çempionatına 13 gün qaldı: ARGENTİNA - La Albiceleste - VİDEO

DÇ-2026-da Argentinanın oyun cədvəli (Bakı vaxtı ilə)

Argentina DÇ-2026-da J qrupunda İordaniya, Avstriya və Əlcəzayir millilərinə qarşı mübarizə aparacaq.

J qrupu:

17 iyun, 05:00, Argentina - Əlcəzair (Kanzas-Siti stadionu);

22 iyun, 21:00, Argentina - Avstriya (Dallas stadionu);

28 iyun, 06:00, İordaniya - Argentina (Dallas stadionu).

Argentinanın dünya çempionatlarında ən çox qol vuran oyunçusu

Dünya çempionatının beş buraxılışında (2006-dan 2022-ci ilə qədər) iştirak etməsinə baxmayaraq, komandanın hazırkı ulduzu Messi hələ də turnirin ən yaxşı bombardiri ola bilməyib. Bu, Dohada ölkəsinin kapitanı kimi çempionluq yaşayaraq ömürlük arzusunu reallaşdıran veteranın əldə edə bilmədiyi nadir titullardan biridir.

Dünya çempionatına 13 gün qaldı: ARGENTİNA - La Albiceleste - VİDEO

Həqiqətən də, bir çox digər nailiyyətləri arasında Messi 13 qolla Argentinanın qlobal turnirdə bütün zamanların ən sərrast oyunçusu olmaq fəxrinə sahibdir. Siyahıda onu dünya çempionatlarında on dəfə fərqlənən Qabriel Batistuta izləyir.




Argentinanın dünya çempionatlarında ən çox oyun keçirən futbolçusu

Messi, nəinki ölkəsinin dünya çempionatında iştirak cədvəlinə başçılıq edir, o cümlədən bu yarışda hər hansı digər milliyyətdən olan bütün oyunçulardan daha çox oyuna çıxıb.

Bu statistika təkcə hücumçunun idman uzunömürlülüyündən deyil, həm də Argentinanın dünya çempionatındakı böyük nüfuzundan xəbər verir. Messi beş turnir ərzində 26 dünya çempionatı matçında iştirak edib.

Dünya çempionatına 13 gün qaldı: ARGENTİNA - La Albiceleste - VİDEO

Argentinanın ən böyük dünya çempionatı qələbələri

Argentina ən böyük səhnədə iki dəfə altı 6 qolluq fərqlə qələbə qazanıb. 21 iyun 1978-ci ildə ikinci qrup mərhələsində Perunu 6:0 hesabı ilə darmadağın edib və 16 iyun 2006-cı ildə qrup oyununda Serbiya və Monteneqroya qarşı eyni ssenarini təkrarlayıb.

Hər iki qarşılaşma diqqətçəkən hesabdan başqa da əhəmiyyət kəsb edirdi. 1978-ci ildəki ilk matç Menottinin yetirmələrini top fərqinin həlledici olduğu halda Braziliyanın hesabına Buenos-Ayresdəki finala daşımışdı. Həmin gün həm Kempes, həm də Leopoldo Luke dubl edərək parlamışdılar. Serbiya və Monteneqroya qarşı olan ikinci hal, Messinin dünya çempionatlarındakıqol hesabını açması ilə yadda qalmışdı. Lakin həmin oyun bəlkə də ən çox Esteban Kambiassonun tamamladığı və geniş şəkildə bütün zamanların ən böyük komanda qollarından biri hesab edilən 25 paslıq kombinasiya ilə xatırlanır.




Argentinanın dünya çempionatındakı yaddaqalan anları

Argentina dünya çempionatının ən parlaq anları mövzusunda böyük bir xəzinəyə sahibdir, buna görə də yalnız bir neçə xüsusi epizodu seçmək olduqca çətin məsələdir. Şübhəsiz ki, ən mühüm mərhələlərdən biri 1978-ci ildə baş vermişdi. O zaman istedadlı texniklərlə dolu komanda, bu gün də "Albiseleste" üçün təməl rolunu oynayan topa sahibolma fəlsəfəsi və xarakteri ilə dolu tribunaları valeh etmişdi. Finalda Niderland üzərində əlavə vaxtda qazanılan 3:1 hesablı qələbə turnirə qalıcı bir miras bəxş etmişdi.

Maradonanın 1986-cı ildəki yarışı sözün əsl mənasında ələ keçirməsi və öz iradəsinə tabe etməsində sanki fövqəltəbii bir şey var idi. Xüsusilə, bu əfsanəvi hücumyönümlü yarımmüdafiəçinin dörddəbir finalda İngiltərəyə və yarımfinalda Belçikaya qarşı vurduğu dubllar əsl əfsanəyə çevrilib. Dörd il sonra, yenə Maradonanın mərkəzdə olduğu Bilardonun komandası titulu qorumağa çox yaxın olsa da, buna nail ola bilməmiş, lakin yenə də ölkəsini qürurlandırmışdı. Finalda Almaniyaya məğlub olduqdan sonra Buenos-Ayresə qayıdan komandanı minlərlə insan qarşılamışdı.

Dünya çempionatına 13 gün qaldı: ARGENTİNA - La Albiceleste - VİDEO

Messi eyni dərəcədə sevinc və kədər kombinasiyasını yaşayıb, hərçənd bu, fərqli ardıcıllıqla baş verib. 2014-cü ildə Marakanada həlledici kubok matçında Almaniya millisinə məğlubiyyət bacarıqlı hücumçu üçün qəbul edilməsi çox acı bir zərbə idi. Buna baxmayaraq, Rosarioda doğulmuş ulduz Qətərdəki nağılvari sonluq sayəsində bu kabuslardan xilas olmağı bacarmışdı.

Argentina millisi Şimali Amerikaya son çempion olmağın verdiyi böyük özünəinam və eyni zamanda, çiyinlərindəki ağır məsuliyyətlə gedir. Lautaro və Alvaresin hücumları, Enzonun ötürmələri "Albiseleste"ni yenidən dünya zirvəsinə daşıya biləcəkmi?