1700 illik nadir “Odisseya” parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin “Odisseya” əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib.
“Qafqazinfo” xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mark de Kreyc Utrext Universitetinin kolleksiyasında saxlanılan erkən xristian əlyazmalarını araşdırarkən oyun kartı ölçüsündə kiçik bir kağız parçasına rast gəlib.
Əsərdəki qədim yunan dilini tanıyan De Kreyc fraqmentin Homerin məşhur eposuna aid olduğunu müəyyənləşdirib.
Təxminən eramızın 300-cü illərinə aid olduğu müəyyənləşdirilən fraqmentin Misirin Fayum düzündə yaşayan bir şəxs üçün hazırlanmış cib ölçülü “Odisseya” nəşrindən qaldığı ehtimal edilir.
Tədqiqatçılar bildiriblər ki, fraqmentin hər iki tərəfində nəmlik izləri və yazılar var. Əsərin kənar hissələrinin zamanla aşınması səbəbindən bu parçanın kitabın ortalarından qaldığı düşünülür.
Mütəxəssislərin sözlərinə görə, həmin dövrə aid dünyada cəmi 30-a yaxın oxşar “Odisseya” nümunəsi məlumdur.
Aşkar edilən fraqment “Odisseya”nın 12-ci kitabından bir hissəni əhatə edir. Burada Odisseyin aclıqdan əziyyət çəkən dənizçilərinin Günəş tanrısı Helios üçün müqəddəs sayılan mal-qaranı kəsməsi və yeməsi təsvir olunur.
Doktor De Kreyc bu hissənin eposun oxunması ən maraqlı və əyləncəli bölmələrindən biri olduğunu bildirib.






















































