Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
“Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməli qoyulub
Mayın 26-da “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, 1000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerjisisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.
Bir çox dövlətlərin marağında olduğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası layihənin həyata keçirilməsi üçün üçmərhələli planlaşdırma aparılıb. Bunun üçün birinci mərhələdə istismar müddəti başa çatan və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyaları genişləndirilərək tamamilə yenidən qurulacaq.
Prezident İlham Əliyev “Cəbrayıl” enerji qovşağının təməli qoydu.
Bildirildi ki, “Ağcabədi” yarımstansiyasından 132, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksək gərginlikli 330 kilovoltluq ötürmə xətti çəkiləcək. Ən əsası isə Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyası tikiləcək. “Cəbrayıl” enerji qovşağının inşası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü elektrik şəbəkəsinin etibarlılığı və dayanıqlılığı artırılacaq. İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerjisistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikanın Şahtaxtı kəndinə 255 kilometr məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq “Şahtaxtı” yarımstansiyası tikiləcək. Üçüncü mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə ikidövrəli 400 kilovoltluq elektrik verilişi xətti çəkiləcək.
Diqqətə çatdırıldı ki, “Cəbrayıl” yarımstansiyasının rəqəmsal idarəetmə sistemi yaradılacaq. Yarımstansiyada 330 və 110 kilovoltluq açıq, 10 kilovoltluq qapalı paylayıcı qurğular və müasir idarəetmə mərkəzi inşa olunacaq. Mövcud layihələrin yarımstansiyaya inteqrasiyası ilə bərabər, gələcəkdə burada genişlənmə imkanları nəzərə alınmaqla əlavə əsas və köməkçi qurğuların yerləşməsi də nəzərə alınacaq.
Qeyd edək ki, “Cəbrayıl” enerji qovşağı beynəlxalq enerji dəhlizinin yaradılması sahəsində ölkəmizin əhəmiyyətinin bariz nümunəsidir.