Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
“Böyük qayıdış” dediyimiz prosesə start verdik. -Prezident İlham Əliyev
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Mərasimdə iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kənd sakinləri ilə görüşüblər.
Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.
“Böyük qayıdış” dediyimiz prosesə start verildi. “Böyük qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır.
Bu fikirləri Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.
Dövlət başçısı bildirib:
"Bu il də investisiya proqramı təsdiq olunub və proqrama əlavələr də ediləcək. Mən bu gün bunu bəyan etmək istəyirəm. Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur. Ona görə biz bu əlavə gəlirləri və iqtisadi imkanlarımızı səfərbər etməliyik ki, vaxt itirmədən azad edilmiş torpaqlarda daha böyük həcmdə iş görək. İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik.
Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Onu da hamımız bilməliyik ki, minatəmizləmə işi hələ də davam edir və əlbəttə ki, burada hər şey, bütün ərazilər minalardan təmizlənib. Əlbəttə, burada yaşayacaq insanlar bunu nəzərə almalıdırlar ki, ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar.
Bu gün biz Müstəqillik Günü ərəfəsində görüşürük. Onu da deməliyəm ki, keçən il Müstəqillik Günündə mən Ağdam şəhərində idim, Ağdam sakinləri ilə görüşmüşdüm və Ağdam şəhərinin Baş planını təsdiqləmişdim. Bu il də planlaşdırırdım ki, Müstəqillik Günündə burada olum. Ancaq bildiyiniz kimi, sabah qardaş ölkənin - Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü bərabər qeyd edəcəyik. Ona görə mən bir gün əvvəl gəldim, amma yenə də Müstəqillik Günü ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq. Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi. “Böyük qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır. Sizi təbrik edirəm".
Fəxrlə deyə bilərik ki, Azərbaycan dövləti Qarabağda tarix yazmaqda davam edir. Azad edilmiş ərazilərimiz sıfırdan qurulur, sürətlə bərpa edilir. Bu tarixi proseslərə şahidlik etmək, azad Qarabağın yenidən qurulmasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını izləmək Azərbaycan xalqına böyük qürur verir. Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağıllı kənd” layihəsinin işğaldan azad olunmuş ərazilərdə tətbiqi Böyük Qayıdış proqramının icrasında davamlı səmərəli nəticələrə gətirib çıxaracaq.
Bütün işlər Azərbaycan Prezidentinin ciddi nəzarəti altında, mərkəzləşdirilmiş qaydada, sürətlə və ən müasir texnologiyalar əsasında aparılır. Bu onun göstəricisidir ki, Prezident və xanımı azad edilmiş ərazilərin bərpasında müasirliyə son dərəcə böyük önəm verir. Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxır, şəhərlərimiz, kəndlərimiz necə böyük qəhrəmanlıq və qətiyyətlə işğaldan azad edilibsə, eyni əzm və həvəslə də yenidən qurulur"